Ana səhifə

SMDT Vəfa Nağıya qarşı təzyiq göstərən şəxslərin məsuliyyətə cəlb olunmasına çağırır

    Tarix: 26-06-2020 12:14   


 
Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinin sədri Əlibala Səlimov və həmin bələdiyyənin üzvü Vəfa Nağı. Foto: AzərTAc, BBC. Kollaj: mikroskop media

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağıya təzyiqləri pisləyib. 

Təşkilat bu barədə bəyanat yayıb. Sənəddən deyilir ki, Vəfa Nağıya qarşı son iki ay ərzində təzyiqlər müşahidə olunur və SMDT bundan narahatdır.

“SMDT qeyd edir ki, Vəfa Nağı Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinə üzv seçildikdən sonra bu qurumun hesabatlı və şəffaf qaydada çalışması üçün qanun çərçivəsində səylər göstərmiş, bələdiyyə sədrinin qanunauyğun şəkildə iclasları keçirməsini təklif etmiş, habelə bələdiyyə sədri Əlibala Səlimovdan bələdiyyənin maliyyəsinin əsaslarını öyrənməyə çalışmışdır. Bununla bağlı son dəfə iyunun 8-də Vəfa Nağı rəsmi qaydada müraciət edərək, bələdiyyənin büdcəsi və mülkiyyətinə dair məlumatların açıqlanmasını tələb edib. Ancaq bələdiyyə sədri Əlibala Səlimov bu müraciətləri cavablandırmaq əvəzinə Vəfa Nağıya qarşı gözdənsalma kampaniaysına başlayıb, ona və yaxınlarına təzyiq edib”.

SMDT bildirib ki, Xolqaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağıya qarşı təzyiq və gözdənsalma kampaniyasını yerli icra strukturları da himayə edib.

“Məsələn, iyunun 10-da Vəfa Nağının qardaşı Elşən Nağıyev Neftçala rayon polis idarəsinə dəvət olunub və onun 100 manat məbləğində inzibati qaydada cərimə olunduğu bildirilib. Buna səbəb kimi 15 aprel 2020-ci ildə Xolqaraqaşlı kəndində keçirilən etiraz aksiyasında iştirakı göstərilib. Ancaq həmin aksiyada 50-dən artıq kənd sakini iştirak etsə də, cərimə olunan yalnız Vəfa Nağının qardaşı olub.

İyunun 16-da keçirilmiş bələdiyyə iclası Vəfa Nağı ilə bələdiyyə sədri arasında mübahisə ilə keçib və bundan sonra Xolqaraqaşlı kəndində yenidən gözdənsalma hərəkətləri başlayıb. Bir qrup şəxs Vəfa Nağının “Lady Gaga” yazılmış çimərlik şəkillərini kənd ərazisində yayaraq, onunla bağlı kənd sakinlərinin rəyini dəyişməyə və gözdən salmağa çalışıblar”.

Təşkilat hüquq-mühafizə orqanlarına müraciət edərək, baş verən olaylarla bağlı müvafiq tədbirlər görməyə, Vəfa Nağıya qarşı təzyiqlərin ətraflı araşdırmağa, ona təzyiq göstərən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırır.




Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net