Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PEYK İNTERNET, KOSMOSDAN BAĞLANTI, YENİ QLOBAL SİSTEMLƏR…- "Yeni era" həyatımızı necə dəyişəcək?

31-10-2019, 09:41   


2019-cu ildə internetə çıxışa dair anlayışımızda inqilab edə biləcək sistemlərin ilk genişmiqyaslı sınaqları keçirildi. İndi mobil operatorlara və ya provayderlərə bağlıyıqsa, qlobal peyk internet operatorları sayəsində tezliklə dünyanın istənilən yerində kosmosdan bağlantı imkanı əldə edəcəyik. Təbii ki, məlum layihələr təcrübədə işlək olduqlarını sübut edərlərsə…

Amerikalı iş adamı İlon Mask bu yaxınlarda “Starlink” qlobal İnternet şəbəkəsi vasitəsilə göndərilən ilk tvitlə öyündü. Sonradan o da açıqlandı ki, “Starlink”in birinci müştərisi ABŞ Hərbi Hava Qüvvələri olacaq.

2018-ci ildə aparılan sınaqlarda S-12 nəqliyyat təyyarələri şəbəkəyə saniyədə 610 Mbit sürətlə qoşulublar. Bu barədə “Starlink”in daxil olduğu SpaceX şirkətindən bildiriblər. Təbii ki, Maskın layihəsi unikal deyil. Ən yaxın rəqib Britaniyaya məxsus “OneWeb”dir. Bir az daha uzaq rəqiblər “Amazon”a məxsus “Procect Kuiper” və Rusiyanın “Sferası”dır.

Orbitdən internet ideyası yeni deyil və hazırda bir çox ölkədə mövcuddur. 2000-ci illərdə postsovet məkanında birtərəfli peyk interneti (yalnız məlumatların qəbulu üçün) yayılmışdı. Daha sonra kütləvi istifadəçilər üçün nəzərdə tutulan ikitərəfli peyk dəstləri ortaya çıxdı. Onlar heç bir əlavə kanala ehtiyac duymurdular. Həm qəbul, həm də ötürmə funksiyaları vardı. Məsələn, Rusiyada peyk televiziya operatorları (NTV Plus, Tricolor) və digər şirkətlər bu cür xidmətləri təklif edirlər.

Bu cür texnologiyalı peyk internet əsasən şəbəkəyə çıxış imkanı olmayan və ya zəif olan yerlər üçün faydalıdır. Digər yerlərdə o, kabel və ya mobil internetlə ciddi rəqabət apara bilməz.

Bu texnologiyadan istifadə edən peyk provayderləri bahalı və həcmli (adətən antenlərin diametri 75 sm-dir) avadanlıqların quraşdırılmasını tələb edir. Və ən əsası bu cür giriş zamanı siqnal gecikmələri adi sabit provayderlərdən dəfələrlə çoxdur. Bu o deməkdir ki, videozənglərdə, onlayn oyunlarda və siqnal gecikməsinə (ping) həssas olan digər tətbiqlərdə problemlər ola bilər.

Onları aradan qaldırmaq mümkün olmayacaq. Çünki hər şey radio dalğalarının yayılma məsafəsindən və sürətindən asılıdır: geostasionar orbitdəki bir peykdən (dəniz səviyyəsindən 35,786 km yüksəkdir) istifadəçiyə verilən siqnal 140.000 km-dən çox məsafəni (istifadəçi-peyk-yerdəki mərkəz-peyk-istifadəçi marşrutu üzrə) keçməli və geri qayıtmalıdır. Və bu, yer provayderinin gecikmələrini, peyklərin və yer kanallarının yüklənməsini nəzərə almır. Nəticədə, peyk interneti üzrə “ping” geniş məsafədə, məsələn, 500 ilə 5000 ms arasında gəzə bilər. Kabel operatorları üçün bu rəqəm 40 ms-dən çox deyil.

Peyklərin əhatə etdiyi dairə də məhduddur. Hərəkətlilik istəyirsinizsə, onda belə bir internet nəinki super bahalı, həm də xeyli dərəcədə yavaş olacaq: məsələn, 3G-dən təxminən min qat daha yavaş. Mobil peyk internet təcili peyk rabitə sistemləri ilə təmin olunub və hazırlanarkən yüksək məlumat ötürmə sürəti nəzərdə tutulmayıb.

Bir çox problemlər olsa da, yeni qlobal sistemlər bütün məhdudiyyətlərə yüksək olmayan (500-1500 km.) orbitlərdəki minlərlə ucuz peyk vasitəsilə qalib gələcəyini vəd edir. Bunun hesabına gecikmələr və avadanlığın dəyəri azalmalıdır. Bu, təkcə kütləvi fərdi abunəçilər üçün deyil, həm də gəmi istehsalçıları və aviaşirkətlər üçün maraqlı ola bilər. Çünki internet daha asan və daha sürətli olacaq.

Kommersiya əməliyyatının başlanmasına hələlik ən yaxın olan “Starlink” və “OneWeb”dir. Hər iki şirkət sınaq peyklərini (Starlink üçün 60, OneWeb üçün 6) təqdim edib və kütləvi buraxılışlara hazır olduqlarını iddia edir.

“Starlink” ilk iki mərhələdə 11 mindən çox peykdən istifadə etməyi planlaşdırır. Bu, olduqca çoxdür. Hazırda BMT-də rəsmi qeydiyyatdan keçən müxtəlif orbitlərdə cəmi 5293 obyekt var.

Amerika Elm Adamları Cəmiyyətinin hesablamalarına görə, Yerin orbitində 2062 aktiv peyk var. Bu, 2019-cu ilin mart ayı üçün olan məlumatdır.

Kosmik şirkət “SpaceX”in layihəsi olan və 2015-ci ildə buraxılan “Starlink” kütləvi yerləşdirməyə başlamağa hazır olduğunu deyir. Layihənin birinci mərhələsini tamamlamaq üçün 4365, ikinci mərhələsinin tamamlamaq üçün isə 7518 peyk buraxmaq lazımdır. 550-1325 km yüksəklikdə yerləşəcək bu peyklərin hər biri təxminən 227 kq ağırlığındadır, radio modulları və kripton mühərriki ilə təchiz edilib.

Minlərlə peykin orbitə çıxarılması üçün illər lazımdır. Lakin “Starlink” nümayəndələrinin sözlərinə görə, onlar artıq 2020-ci ildə ABŞ-dakı müştərilərə xidmət göstərməyə hazır olacaqlar.

Mask bildirib ki, ölkəni tam əhatə etmək üçün 400, orta keyfiyyət üçün 800 peyk lazım olacaq. Gələn il şirkət 24 buraxılış etməyi planlaşdırır. Əgər əvvəllər olduğu kimi, hər raket 60 peyk daşıyacaqsa, bu, 1440 obyektin orbitə çıxarılması deməkdir.

Bu ilin oktyabrında məlum oldu ki, “SpaceX” Beynəlxalq Telekommunikasiya İttifaqına daha 30.000 peykə tezliklərin ayrılması üçün müraciət edib. Şirkətdən verilən məlumata görə, bu qədər obyekt kosmosda daimi qalmayacaq. İş bitdikdən – beş-altı ildən sonra peyklər orbitdən çıxacaq və atmosferdə tamamilə yanacaqlar.

“Starlink”in ən yaxın rəqibi baş ofisi Londonda yerləşən “OneWeb”dir. O, 2014-cü ildə “WorldVu” adı ilə işə başlayıb. Hələlik planları o qədər böyük deyil. Şirkət 650 peykini 1200 km orbitə çıxarmağı planlaşdırır. Bu günə qədər bunların yüzdə birindən az hissəsi istifadəyə verilib.

“OneWeb” artıq peyk modemlərinin istehsalına başlayıb. Bu modemlər 400 Mb/s (qəbul) və 30 Mb s (ötürmə) sürətinə hesablanıb. İlk peyklərin sınaqları zamanı indiki kabel və mobil internetlə müqayisə olunan 400 Mb/s-dən çox sürət və cəmi 40 ms gecikmə qeydə alınıb.

“OneWeb”in ilk müştəriləri telekommunikasiya şirkətləri olacaq. Britaniyanın “Talia” və İtaliyanın “İntermatica” şirkətləri. Sərmayəçilər arasında “Airbus Group”, “Qualcomm” və “Virgin Group” da var.

Vaxt və qiymətlərlə bağlı hələlik dəqiq məlumat yoxdur. “Starlink” 2020-də, “OneWeb” isə 2021-də başlayacağını bəyan etsə də, bunun nə dərəcədə real olduğunu demək çətindir.

Kiçik qrup peyklərin uğurlu sınaqdan keçirilməsi hələ işin yüksək keyfiyyətdə olacağını deməyə əsas vermir. Üstəlik şirkətlərdən heç biri peykləri kütləvi şəkildə işə salmayıb. “OneWeb” 2019-cu ilin dekabrından bunu etməyi planlaşdırır: ayda 35-40 peyk. “Starlink” oktaybr ayına planlaşdırsa da, təxirə salmağa qərar verdi.

Peyk istehsalının real tempi də məlum deyil. İyulun sonlarında “OneWeb” ABŞ-da gündə iki peyk istehsal etməli olan fabrik açdı. Lakin işin nə vaxt həyata keçiriləcəyi hələ dəqiqləşdirilməyib. Xidmətlərin qlobal şəkildə göstərilmə vaxtı da məlum deyil. “SpaceX” hər bir ölkə ilə ayrıca danışıqlar aparacaq. “OneWeb” isə artıq bunu edir.

Həm “SpaceX”, həm də “OneWeb” peyk internetinin qiymətini “əlverişli” etməyi vəd edir. Lakin hələlik heç bir şirkət abunə terminallarının və ya tarif planlarının mümkün qiymətini açıqlamayıb.

“OneWeb”in qurucusu Qreq Vayler bu ilin yanvarında bildirmişdi ki, şirkət peyk avadanlıqları üçün qiyməti 200-300 dollar etmək istəyir. “SpaceX”in rəhbəri Qvin Şotuel isə bildirib ki, milyonlarla amerikalı yarıtmaz internet üçün ayda 80 dollar ödəyir. Lakin o da şirkətinin internet bağlantısını hansı qiymətə təklif edəcəyini açıqlamayıb…

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar