Ana səhifə

Çaşqın hökumət

    Tarix: 21-06-2020 09:44   
 

Hökumətin son vaxtlar karantin rejimi ilə bağlı atdığı addımlar insanlarda narazılıqlar yaradır. Yoluxma sayının çoxalması, üstəlik sərt karantin rejiminin yumşaldılmasından sonra istirahət günlərində yenidən sərt qaydaların tətbiqi vətəndaşlar arasında xeyli suallar yaradıb.Əgər vəziyyət düzəlməyə doğru getmirdisə, hökumət niyə karantini tədbirlərini yumşaltdı? Yumşalmadan sonra niyə bəzi günlərdə sərt tədbirlər görülür? Həftənin 5 günü işləyib, iki gün evdə oturmaqla vəziyyət dəyişəcəkmi?Bütün bu suallarla bağlı ekspert Natiq Cəfərli ASTNA-nın suallarını cavablandırıb.
***
-Pandemiya dövründə hökumətin atdığı addımları necə qiymətləndirirsiniz? Tək iqtisadi-sosial cəhətdən deyil, ümumilikdə alınan qərarlar düzgün idimi?
-Pandemiya dövründə alınan qərarların ardıcıllığı və məntiqi ciddi problemlər və suallar doğurur. Ilkin günlərdə daha doğru qərarların alındığını demək olar. Sərhədlərin tez bağlanması, məktəblərin, universitetlərin, sonradan metronun qapadılması, daha sonra isə ictimai iaşə obyektlərinin, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması həmin dövrdə Avropada virus yayılan ölkələrdə atılan addımlara paralel idi. O zaman atılan addımların məntiqini anlamaq olurdu. Çünki dünyada da belə bir narahatlıq var idi. Virus və onunla mübarizə üsulları yeni öyrənilirdi. Həm də heç bir yerdə, o cümlədən Azərbaycanda səhiyyə sistemi buna hazır deyildi. Və belə sərt rejim- sərhədlərin bağlanması, sms-lə çölə çıxma, ictimai nəqliyyatın məhdudlaşdırılması, qeyri-ərzaq ticarət mərkəzlərinin və qapalı məkanlarının bağlanması, ümumiyyətlə, səhiyyə sisteminə zaman qazandırmaq üçün düşünülmüşdü. Yəni, bunlar virusun qarşısını alan tədbirlər deyildi. Bu, reanimasiya otaqlarının sayının artırılması, süni tənəffüs aparatlarının alınması, şəxsi gigiyenik vasitələrin çatışmazlığının aradan qaldırılması üçün səhiyyə sisteminə zaman qazandırmaq məqsədi daşıyırdı. Bu nöqteyi-nəzərdən ilkin mərhələdə alınmış qərarların məntiqi görünürdü. İqtisadi-sosial sahədə də müəyyən qərarlar alındı. Təqribən 3,5 milyard manatlıq bir paket açıqlandı. 600 min işsizə iki ay 190 manatın verilməsi, 307 min qeyri-hökumət sektorunda çalışanların maaşlarının bir qisminin ödənilməsi, fərdi sahibkarlara ötən il ödədikləri vergilərin geri qaytarılması kimi addımlar atıldı. Amma bu addımlar yetərli deyildi. Çünki dünya ölkələrinin təcrübəsi göstərir ki, paralel olaraq pandemiyadan zərər çəkmiş insanlara və biznesə dəstək paketi ilə yanaşı, həm də postpandemiya dövründə iqtisadiyyatın çarxlarının yenidən dönməsi yönündə qərarlar alınmalı idi. Növbəti paketlər açıqlanmalı idi. Təəssüf ki, bununla bağlı bu günə qədər heç bir addımlar atılmayıb. Hətta ilkin qəbul olunmuş paket iyunun 1-i bitib, buna baxmayaraq, sərt karantin rejimi davam edir. Hətta bəzi günlərdə böyük şəhərlərdə həyatın durdurulması ilə bağlı qərarlar verilir. Amma bunun bədəlinin ödənilməsi, iqtisadiyyata, vətəndaşlara dəyən zərərin ödənilməsi ilə bağlı heç biraçıqlama yoxdur.
-Xüsusi karantin rejimi vaxtı deyil, əslində hökumətin son vaxtlar atdığı addımlar daha çox narazılıqla qarşılanır. Məsələn, həftə sonları evdən çıxmama qərarı və yaxud Rusiya ilə sərhəddə qalan vətəndaşlara sahib çıxılmaması. Sizcə, yoluxma sayı çox olduğu dövrdə hökumət nə edə bilər ki?
-Son vaxtlar alınmış qərarların isə məntiqi aydın deyildi və digər ölkələrlə paralel aparılmaması üzə çıxdı. Sanki hökumət bundan öncə atdığı addımları təkzib etməyə başladı və yaxud bu qərarlara əks qərarlar almağa başladı. Operativ Qərargah və hökumətin aldığı qərarlar heç kimlə məsləhətləşmədən alınırdı və insanlar da o qərarlara müəyyən dərəcədə riayət etməyə çalışırdılar. Ticarət mərkəzlərinin, iaşə obyektlərinin açılması Operativ Qərargahın və hökumətin aldığı qərarlar idi. İnsanlar da düşünməyə başladılar ki, hər şey qaydasına düşmək üzrədir. Bu qərardan sonra yeni qərarın alınması və şənbə-bazar günləri tamamilə 48 saatlıq, əslində isə 54 saatlıq sərt karantin rejiminin tətbiq olunması insanlar tərəfindən anlayışla qarşılanmadı. Əgər qərarlar səhvən qəbul olunmuşdusa, niyə Operativ Qərargah üzr istəyib insanların anlaşılmazlığına cavab vermədi? Bu, belə olmadı. Müzakirə olunmadan alınmış qərarların səhv olduğu üzə çıxdı. Hökumət daha sərt addımlar atmağa başladı ki, bu da insanlar tərəfindən heç də xoş qarşılanmadı. Çünki alınan qərarların məntiqi yox idi. Bir çox ölkələrdə sərt tədbirlərin aradan qaldırılması ilə bağlı qərar verilib. Bizdə isə şənbə-bazar sərt karantin rejiminin təbiqi barədə qərarın verilməsi məntiqsiz qərar idi. Hətta apteklər, ərzaq dükanları bağlandı, zibil atmağa belə icazə verilmədi, 30-35 dərəcə istidə insanları evə doldurdular. Bunun məntiqini insanlar anlamadı və bu da çox ciddi haqlı narazılıqlara səbəb oldu. Yasamal hadisəsi baş verdi. Polisin vətəndaşa qarşı sərt və yersiz davranışı insanları daha da hiddətləndirdi. Sonrakı həftə qəbul olunmuş sərt qaydalar isə bir az daha yumşaq formada həyata keçirildi. Apteklər onlayn formada işlədi, zibil atmağa icazə verildi və s. Amma yenə də bu addımın məntiqini insanlar anlamadı. İnsanlar kütləvi şəkildə Bakıdan kənara çıxdılar. Əgər məqsəd virusun yayılmaması idisə, rayona üz tutanlar arasında yoluxmuş insanlar vardısa, virusu bütün ölkəyə daha çox yaydılar. Bu məntiqsiz və ardıcıl olmayan addımlar insanlar tərəfindən təpki ilə qarşılanır.
-Sosial mediada yayılan məlumatlara görə, xəstəxanalarda artıq yer yoxdur. Hətta hökumətin yeni qərarı ilə xəstəliyi yüngül keçirənlər müalicəni evdə alacaqlar. Qızdırması olanlara, ümumiyyətlə, test nəticəsi olmadan həkimlər və xəstəxanalar yaxın durmur. Test nəticəsi isə 3 gündən tez açıqlanmır. Bəs nə etməli? Ümumiyyətlə, hökumətin verdiyi qərarlar düşünülmüş, ölçülmüş, biçilmiş qərarlardımı?
-Əgər deyilənlər kimi, doğrudan da xəstəxanalarda yer yoxdursa, bu da əlavə suallar ortaya çıxarır. Çünki mart ayında tətbiq olunmuş qaydaların məqsədi səhiyyə sisteminə zaman qazandırmaq idi. Əgər bu zaman kəsiyində hökumət səhiyyə sistemində normal addımlar atmayıbsa, bunun günahı vətəndaşlarda deyil. Halbuki, modul tipli xəstəxanaların tikilməsi ilə bağlı qərar verilib, vəsait ayrılıb. Bəs bu xəstəxanalar nə oldu? Onların tikintisi niyə ləngiyir? Və yaxud hazırdısa, niyə xəstələri qəbul etmir? Bu suallar ortaya çıxır. O ki qaldı xəstəliyi yüngül keçirən vətəndaşların evdə izolyasiya olunmasına, əslində bu, əvvəlcədən qəbul olunmalı bir qərar idi. Dünyanın hər yerində buna belə yanaşılıb. Azərbaycanda testləri pozitiv çıxan hər kəsin xəstəxanaya alınması məntiqsiz yanaşma idi. İndi bu məntiqsiz yanaşmanı düzəltməyə çalışırlar. Xəstəxanaları simptomları yüngül keçirən xəstələrlə doldurmaq olmaz.
Testlərin nəticəsinin gec açıqlanması və yeni müasir testlərin ölkəyə gətirilməməsi isə başqa bir problemdir. Bir çox ölkələr artıq testlərin hətta ayaqüstü edilməsi ilə bağlı qərarlar qəbul edib. Məsələn, İsraildə küçələrdə köşklər qurulub, hər bir vətəndaş orada çox qısa müddətə analiz verib, cavabını cəmi 15-20 dəqiqədən sonra, maksimum 1 saat ərzində ala bilər. Belə tezləşdirilmiş və kütləvi şəkildə testlərin keçirilməsi çox vacibdir. Azərbaycanda bu iş axsayır və problemlərlə müşahidə olunur.
-Azərbaycanla eyni coğrafiyada yerləşən Gürcüstanda vəziyyət artıq yaxşıya doğru dəyişir. Niyə Azərbaycan digər ölkələrin təcrübəsindən yararlanmadı?
-Azərbaycan bu məsələdə də sinifdə qaldı. Belə təəssürat yarandı ki, kor-koranə Rusiyada, Türkiyədə atılan addımları təkrar edir. Gürcüstanda tamamilə fərqli yol tutdular. Həm sərhədlər daha tez qapadıldı, həm də sərt karantin tədbirləri tez görüldü. Həm də vətəndaşların kommunal xidmətləri ödənildi, hökumətin əhaliyə daha çox dəstək proqramları açıqlandı və vətəndaşların rahat şəkildə evdə qalması üçün hökumətin onlarla yaxşı dialoq qurduğunun şahidi olduq. Əslində koronavirusla mübarizədə o ölkələr daha çox uğur qazandı ki, hökumətləri cəmiyyətlə normal dialoq qura bildi və atılan adımlara inandıra bildi. Azərbaycanda ən böyük problemlərdən biri də budur ki, kommunikasiya çox zəifdir və hökumətlə xalq arasında sanki bir uçurum var. Verilən mesajlar vətəndaşlara normal çatdırılmır. Kommunikasiya zəifliyi atılan addımların da effektivliyinə mənfi təsir göstərir. Gürcüstanda isə adımları planlı şəkildə atdılar və məsələlərə daha keyfiyyətli yanaşdılar. Hətta xaricdən, İtaliyadan, Fransadan mütəxəssislər də dəvət olundu. O mütəxəssislərlə birgə addım atdılar. Bu gün də ciddi nəticələr əldə ediblər. Son günlərdə virusa yoluxma sayı xeyli azalıb, günə 3-4 virusa yoluxma qeydə alınır. Hətta elə günlər olur ki, virusa yoluxma halı, ümumiyyətlə, qeydə alınmır. Bu, Gürcüstanda atılan adımların effektivliyinin yüksək olduğunu göstərir. Bunun da əsas səbəbi hökumətlə cəmiyyət arasında kommunikasiya bağlarının olması və atılan addımların daha məntiqli olmasıdır.
-Bir çox rəsmilər vəziyyətin bu həddə olmasına görə vətəndaşları məsuliyyətsizlikdə günahlandırırlar. Azərbaycanda vəziyyətin yaxşıya doğru dəyişməməsinin səbəbi hökumətin aldığı qərarlardadır, yoxsa vətəndaş itaətsizliyində?
-Vətəndaşların da məsuliyyətli olmasında yarar var. Vətəndaşlar maskadan istifadə etməli, sosial məsafəni qorumalı, gigiyenik qaydalara əməl etməlidirlər. Amma burada vətəndaşların günahından daha çox onların bilgiləndirilməsində problem var. Yenə deyirəm. O ölkələrdə daha yaxşı nəticə əldə etmək olur ki, cəmiyyətlə hökumət arasında bir kommunikasiya olur və bu işlə məşğul olan hökumət qurumlarına inam olur. Bizdə Operativ Qərargahın aldığı qərarların tez-tez dəyişdirilməsi məntiqsizliyi vətəndaşlarla Operativ Qərargah arasındakı bağı sanki qoparır. Yəni, inamsızlıq ortamı yaranıb. Bu inamsızlığın yaranmasında təbii ki komple teorilərə inananların da, Türkiyə, Rusiya telekanallarının da, cəmiyyətdə gedən diskussiyaların da rolu oldu. Amma dövlət inandırmağı bacarmalıdır. Tanınmış, hörmətli nüfuzlu şəxslərin televiziyalarda tez-tez çıxış etməsi, insanlara mesaj verməsi daha önəmli idi. Bu kommunikasiya xətlərinin olmaması və ya zəif olması vətəndaşları da məsuliyyətsiz etdi. Vətandaşların bir qismi doğrudan da məsuliyyətsiz yanaşır bu məsələyə. Bu da virusa qalib gəlməkdə ciddi maneələrdən biridir.
-Siz nə təklif edirsinizz? Vəziyyətdən çıxmaq üçün hökumət bundan sonra hansı addımlar ata bilər?
-İndi Azərbaycan çox ciddi bir durumdadır. Həm virusa yoluxmaların sayı artır, həm də iqtisadiyyatda çox ciddi problemlər var. Gələcəkdə bu problemlərin dərinləşməsi ehtimalı çox yüksəkdir. Çıxış yolu həm fəlsəfi, həm siyasi yanaşsaq, həm səlahiyyətlərin, həm də məsuliyyətlərin bölüşdürülməsi yoludur. Yəni, prezident və hökumət bu dəqiqə səlahiyyətləri tam öz əlinə cəmləyib, məsuliyyət də tamamilə prezidentin üzərinə düşür. Bu da indiki zamanda heç də məqbul bir hal deyil. Ona görə də ciddi düşünülərək böyük bir “dəyirmi masa” qurulmalıdır. Siyasi partiyaların, sivil toplumun, mütəxəssislərin, alimlərin və prezidentin iştirakı ilə bir “dəyirmi masa” qurulmalıdır. Bu “dəyirmi masa”nın bir neçə paneli ola bilər. Yəni, sırf tibblə, iqtisadiyyatla, siyasi islahatlarla, sosial mesajların cəmiyyətə daha çox çatdırılması ilə bağlı və s. Prezidentin iştirakı ilə “dəyirmi masa” ətrafında dialoq ortamının olması həm iqtisadi, həm sosial problemlərin həllində, həm mesajların cəmiyyətdə daha yaxşı qarşılanmasında, həm də siyasi islahatlar yolu ilə idarəetmənin təkmilləşdirilməsi baxımından daha ciddi nəticələrin əldə olunması ilə bağlı vətəndaşlara pozitiv mesajların verilməsi nöqteyi-nəzərindən daha yaxşı olar. Ən əsası isə cəmiyyətlə hökumət arasında inamın və güvənin təsis olunmasına xidmət etməlidir. Çıxış yolu tapmaq üçün böyük bir beyin fırtınasına ehtiyac var. Belə olsa xoş olmayan görüntülər olmaz, polislə vətəndaş qarşıdurması yaranmaz. Sərhəddə yaşanan biabırçılıq bir daha yaşanmaz. Sərhəddə Azərbaycan vətəndaşlarına qarşı baş verən hadisə ölkə adına utancdır. Bütün sosial, iqtisadi, siyasi məsələlərin həllində “dəyirmi masa”nın çox önəmli rolu ola bilər,  bu problemlərdən çıxış yolu üçün birgə yol tapılmasına imkan yaradar.
ASTNA.biz



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net