Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezident yeni administrasiyasında kimə stavka edir?

30-11-2019, 08:12   
 

Prezident administrasiyası strukturunda dəyişiklik dövlət başçısı aparatının funksional və kadr yenilənməsinə səbəb oldu. Yeniliklər demək olar ki, bütün idarəetmə bloklarına- güc, iqtisadi, ideoloji təsir göstərdi.
Hüquq- mühafizə orqanlarının və hərbi sahənin işinə nəzarət edən şöbənin yenidən bölünməsi diqqəti çəkir.
Belə ki, əvvəlkitək Fuad Ələsgərovun rəhbərliyi ilə prezidentin köməkçisi statusunda hüquq- mühafizə orqanları ilə iş şöbəsi yenidən yaradıldı.
Hərbi məsələlər üzrə şöbə də yenidən yaradılıb. Bir il əvvəl administrasiyadan uzaqlaşdırılan və ədliyyə nazirinin müavini təyin olunan Məhərrəm Əliyev yenidən bu şöbəyə rəhbər təyin edilib.
Məhərrəm Əliyev eyni vaxtda prezidentin köməkçisi postunu da tutacaq. Bundan əlavə, ona general-polkovnik hərbi rütbəsinin verilməsi müdafiə və təhlükəsizlik sektorunda statusunun artırılmasından xəbər verir. Bundan öncə general-polkovnik rütbəsi ancaq güc qurumlarının birinci şəxslərinə verilirdi.
İqtisadi sektorda Natiq Əmirov öz statusunu saxlayıb. O, prezidentin köməkçisi - iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri olaraq qalır.
Administrasiyada yeni şəxs əvvəllər Neft Fondunun icraçı direktoru vəzifəsini tutan Şahmar Mövsümovdur. O, prezidentin köməkçisi - iqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.
Ş.Mövsümovun əvvəlki iş təcrübəsini və yeni kurasiyasını nəzərə alaraq, ehtimal etmək olar ki, o daha çox investisiya siyasəti strategiyasının müəyyən edilməsi və İKT sahəsində innovasiyaların iqtisadi və sosial sahəyə tətbiqi, elektron hökumət məsələləri ilə məşğul olacaq.
N.Əmirovun şöbəsi isə cari iqtisadi məsələlərə, ölkənin gəlir və xərclərinin proqnozlaşdırılmasına diqqəti yönəldəcək.
Ən kardinal dəyişikliklər ideoloji sektorda baş verib.
Prezident Əli Həsənovu dövlət başçısının köməkçisi,  ictimai-siyasi şöbənin müdiri vəzifəsindən azad edib. Ə.Həsənov rəhbərliyi dövründə bu şöbəni “super bölmə”yə çevirərək siyasi partiyaların, ictimai birliklərin və KİV-lərin fəaliyyətinə, eyni zamanda dövlətin bu sahələrə ayırdığı maliyyə axınlarına total nəzarəti həyata keçirib.
Ə.Həsənovun idarə etdiyi bölmənin əvəzinə yeni şöbə yaradılıb - siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsi.
Ədalət Vəliyevin bu şöbənin müdiri təyin olunması tamamilə gözlənilməz olub, çünki o,  ən çox mədəniyyət sahəsindən olan bir insan kimi tanınır.
Əvvəllər teatr sahəsində çalışıb, Rus Dram Teatrına rəhbərlik edib.
1993-cü ildən Ə.Vəliyev mədəniyyət nazirinin müavini olub. Lakin 2018-ci ildə nazirliyin yeni strukturunun yaradılması ilə yeni təyinat almayıb. Buna görə də Prezident Administrasiyasında şöbə müdiri postuna irəli çəkilməsi daha çox təəccüb doğurub.
Ola bilsin ki, Ə.Vəliyevin gəlişi ilə partiyalar və ictimai birliklər ilə münasibətlərə əvvəlki kimi deyil, yeni mütərəqqi yanaşma sərgilənəcək.
Uzun illər birinci vitse-prezident Mehriban Əliyevanın komandasının üzvü olan Anar Ələkbərov da prezident çevrəsində yeni sima oldu.
Əmlak Məsələləri Dövlət Komitəsi  İqtisadiyyat Nazirliyinin strukturuna verildikdən sonra bu qurumun rəhbəri postunu itirən Kərəm Həsənov dövlət nəzarəti şöbəsinin müdiri olub.
Zeynal Nağdəliyev (prezidentin köməkçisi - ərazi-təşkilati məsələlər şöbəsinin müdiri), Hikmət Hacıyev (xarici siyasət məsələləri üzrə şöbənin müdiri), Süleyman İsmayılov (vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri), Fərəh Əliyeva (humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri) öz postlarını saxlayıblar.
Yeni strukturda Səadət Yusifovanın rəhbərlik etdiyi strateji planlaşdırma və tədqiqatlar şöbəsi ləğv edilib.
Xatırladaq ki, bu şöbə 4 il əvvəl Elnur Aslanovun rəhbərlik etdiyi informasiya təminatı şöbəsinin əvəzinə yaradılmışdı.
Yeni strukturda KİV və ictimai birliklər ilə əlaqələr bölməsi yoxdur. Funksional olaraq bu istiqamətlər ilə prezidentin mətbuat xidməti və ictimai təşkilatların istiqamətləri üzrə uyğun şöbələr məşğul ola bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar