Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Qurban Qurbanov istefa vermədi... Onu kənarlaşdırdılar"

2-03-2019, 11:04   
 
Sport7.az saytı bir sıra rubrikalarla futbol ictimaiyyətinin hər bir nümayəndəsinə tribuna verib. Ancaq futbolla birbaşa əlaqəsi olmayan Azərbaycanın tanınmış simalarının da futbolumuzla bağlı fikirlərini, iradlarını, tənqidlərini işıqlandırmaq qərarına gəldik. 

Bugünkü həmsöhbətimiz Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbərdir.

- İsa bəy, Azərbaycan futbolunun bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?
- Ölkə hansı vəziyyətdədirsə, futbol da o vəziyyətdədir. 

- Son illərdə klublarımız Avropada əvvəlki illərə nisbətən daha uğurlu çıxış edib. Məsələn, "Neftçi" ölkə futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adladı, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində çıxış edərək tarix yazdı. "Qəbələ" də Avroliqada qrupda oynamışdı. Bu oyunları izləyirdiniz? Klublarımızın çıxışını necə qiymətləndirirsiniz?
- Təbii ki, izləmişəm. Millimizə və Avropada çıxış edən klublarımıza dəstək oluram. Həmişə də dəstək olacam. Ancaq eyni zamanda gerçəkləri də görməmək mümkün deyil. Hesab edirəm ki, bir neçə klubumuzun minimal xərclərlə orta səviyyəli oyunçuları öz heyətinə cəlb edib, çətinliklə də olsa avrokuboklara çıxması, məşqçilərin, futbolçuların, bu klublara maliyyə buraxanların xidmətidir. Azərbaycan futbolu bərbad vəziyyətə salınıb. Əgər gerçək imkanlar olsaydı, yerli və əcnəbi futbolçularla qat-qat üstün nəticələr əldə etmək olardı. Futbol idarəçiliyi düzgün qurulsaydı, Azərbaycan millisi dünya və Avropa çempionatlarına çıxa bilərdi. Bunu təmin etmək tamamilə real hədəfdi. 

- Millidən söhbət düşmüşkən. Bildiyiniz kimi, "Qarabağ"a uğurlar qazandıran Qurban Qurbanov millimizin baş məşqçi postuna təyin edildi. Lakin qısa zamanda o postundan istefa verdi. Hazırda millimiz xorvatiyalı mütəxəssis Nikola Yurçeviçə  tapşırılıb. Sizcə, Qurban Qurbanovun istefa qərarı nə dərəcədə doğru addım idi? Qurbanov qalsaydı gələcəkdə millimiz uğurlar əldə edərdi, yoxsa yeni baş məşqçidən uğurlu nəticə gözləyirsiniz?
- Mən hesab etmirəm ki, Qurban Qurbanov özü istefa verib. Fikrimcə, onu bu vəzifədən kənarlaşdırdılar. Özü də bu qərar çox gözlənilməz şəraitdə verildi. Onu bu posta dəvət edərkən, biz o prosesi diqqətlə izləyirdik. Bizdə gələcəyə ümid yaradan məqam, Qurbanovun bir-iki mövsümlük yox, 6 illik milliyə baş məşqçi təyin edilməsi oldu. Həm də ona tək əsas milli yox, bütün gənclərdən ibarət millilər daxil, ona azadlıq, müəyyən səlahiyyətlər verildi. İlk uğursuz nəticədə Qurbanovu vəzifədən kənarlaşdırmaqları onu göstərir ki, futbol sahəsindəki müəyyən şəxslər Qurban Qurbanovun öz komandası ilə birlikdə bir neçə il davam edəcək sağlamlaşdırma mərhələsini qurmağa imkan vermədilər. Mən bu sözümə əminəm. Sadə bir misal da deyə bilərəm ki, Qurban Qurbanov "Qarabağ"a baş məşqçi gətiriləndə də bu komanda dərhal uğur qazanmağa başlamadı. Bir neçə il keçdi və o bu müddətdə səylə öz işini davam etdi. Və "Qarabağ"ı elə bir səviyyəyə gətirib çıxartdı ki,  hər il o sual yaranır ki, Azərbaycan futbolunda "Qarabağ"a rəqib ola biləcək komanda olacaqmı?  O baxımdan mən inanıram ki,  Qurban Qurbanov milli komandada işinə davam etsəydi, bu gün olmasa da, yaxın illərdə uğurlar qazanmaq mümkün olardı. Çünki millidə sağlamlaşdırma prosesi gedəcəkdi. Ama görünür o sağlamlaşdırma prosesi futbolu idarə edənlərin də, idarə edənləri idarə edənlərin də maraq dairəsinə daxil deyil. 
 


- Görünür bütün futbol ictimaiyyəti narazı olduğu kimi, siz də Elxan Məmmədovun işindən narazısınız... Baxmayaraq illərdir bütün futbol cəmiyyəti onu istefaya səsləyir, lakin o, postunda illər keçdikdə daha da kök salır. 
- Elxan Məmmədovu AFFA-da saxlayan, Qurban Qurbanovu o vəzifədən kənarlaşdıran qüvvədi. Mən onu tanımıram. Davranışlarından, çıxışlarından kifayət qədər savadlı gəncə bənzəyir. Ancaq mən istərdim ki, idarəçilik üsullarını futbolumuz üstündə tədbiq etməsin. Çəkilsin digər məmurlar kimi başqa sahələrdə fəaliyyət göstərsin. Futbola biraz azadlıq verilsin. 

- Səkkiz komandalı "Bakı çempionatı"nı izləyirsiniz?
- Bu biabırçılıqdı. İzləməyə məcburam. Çünki mən Azərbaycanla bağlı hər şeyi diqqətimdə saxlayıram, uğur istəyirəm. İzləyirəm. Ancaq Azərbaycan kimi bir ölkədə 8 komandanın qalması əsl biabırçılıqdı. Və bu futbolu idarə edənlərin görünür istədiyi nəticədir. Futbolumuzun uğursuzluqlarını təsadüf hesab etmirəm. Düşünürəm ki, futbolu idarə edənlər, və idarə edənləri idarə edənlər futbolun böyüməsində, artmasında  maraqlı deyillər. Həmin halda yüzminlərlə azarkeş ordusu yarana bilər.  İndiki gənclərə də eşq olsun ki, bu ağır şəraitdə davam edirlər. Ancaq elə olsa belə, 100, 200, 500 nəfərlik fanat qrupları yox, yüzminlərlə azarkeş qrupları yarana bilər. Bölgələrdə futbolun bərbad hala salınmasını da təsadüf hesab etmirəm. Məqsədli bir iş olduğunu düşünürəm. Bu tam biabırçılıqdı, fiaskodu. Həm ölkənin futbol istedadları baxımından, həm də ki, maliyyə imkanları baxımından  Azərbaycan futbolu çoxdan uğur qazana bilərdi. Hesab edirəm ki, bizim məşqçilərimiz də, futbolçularımız da buna qadirdilər. Hələ o vaxtlar, futbola 1 manat pul qoyulmayan zamanlar, 90-cı illərdə Azərbaycan futbolunun inkişafı göz önündə idi. Azərbaycanlı futbolçular dünyanın ən məhşur komandalarına müqavimət göstərirdilər. Ən böyük ulduzlar ilə az qala başa-baş döyüşürdülər.  İndi isə, bu qədər proqramlardan, xərclər olduqdan sonra nəticələrin bərbad vəziyyətə düşməsini, təsadüfi bir hal kimi qiymətləndirmək qeyri mümkündür. 
 


- Bəs məqsəd nədir? Axı klub sayı çox olduqda, AFFA daha çox pul qazana bilər.
- Bəli, burada haqlısınız. Necə olar bilər ki, futbolu idarə edən şəxslər futbolun inkişafında maraqlı olmasınlar? Cavablarımda futbolu idarə edənlər və onların başında dayananlar ifadəsini qeyd edirdim. Arada fərq qoymuşam. Futbolu idarə edənlər arasında futboldan başı çıxanlar, futbolu sevənlər də var. 

Bölgələrdə niyə futbolun qarşısı alınır? Bu sualın cavabı çox sadədir. Hesab edirəm ki, əsl futbol mütəxəssisləri də bu sualın cavabını çox yaxşı bilir. Yadınıza gəlirmi, 90-ların sonunda, 2000-lərin əvvəlində futbolda yeni nəfəs başladı?! Məsələn, "Xəzər Lənkəran"ın Lənkərandakı oyununa 10-15 min azarkeşı yığılardı. Bakıya da minlərlə tamaşaçı gələrdi. Eyni zamanda digər bölgələrdə də, Qəbələ, Zaqatala, Tovuz, Yevlax, İmişli, Gəncədə böyük futbol fanatı orduları yaranırdı. Bakıda da "Neftçi", "Qarabağ" və bir çox klubların minlərlə tərəfkeşi ortaya çıxdı.  Rəqabət yaranırdı. Bir futbol matçına 15-20 min azarkeş toplanan vaxtlar olurdu. Bu inkişaf da edə bilərdi. Artıq bu hal narahatlıq yaratdı. Ki, birdən bu  fanatlar sabah futbolla yanaşı, ictimai proseslərlə də maraqlanarlar, hansısa aksiyalarda iştirak edərlər. Futbol fanatları böyük bir ordudu. Və bu ordu Azərbaycan xalqının bir hissəsidi. Azərbaycan xalqının yaşadığı problemləri bu adamlar da yaşayır.
 
70-80-ci illəri xatırlayıram. 10 minlərlə tamaşaçı mərkəzi stadiona "Neftçi"nin oyununu izləməyə gələrdi. Oyundan sonra, xüsusilə də "Neftçi" uğursuz nəticə göstərəndə, tamaşaçılar təkcə futbol şüarları yox, ictimai şüarlar da səsləndirməyə başlayırdılar.  Azərbaycanın torpaqlarının hissə-hissə qopardıb Ermənistanın xəttinə verilməsi əleyhinə şüarlar səsləndirirdilər, etirazlar edirdilər. 10 minlərlə taşamaçı stadiondan çıxdıqdan sonra küçələrdə yürüş edərək şüarlar səsləndirirdilər. Yəni bütün dünyada bu və ya başqa ölçüdə bu hal var.
 
Hesab edirəm ki, hakimiyyət futbol klublarının ətrafında böyük tamaşaçı kütləsinin yaranmasından, rəqabət olmasından, bunun getdikcə artmasından  və futbol qruplarının ictimai-siyası proseslərə də təsir göstərməsindən narahatdırlar. Bu tək futbola aid deyil. Təsadüfi deyil ki, Azərbaycanda minlərlə işçisi olan zavodlar, fabriklər vardı, bu gün onların heç biri yoxdu. Hamısı sıradan çıxarılıb.  Ya kiçik kollektivli müəssələr qurulub, ya da elə şəkildə bu idarə edilir ki, insanlar tam şəkildə nəzarət altında olsunlar. Heç bir şəkildə müstəqil həmkarlar ittifaqı olmasın, müstəqil qurumlar güclənməsin. Bu futbolda da özünü göstərir. Sizin sualın cavabını da qısa şəkildə cavablamağa çalışdım. Təbii ki, bunu daha da geniş şərh etmək olar.
 


- Son olaraq, bilmək istərdik, siz hansı klubun azarkeşisiniz?
- Mən ilk növbətə milli komandamızın azarkeşiyəm. Millimizin uğurlarını görmək istəyirəm. Eyni zamanda,  bir neçə klub var ki, onların oyununa  xüsusi diqqətlə baxıram. Hələ ötən əsrin 60-70-ci illərindən "Neftçi"nin azarkeşi olmuşam. Müstəqillik dönəmində isə, "Neftçi" ilə yanaşı "Qarabağ" komandasının da azarkeşiyəm.  "Xəzər Lənkəran"a da çox azarkeşlik etmişəm. Çünki Lənkəran komandasının mövcudluğu Azərbaycan futboluna təkan verirdi. Gəncədə, Yevlaxda, Zaqatalada, Qəbələdə, yəni bütün bölgələrdən olan komandaları dəstəkləmişəm və dəstəkləməyə də hazıram. Çünki bu klublar hamısı bizimdi. Gənclik vaxtında bir kluba fanatlıq etmək olar. Ancaq mən dediyim klubları xüsusi dəqqətdə saxlamaqla yanaşı, bütün komandalarımızın uğurlarını istəyirəm.
 
Röya Kərimli
Sport7.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar