Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TÜRKİYƏNİN “SÜLH ÇEŞMƏSİ” ƏMƏLİYYATININ ÜÇ MÜMKÜN İNKİŞAF SSENARİSİ:“Ankara Dəməşqlə diplomatik təmasa girməyə məcburdur”

12-10-2019, 12:16   

Mehmet Tezkan

T24 (Türkiyə)11.10.2019

 

Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyası (PKK)/Xalq Özünümüdafiə Dəstələrinin (YPG) Fəratdan şərqdə nəzarət etdiyi bölgələrə daxil olub. Sonra nə olacaq? Cavab yoxdur. Bütün baxışlar Vaşinqtona yönəlib. Tramp “Çərçivədən çıxsan, gərəksiz toqquşmalara girişsən, iqtisadi sanksiyalar tətbiq edəcəyəm” deyərək Ankaranı qorxutmağa çalışır, bununla yanaşı onun sabah nə edəcəyini öncədən söyləmək mümkün deyil.

ABŞ-ın son məqsədi hansıdır – bəlli deyil. Trampın hətta ən yaxın çevrəsi də sezə bilməz ki, onun növbəti gedişi necə olacaq.

Daha bir tapmaca: Dəməşq nə edəcək? Yəni Əsəd. Əsəd Ankaranın əməliyyatının cavabında hansısa gediş edəcəkmi? Əgər edəcəksə, onda bu gediş nəyə gətirər?

Sıradakı mümkün ssenarilər müzakirə olunur:

Birinci ssenari: Əsəd durumdan istifadə edib şimali-şərqə sarı, yəni YPG/PKK strukturunun olduğu bölgədə hərbi əməliyyata başlayar. Deməli, Türkiyə və Suriya ordusu YPG/PKK döyüşçülərini şimal və cənubdan sıxışdıracaqlar. ABŞ da bu halda sıxışdırılmış duruma düşər.  Bu həm Ankaraya, həm də Dəməşqə, bundan savayı, Moskvaya da əl verər.

İkinci ssenari: Əsəd yenə də durumdan faydalanıb havadan və yerdən İdlibə hücuma başlayar… Əsəd Rusiyanın dəstəyi ilə İdlibi təmizləmək, oranı “Heyət Təhrir əş-Şam”dan almaq, Azad Suriya Ordusunun təqibini gücləndirmək qəsdilə əməliyyata girişər. Bu halda Xataya sarı irimiqyaslı miqrasiya dalğası başlanar və HTŞ terrorçuları da Türkiyəyə sızmağa çalışarlar.

Bütün resursları və əməliyyat imkanları Fəratdan şərqə göndərilən Ankara Fəratdan qərbdə durumun mürəkkəbləşməsilə olduqca çətin vəziyyətə düşər.

O, güc və enerjisini paylamalı olacaq. İdlibdə müşahidə məntəqələrinə yerləşdirilmiş hərbçilərimiz təhlükəyə düşsələr, bu, “Sülh çeşməsi” əməliyyatına da təsir edər.

Hadisələrin belə inkişafı Ankara və Moskvanın münasibətlərinə ziyan vurar, Vaşinqtonun xeyrinə olar, Dəməşq isə öz məqsədinə çatar.

Üçüncü ssenari: Dəməşq administrasiyası YPG/“Demokratik Birlik” Partiyası strukturu ilə anlaşır.Əsəd Ankaraya münasibətdə qisas siyasəti yürütməyə başlayır, Dəməşq ordusu YPG-nmin tərəfində durur, Türkiyə ordusunun yolunu kəsmək üçün fəal mövqe tutur. Deməli, Suriya Xarici İşlər Nazirliyinin təmsilçisi iki gün öncə eynən sıradakını deyib: “Hətta Dəməşqə qarşı vuruşanlar Türkiyəyə qarşı durmaq qərarına gəlsələr, onları da qəbul etməyə hazırıq”.

Belə barışıq ABŞ-ın maraqlarına cavab vermir. Ankara və Moskvanın münasibətləri mürəkkəbləşər, ola bilsin, hətta soyuq küləklər əsər.

Bu variantların hamısını nəzərə almaq gərəkdir. Prezident Ərdoğan bildirib: “Türkiyənin hədəfi bölgəni terrorçu təşkilatlardan təmizləmək və Suriyanın ərazi bütövlüyünü təmin etməkdir”.

Lakin bu hədəfə yetmək üçün nə etmək gərəkdir? Əsədin arzuolunmaz mümkün gedişlərini önləmək üçün siyasətimiz necə olmalıdır?

Ümumi fikrə görə, Ankara bundan sonra Dəməşqlə birbaşa təmasa girməlidir. Əlbəttə, hamıya bəllidir ki, iki ölkənin kəşfiyyat qurumları artıq təmasdadır. İndi siyasi və diplomatik təmasları yoluna qoymaq tələb olunur. Əlbəttə, heç kim gözləmir ki, Ərdoğan Əsədlə bir kadrda görünəcək. Amma Dəməşqlə qarşılıqlı fəaliyyət Suriyanı təmizləmək, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün lazımdır.

Avropadan müxtəlif şərhlər gəlir, lakin savaş gedirsə, dövlətlərin döyüş meydanındakı mövqeləri, qərarları daha önəmlidir. Moskva, Vaşinqton müəyyənedici rol oynayırsa, onda Dəməşq də oynayır – Moskvanın idarəsi altında olsda da.

Gəlin, həm də yada salaq ki, iki paytaxt PYD/YPG strukturunu terrorçu təşkilat kimi dəyərləndirir: bunun biri Ankara, ikincisi Dəməşqdir. Vaşinqton, Moskva, London, Berlin, Paris, Afina və bir çox başqa paytaxtlar YPG döyüşçülərini terrorçu deyil, öz torpaqlarını qoruyan əsgər sayır. Və unutmaq lazım deyil ki, PYD-nin son bir neçə il boyunca Moskvada ofisi var, Fransa prezidenti isə bu günlərdə bu təşkilatın təmsilçisini qəbul edib.

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar