Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Boz binada futbol cinayəti

21-11-2019, 09:34   


AFFA-da köklü islahatların vaxtı indi çatmayıb. Vaxt dediyimiz əleyhimizə işləyir artıq. İllərdi futbolumuzun  başına qara torba salıb, uçurumdan aşağı itələyənlərin bacarıqsızlığının, qeyri - peşəkarlığının ilk dəfə deyil ki, şahidi oluruq. Hər dəfə "islahatlar olmalıdı” deyəndə məşqçi dəyişirlər. Nə vaxtadək?  Çıxış yolu budurmu? 

 

Baş katib Elxan Məmmədov son müsahibələrində mətbuatdakı haqsız tənqidlərlə üzləşdiyini deyib. Haqlı "qamçılar”la hesablaşdığını da dilə gətirən adamın nəyi haqsız adlandırdığını, hansı haqdan danışdığını anlamaq bir qədər çətin oldu.

 

Ona görə də öz haqqımızdan istifadə edib bir daha futbolsevərlərin haqqını xatırlatmağı özümüzə borc bildik.  

 

Biz Millimizin finallar oynamasını, Dünya, Avropa çempionlarından xal almasını   tələb etmirik. Sadəcə, inkişafın seziləcək həddə çatmasını istəyirik. 

 

25 il geri düşən futbolu dirçəltmək üçün daha neçə illər lazım olacaq? 

 

"Azərbaycan futbol ölkəsi deyil" kimi "mazollaşmış"  bəhanələr bezdirib. 

 

Ən uyğun dönəm - iqtisadi inkişaf dövrü, stabillik, infrastrukturun müqayisəolunmaz dərəcədə yaxşılaşması və dövlətin birbaşa futbolun inkişafında marağı, dövlət proqramının qəbulu kimi illər vardı.  Daha nə lazım idi? İş görmək. Bundan yaxşı şərait, bundan yaxşı zaman?  

 

Əvəzində AFFA  məlum Berlin layihəsinə milyonlar xərcləyəndə Tovuzda akademiyanın inşası mümkün deyildimi? Bunun üçün 10-12 ildə 100 milyonların havaya sovrulması lazım idimi? Axı bu vəsait AFFA-nın deyil, dövlətin, xalqındır. Razılaşmayanlar varsa, Berlin "akademiyası"ndan bir ortabab futbolçu adı çəksinlər. 

 

Mənasız piar kampaniyaları ilə "Mançester Yunayted" məktəblərinin açılması, bağlanması və s. Kimlər yetişdi? 

 

Bölgələrdə istedadlar şəraitsizlikdən imdad edir. Son 12  ildə Azərbaycan futboluna kimlər xeyir veribsə, hamısı "vurulub". İstər klublar olsun, istərsə ayrı-ayrılıqda mütəxəssislər.

 

Son 12  ildə "Azərbaycanlı futbol oynaya bilmir" adı altında 100-dən çox nəsli-kökü bilinməyən, Azərbaycana heç bir bağlılığı olmayan əcnəbi futbolçular gətirilib,  pasportumuz verilib. Heç kim də bu özbaşınalığa görə  məsuliyyət daşımır. Sanki, belə də olmalıdır. 

 

Necə ola bilər, vaxtilə daha ağır şəraitdə, sovet rejimində Ələkbər Məmmədov, Anatoli Banişevski yetişirdi,  80-cı illərdə İqor Ponamaryov, Arif Əsədov, Vladislav Qədirov, Tərlan Əhmədovun timsalında olimpiya, yeniyetmə, gənclər arasında dünya və Avropa çempionlarımız üzə çıxırdı, Yunis Hüseynov, Nazim Süleymanov, Vidadi Rzayev kimi futbolçular var idi, indi yox? 

 

Daha əvvələ getsək, Sergey Kramarenko, Səməd Qurbanov, Səmədağa Şıxlarov, Isgəndər Cavadov, Maşallah Əhmədov...  Bir deyil, iki deyil, saymaqla bitməz. 

 

Məgər problem Azərbaycanda istedadların olmaması, bu xalqın futbol oynamağı öyrənə bilməməsidir? Əsla… Ana maneə yarıtmaz futbol idarəçiliyidir.  

 

Kağız üzərində 150 mindən çox futbolçu qeydiyyatdan keçib. Hər dəfə assosiasiyadakı idman qanqsterləri bunu bəh-bəhlə bəyan edir. Hər ay isə uşaq liqalarında texniki məğlubiyyətlər "göz oxşayır”. Səviyyə, inkişaf qalsın bir yana, yerli uşaq  komandaları yetərsay olmadığına görə meydana çıxa bilmirlər. Təsəvvür edin, dedikləri rəqəmlərə inansaq, deməli, hər həyətdə yüzlərlə futbol oynayan uşaqlar var… Belədə komandalar niyə meydana çıxarmağa uşaq tapmır?

 

Bunun adı futbol cinayəti, futbol genefondunun məhv edilməsidir.  Belə çıxır ki, 150 min "futbolçu" arasından 8 komandalı "Bakı birinciliyi"nə, milli komandalara oyunçu gəlmir. Gəlmirsə hara gedir? Ya gələ bilmirsə, futbol oynayanların sayıyla bağlı yalanın ictimaiyyətə açıqlanması hansı məntiqə sığır?100 milyonların xərcləndiyi ölkə futbolunda real durum göz qabağındadır. 

 

Köklü islahatlar aparılmasa, dönüş yaradılmasa təəssüf ki, belə də davam edəcək.

 

Belə...

 

Əli Sahib / Fanat.Az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar