Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PUTİN TRAMPIN İMPİÇMENTİNDƏN NİYƏ QORXUR? –İki prezidentin söhbətinin stenoqramı ortaya çıxarsa, nə baş verəcək?

21-10-2019, 13:11   

Tatyana Stanovaya

“Politico”, 20.10.2019

 

Prezident Donald Trampın impiçment proseduru, bəzi müşahidəçilərin fikrincə, ABŞ-da aktiv olaraq xaos səpməkdən zövq alan, ABŞ hökumətini parçalayan Rusiyanı məmnun edir. Konqresin Xarici İşlər Komitəsinin 19 respublikaçı üzvü “Wall Street Journal”-a ortaq bir məktub göndərərək bildirib ki, “impiçment – məhz Vladimir Putinin istədiyi şeydir”. Konqres üzvləri yazıblar: “Onun məqsədi, indi və 2016-cı il seçkisindən əvvəl, amerikalıları bir-birlərinə qarşı qoymaq və demokratik prosesimizə inamı sarsıtmaq idi”.

Bu, müəyyən məqama qədər, hətta Rusiya prezidenti Vladimir Putin üçün də bir qədər xaotik ola bilər.

“Ukrayna işi” ilə bağlı Kremli dəhşətə gətirən bir çox məqmalar var, çünki Rusiyanın son illərdə əldə etdiyi kiçik irəliləyişləri faş etməklə hədələyir.

Putinin uzunmüddətli hədəfi olduqca aydındır: ABŞ-la Soyuq müharibənin nəticələrini yenidən nəzərdən keçirmək və “yeni sövdələşmə” əldə etmək.

Rusiya prezidentinin özü bir neçə dəfə təkrar edib ki, daxili mübarizə ilə parçalanan ABŞ-la işləmək çətindir. “ABŞ-dakı hadisələrə gəldikdə, daxili siyasətlə başları qarışıbsa, onlarla necə əməkdaşlıq edə bilərik?” Putin bunu oktyabrın əvvəlində demişdi. “Aydındır ki, seçki kampaniyası zamanı bu həmişə olur və ABŞ da istisna deyil. Ancaq daxili siyasi yarış məsələni çox qəlizləşdirib”.

Bu, Kremlin 3 səbəbə görə istədiyi qalmaqal deyil.

Əvvəlcə ruslar Rusiya-ABŞ-ın yaxşılaşmasında maraqlı idilər. Trampın seçilməsindən dərhal sonra Moskva yeni Amerika prezidentinin seçki kampaniyası zamanı danışdığı “böyük sövdələşmə” üçün əsas tapmağa yönəlmiş təkliflər hazırlamağa başlayıb.

Ancaq ilkin eyforiya tədricən azalıb. ABŞ-Rusiya münasibətləri 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsinə dair açıqlamalarından sonra daha da pisləşib. Buna baxmayaraq, Tramp Kremlin ikitərəfli münasibətləri canlandırmaq üçün etibar etdiyi yeganə siyasi aktyor olaraq qalır.

Bu yazda Moskva ümid etməyə başlayıb ki, Rusiya və digər ölkələr, o cümlədən ABŞ arasında yaranan gərginlik Putinin 2014-cü ildə Krımı ilhaq etməsindən bəri ilk dəfə zəifləyib. Fransa prezidenti Emmanuel Makron Qərbə xitabən Rusiyanı geosiyasi şərtlər olmadan “qucaqlamağa” çağırıb. Rusiya bunu Qərblə mümkün yumşalmanın başlanğıcı kimi şərh edib.

Hətta Rusiya ilə Ukrayna arasındakı münasibətlər də yaxşılaşıb. Moskva və Kiyev sentyabr ayında tarixi məhbuslar mübadiləsi həyata keçirib. Bəziləri mübadilənin Ukraynanın şərqindəki münaqişəni dayandırmaq üçün 2014-15-ci il tarixli çərçivə sazişində irəliləməyə qapı açacağına ümid ediblər. Bu müqavilənin icrası Rusiya iqtisadiyyatına zərər verən ABŞ və Avropa sanksiyalarının qaldırılması üçün şərtdir.

İndi isə Rusiya üçün daha çox mənfi nəticələrə səbəb ola biləcək yeni xaos və dəlilik dövrü başlayıb. ABŞ siyasətində əlavə Konqres sanksiyalarına səbəb ola biləcək anti-Rusiya hissinin yeni dalğası ortaya çıxır. Nensi Pelosindən az tanınmayan bir səlahiyyətli Rusiyanın Tramp-Ukrayna qalmaqalında birbaşa iştirak etməsi iddiasını irəli sürüb.

Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasındakı telefon danışığı tez-tez Rusiyanın 2016 müdaxiləsinin davamı kimi şərh olunur. ABŞ-da Ukrayna ilə bağlı bütün müzakirələr, demək olar ki, həmişə Rusiyaya bağlanır və Ukraynanın müdafiəyə ehtiyacı olan qurbantək bəhs edilməsinə səbəb olur. Ümumən hazırkı anti-Rusiya xəbər mediasında Ukraynanın adının istənilən xatrlanması, əlbəttə, Rusiyanın beynəlxalq imicini daha da pisləşdirir.

Kremlin narahatlığının ikinci səbəbi budur ki, Ukrayna qalmaqalı Trampın ABŞ-dakı siyasi quruluşa qarşı öz Rusiya siyasətini həyata keçirmə qabiliyyətini ləğv edir. Kremlə gəldikdə, Tramp, Putinin fikrincə, Kremli düşmən hesab edən ənənəvi ABŞ-ın milli təhlükəsizlik qurumu arasında tampon rolunu oynayır. Tramp ABŞ-ın müəyyən etdiyi xarici siyasət yanaşmalarının hamısını zibil qutusuna atıb. O, Rusiyanın yolunu kəsmir. Tramp iş adamıdır, ideoloji döyüşçü deyil və qıcıqoyadan demokratik dəyərlər vecinə deyil.

Rusiya, Tramp tamponunu qorumaq, o cümlədən Qərbin iqtisadi sanksiyalarının növbəti dövrlərinə tab gətirmək üçün “pul ödəməyə” hazırdır. ABŞ-ın həm demokrat, həm də respublikaçı siyasi təbəqəsinin qalan hissəsi Rusiya və onun geosiyasi maraqları üçün uzunmüddətli strateji təhdiddir.

Beləliklə, Trampın Kreml üçün necə başağrıları yarada biləcəyindən asılı olmayaraq, həmişə babat adam kimi görünəcək. Təəccüblü deyil ki, Tramp necə olursa-olsun, Putin onu açıq şəkildə dəstəkləyir. Ancaq indi Trampın xarici siyasət aparatında həmişəkindən daha çox araşdırma var və ehtimal ki, prezident gizli fəaliyyət göstərə bilməyəcək.

Kremlin narahat olmasının üçüncü və son səbəbi budur ki, Trampla fərdi söhbətin Rusiyanın icazəsi olmadan yayımlanacağından artan qorxu var. Tramp və Zelenski arasındakı 25 iyul söhbətinin transkripti yayımlandıqdan sonra Kreml bildirib ki, Putin və Tramp arasındakı danışıqların hər hansı bir transkriptini dərc etməzdən əvvəl Vaşinqton Rusiyanın razılığını almalıdır.

Putin stenoqramların evdəki vəziyyətə xələl gətirə biləcəyindən narahat deyil: daxili işlərdə o, siyasi baxımdan əlçatmaz olaraq qalır. Əksinə, belə bir transkriptin dərc olunacağı təqdirdə, Putinin narahat olduğu 2 problem var: birincisi, bu stenoqramlar Trampın rəqibləri tərəfindən onu zəiflətmək üçün istifadə edilə biləcək vasitədir, bu isə Moskva üçün yaxşı deyil. (Xəbər hesablarından bilirik ki, Tramp Rusiya rəsmilərinə bəzi utancverici şeylər söyləyib, məsələn, 2016-cı il seçkisinə Rusiya müdaxiləsinin əhəmiyyətini rədd etmək və bu halın təkrarlanmasının qarşısını alması üçün ABŞ-Rusiya müştərək kiber vahidi ideyasını dəstəkləmək); ikincisi, söhbətin yayımlanması riskinin özü Rusiya prezidenti üçün psixoloji cəhətdən naqolaylıqdır, çünki həmkarları ilə səmimi, açıq söhbət etməyi xoşlayır. Görünür, 2017-ci ilin Helsinki sammitində bu baş verib.

Putinin ABŞ-da xaos səpmək istəməsi mümkündür. Əlbəttə, Trampın prezidentlik kampaniyasında qələbəsi və Amerikanın siyasi həyatını qarışdırması ona həzz verir. Lakin Ukrayna qalmaqalı və impiçment istintaqı, hətta xaos ustası üçün də yetərindən çoxdur. Putin üçün Ukrayna qalmaqalının heç vaxt baş verməməsi yaxşı seçənəkdir. Tramp Rusiyanın nəzərində Soyuq müharibədə uduzan tərəf kimi yanaşan, ənənəvi siyasətini davam etdirən istənilən digər Amerika prezidentindən daha yaxşıdır.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar