Ana səhifə

Neft və manat: Elman Rüstəmov yenə “B” planından danışdı - AMMA NƏDƏN İBARƏT OLDUĞUNU DEMƏDİ...

    Tarix: 16-03-2020 08:41   


 
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov dünən martın 15-də axşam REAL TV-yə müsahibə verib və dünya bazarlarında neftin kəskin ucuzlaşmasının iqtisadiyyata, manata təsirləri barədə danışıb. E.Rüstəmov deyib ki, bu gün Azərbaycan hökumətində heç bir alternativ müzakirə olunmur, hər hansı emosional qərarın qəbul olunması düşünülmür.

 

“Konkret situasiya var və onunla məşğul oluruq”,-o deyib.

E.Rüstəmovun sözlərinə görə, hökumətin “B planı”nda bütün alternativ çağırışlara cavab var:

“Neftin istənilən qiymətinə, istənilən çağırışa cavab verməyə hazırıq. Hesab edirəm və ümumi fikir də bundan ibarətdir ki, bizim hər hansı emosional qərar qəbul etmədən situasiyanı tarazlaya bilmək üçün kifayət qədər başqa potensialımız var. Yəni inflyasiyanı qaldırmadan, bütövlükdə həyata keçirilmiş və əldə olunmuş maddi-sosial rifah halını qorumaqla, maliyyə sektoru üçün əlavə problemlər yaratmadan situasiyanı tənzimləmək üçün kifayət qədər imkanlar var. Mən dünənki çıxışımda da dedim ki, hökumətin alternativ – “B planı” var və bu planda bütövlükdə ssenari və onun necə tənzimlənməsi də mövcuddur”.

 

Mərkəzi Bankın rəhbəri hesab edir ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin enməsinə kifayət qədər dayanıqlıdır. E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda bütün sosial-iqtisadi proqramlar neftin 2015-ci ildən bu günə olan qiymətlərinə uyğunlaşıb.

“Bildiyiniz kimi, 2015-ci ildən sonra bir sıra tədbirlər görüldü. Biz iqtisadiyyatı yeni bir neft qiymətlərində tarazlaşdırmağa nail olduq və bu neftin qiymətini tədricən özümüzün həm sosial-iqtisadi inkişaf proqnozlarımızla, həm büdcəmizlə azaltmağa doğru getdik. 2015-ci ildə neftin qiyməti büdcəmizdə 90 ABŞ dolları idi, amma cari büdcəmiz 55 ABŞ dolları səviyyəsində qurulub. Sosial-iqtisadi inkişaf proqnozlarımız da buna əsaslanır. Büdcə qaydaları qəbul olundu, manatın məzənnəsi 1,7 faiz səviyyəsində tarazlaşıb. 2018-2019-cu illərdə manatın məzənnəsində ucuzlaşma yox, bazarda bahalaşma təzyiqləri var idi. Yəni valyuta bazarı da tarazlaşıb»,-o deyib.


Mərkəzi Bank rəhbəri qeyd edib ki, 55 ABŞ dolları neftin kifayət qədər yüksək qiymətidir. Bu həm ölkədə bütövlükdə sosial-iqtisadi inkişaf proqramlarını reallaşdırmağa, həm iqtisadi inkişafa dəstək verməyə, həm də iqtisadiyyatı sabit saxlamağa imkan verdi. Lakin bu gün neftin qiymətləri düşüb.

Elman Rüstəmov bunları deyib: “Hesab edirəm ki, bu Azərbaycan iqtisadiyyatı elə də təhlükəli zonada deyil, bu, komfort zonadır. Son günlər bundan tez-tez danışırlar. Bizim əsas makroiqtisadi fundamentalları təmsil edən göstəricilərə baxsaq, görərik ki, o bizim ilk növbədə çox yüksək strateji valyuta ehtiyatlarımızdır ki, bu da ümumi daxili məhsulumuzun 110%-nə çatıb. Xarici borcumuza baxsaq görərik ki, son illər görülən işlər nəticəsində xarici borc bizim ÜDM-dən əhəmiyyətli dərəcədə, dəfələrlə aşağıdır. Çox konservativ xarici borcumuz var. Bütövlükdə bu bizə imkan verir ki, indiki situsiyaya çox optimist baxaq. Nə mənada optimist? İki yanaşma var. İlin əvvəlində neftin qiyməti 58 ABŞ dolları idi. Baxmayaraq ki, bu gün neftin qiyməti 34 ABŞ dollarıdır, amma bütövlükdə Azərbaycan büdcəsi üçün ilin əvvəlindən 58 ABŞ dollarıdır.

Əgər bir həftə, 10 gün müddətinə neftin qiyməti öz məcrasına qayıdırsa, biz cüzi bir şey itirəcəyik. Əgər bu qısamüddətli təsirdirsə, bu bir ssenaridir. İkinci ssenari, neftin qiyməti dediyimiz 60 ABŞ dolları səviyyəsinə qalxmırsa, 55 ABŞ dolları ola bilsin, 40-50 ABŞ dolları, yaxud 30-40 ABŞ dolları intervalına keçir. Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, hər iki intervalda makroiqtisadi tarazlığı və maliyyə sabitliyini təmin edə bilsin”.

 

Virtualaz.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net