Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İtaliya prezidenti Bakıya niyə gəldi? – Nəzərdən qaçan xəbər

18-07-2018, 11:55   

 


   
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri hər iki ölkənin siyasi, iqtisadi, təhsil və digər sahələrdə əlaqələrinin inkişafı ilə yanaşı, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin nəzərdə tutulan zaman kəsiyində reallaşması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Axar.az xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, səfərin alternativ qaz tədarükçüsü olan ölkələrin regionda və Avropada yayımlanan kütləvi informasiya vasitələrində apardığı uğursuz anti-TAP kampaniyasına son qoyacağı da şübhəsizdir:
“Təəssüf ki, Azərbaycanın bəzi ekspertləri və kütləvi informasiya vasitələri də ilkin mənbələrdən alınan məlumatlara istinad etmədən Cənub Qaz Dəhlizinə qarşı çıxış edən dairələrin məlumatlarına əsaslanırlar. Xatırladım ki, bir neçə gün öncə İtaliya hökumətinin müsbət rəyi əsasında Avropa Yenidənqurma və İnkişaf Bankı TAP (Trans Adriatic Pipeline) layihəsinin başa çatdırılması üçün 500 milyon avro vəsait ayrılıb. Onu da xatırladım ki, İtaliya hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankının səhmdarlarından biridir və bankın 8,52% səhm paketinə nəzarət edir. İtaliya hökumətinin razılığı olmadan layihənin başa çatdırılması mümkün deyil. Ola bilsin ki, İtaliya hökumətinin təmsilçiləri arasında layihənin əleyhinə hansısa siyasi maraqlar, yaxud öhdəliklər müstəvisindən çıxış edənlər var. Lakin əsas səsləndirilən mülahizələr və onların ayrı-ayrı kütləvi informasiya vasitələri və ekspertlər tərəfindən yozulması deyil. Önəmli olan qəbul edilən qərarlar və İtaliya hökumətinin TAP-la bağlı öhdəliklərinə əməl etməsidir”.
Analitik vurğulayıb ki, İtaliyanın nüfuzlu ekspertləri bu amilləri nəzərə alaraq layihənin vaxtında başa çatdırılacağını bildirirlər:
“Son olaraq İtaliya Həmkarlar İttifaqı Konfederasiyası da layihəyə dəstək bəyanatı ilə çıxış edib. İtaliya Həmkarlar İttifaqı Konfederasiyası ölkənin ən nüfuzlu təşkilatıdır və hökumətə qarşı ciddi təzyiq imkanlarına malikdir. Bu bəyanatdan və Avropa Yenidənqurma və İnkişaf Bankının İtaliya hökumətinin təşəbbüsü ilə qəbul etdiyi qərardan sonra ayrı-ayrı siyasətçilərin və bəzi qeyri-hökumət təşkilatlarının layihə ətrafında yaratmaq istədikləri ajiotaja da son qoyulub. İtaliya ekspertlərinin apardıqları son araşdırmalara görə, bəzi kütləvi informasiya vasitələrində layihə ilə bağlı yayımlanan məlumatlarda ziddiyyətli informasiyalara istinad edilib. TAP-ın keçdiyi ərazilərin yerli orqanları və əhalisi bu layihədən ölkənin böyük geosiyasi, iqtisadi, sosial və hətta ekoloji üstünlük əldə edəcəyini bildirirlər. TAP İtaliyanın enerji sektoru üçün də həyati əhəmiyyət kəsb edir. Çünki digər aparıcı Avropa ölkələrindən fərqli olaraq, İtaliyada elektrik enerjisi istehsalının 50%-dən çoxu təbii qazdan asılıdır. Bu baxımdan geosiyasi risklər təkcə Avropa İttifaqının deyil, İtaliyanın öz maraqları baxımından da enerji dəhlizlərinin diversifikasiyasını zəruri edir”.
Analitikin sözlərinə görə, İtaliya operatorları TAP vasitəsilə 25 il ərzində idxal ediləcək təbii qazın 35 milyard kub metrini uzunmüddətli müqavilələrlə alıblar:
“İtaliya Həmkarlar İttifaqı Konfederasiyası da bu amilləri, həm də layihənin yeni iş yerlərinin açılmasına imkan yaradacağını, məşğulluğu artıracağını nəzərə alaraq, konsensus əldə etdiyini bəyan edib. Bütün bunları xatırlatmaqda məqsədim TAP-ın icrasına mane olan bütün əsas amillərin aradan qaldırılmasını vurğulamaqdır. İtaliya prezidentinin ölkəmizə səfəri də bunu bir daha sübuta yetirir. Bu səfər eyni zamanda Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki aparıcı mövqeyini nümayiş etdirir”.
Qeyd edək ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ölkəmizdə səfərdədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar