Ana səhifə

Dünya böyük təhlükə altında: “6-cı kütləvi YOXOLUŞ periodunu yaşayırıq” – FİZİKDƏN həyəcan təbili

    Tarix: 05-01-2020 15:03   
 

Dünyanın dörd bir yanındakı elm adamları və araşdırmaçılar insan yaşamının gedişatını dəyişdirməyə cəhd edir və möhtəşəm kəşflər edirlər.
Maraqlıdır, bu baxımdan artıq geridə qoyduğumuz 2019-cu il hansı elmi kəşflərlə yadda qaldı?
Mövzu ilə bağlı fizik Yalçın İslamzadə Lent.az -a danışıb.

O, bildirib ki, elmin vəziyyətini elmi bilik yaradılması prosesində iştirak edən professionallar və elmin kəşflərindən yararlanan, ancaq onu bütövlükdə təqdir etməyən və ya çox az təqdir edən, elmdən fərqli sahələrdə fəaliyyət göstərənlər baxımından qiymətləndirmək olar:


“Elmi fəaliyyətlə məşğul olmayan insanlar tərəfindən elmin əhəmiyyətinin, işləmə mexanizminin, insan həyatını yaxşılaşdırmaqda rolunun anlaşılması elmin inkişafı üçün çox vacibdir. Əlbəttə peyvəndlərin və antibiotiklərin kəşfinin insan ömrünü iki dəfə uzatmasına baxmayaraq, qədimdə insanların daha uzun və sağlam yaşadıqları qənaətində olanlar mütləq çoxluqdadırlar. Əgər elm sadəcə yeni texnologiyalar yaradan bir fəaliyyət deyil, həm də bir düşünmə biçimi olaraq qəbul edilsə, insanların seçimləri elmin daha da inkişaf etməsi üçün dəyişər. Misal kimi, Sumer mifologiyası ilə Maya təqviminin fantastik sintezini yaradan, 21 dekabr 2012-ci il tarixində qiyamət qopacağını bəyan edən bir bloq yazısının yaratdığı ajiotajı düşünmək olar. O ərəfədə, həmin günün adi astronomik gün olacağını, heç bir kosmik kataklizmin gözlənilmədiyini bildirən NASA-ya yox, mistiklərə inanan insanlar böyük panikaya qapılmışdılar. Ölkəmizdə də bu panika mətbuatın da köməyi ilə genişlənmiş, insanlar külli miqdarda şam və kibrit almış, çörək qıtlığına səbəb olmuşdular. Ertəsi gün növbəti aldanışa qədər sakitləşmiş, mətbuatda ciddi ədayla açıqlama verən mistifikatorlardan heç kim doğru çıxmayan kəhanətlərinə görə hesabat tələb etməmişdi”.
Y. İslamzadə vurğulayıb ki, elmin dindən, incəsənətdən, fəlsəfədən, metafizikadan, Uzaq Şərq fəlsəfəsindən fərqi onun hesabatlılığıdır:
“Ölçməyə, dəqiq cavablar alıb müqayisə etməyə əsaslanmasıdır. Bunun əksinə mistiklər, qurular, təriqətçilər, şairlər, Uzaq Şərq fəlsəfəçiləri israrla hesabatlılıqdan qaçır, ölçülə bilən, dəqiq tərifi verilmiş anlayışlarla işləməkdən yayınırlar. Əgər şama və kibritə xərclənən vəsait elmi-kütləvi kitablara xərclənsəydi, bu sektor çoxdan inkişaf edər, mistik əbəbiyyatla müqayisədə elmi ədəbiyyatın satış rəqəmi “dəryada damla” nisbətində olmazdı. Bu halda isə özlərinə status qazanmaq üçün insanları aldadan mistifikatorların “bazarı bağlanardı”. Bu konteksdə qırılması çox çətin bir qapalı dövrə içərisindəyik”.

Y. İslamzadənin sözlərinə görə, insanın həqiqəti görməsinə mane olan stereotiplər ağ dərili, kainatın mərkəzində olan, inanclı kişini referans almaqla başlayır:
“Gender bərabərliyi, bütün canlıların eyni hərflərlə yazılan ortaq kodlara və mənşəyə sahib olması, “irq” anlayışının əsassız olması və əsl evimizin “o dünya” deyil məhz bu dünya olduğunun anlaşılması və bundan da vacibi, əksəriyyət tərəfindən qəbulu bizə daha yaxşı dünya vəd edir. Buradakı kritik addım, bəşəriyyətin yaratdığı zehni fəaliyyətlərdən ən mötəbərinin elm olduğunun anlaşılmasıdır. Bəzən “canlı” və “cansız” materiya arasında, təbiət elmləri ilə humanitar elmlər arasında fərq qoyulur. Təbiətdə sadəcə materiya var və canlılar da materiyanın daha mürəkkəb qanunlarına tabe olurlar. Getdikcə canlıların davranışı da materiya qanunlarına daha uğurla reduksiya olunur. Misal üçün, Freydin vyanalı zənginlər kimi kiçik, təmsili olmayan qrupdan eşitdiklərini ehtiyatsız şəkildə ümumiləşdirərək insan davranışının bütün variantlarını izah etdiyinə inanan psixoanaliz məktəbi, insan davranışlarını əsas instinkt və reflekslərə reduksiya edən təkamül psixologiyası ilə müqayisədə çox daha az elmidir. Ancaq təəssüf ki, hələ də intellektual aura yaratmağı sevən sosial sahədəki akademiklər təbiət elmləri ilə aralarına sərhəd qoymaqda, haqqında saatlarla mübahisə edib cildlərlə kitab yazdıqları “insan”ın tərifini verməməkdədirlər”.
Y. İslamzadə xatırladıb ki, insanlar sınama-yanılma yolu ilə su və külək dəyirmanını, ox-yayı və kəskin balta hazırlamaq üçün metal alaşımını və Aristotelin “təbiət boşluqdan nifrət edir” fikrinin hakim olduğu dövrdə nasosu ixtira etdilər:
“Bir zaman vardı ki, ehtiyac olan texnologiyaları yaratmaq üçün o texnologiyaların əsaslandıqları nəzəriyyələri bilməyə ehtiyac olmadı. Nasosun ixtirası vakkum anlayışının yerləşməsi, buxar mühərrikinin ixtirası isə üzərində aparılan təcrübələr nəticəsində enerjinin saxlanma qanunun kəşfiylə nəticələndi. Enerjinin saxlanma qanunu isə sonradan yeni, sadəcə empirik üsulla ixtira edilməsi mümkün olmayan texnologiyaların yaradılmasına təkan verdi. Məsələn, kosmik uçuşlar üçün enerjinin saxlanma qanunun olmadan hesablamalar aparmaq mümkün deyil”.
Y. İslamzadə qeyd edib ki, uzun müddətdir nəzəri elm sahəsində durğunluq hökm sürür:
“Elmin keçən əsrdə ortaya qoyduğu ümumi və xüsusi nisblik nəzəriyyəsi, kvant mexanikası ya da kvant elektrodinamikası kimi yeni öyrənmə sahələri yaranmır. Texnologiya sürətlə inişaf etsə də, həll olmamış nəzəri problemlər hələ də qalır. Fizika üçün maddə və sahə ən vacib anlayışlardır və onların quruluşunu bilmək materiyanı əsaslı öyrənmək üçün şərtdir. Maddənin fundamental quruluşunu izah edən “Standart Model”də isə fundamental(quruluşa sahib olmayan) zərrəciklərin sayı, onların elementar olmadıqlarını düşündürəcək qədər çoxdur. Bir vaxtlar elementar zərrəcik olaraq sadəcə elektron, proton və fotonun olduğu fərz edilirdi. Sonradan bu siyahıya antizərrəciklər əlavə olundu və yüksək enerjili sürətləndiricilərin inşa olunmasıyla digər kateqoriyadan olan elementar zərrəciklərin sayı sürətlə artdı”.
Y. İslamzadə keçən ilin elmi yenilikləri ilə bağlı da danışıb:
“Keçən ilin elmi yenilikləri əsasən tibb, biologiya, kosmik texnologiyalar və kvant komputerləri kimi tətbiqi sahələrdə baş verdi. İlk dəfə supermassiv qara dəliyin təsviri əldə olundu, bir neytron ulduzunu udmaqda olan başqa bir qara dəlik müşahidə olundu, bu hadisə həm də qravitasiya dalğalarının sayca üçüncü müşahidəsi idi. Günəş enerjisi ilə işləyən zond orbitə, başqa ikizond Ayın görünməz üzünə və 8 milyon km uzaqdakı bir asteroidə göndərildi. 3.8 milyon il əvvəl yaşamış “Lusi”nin aid olduğu Australopithecus afarensis növü ilə eyni dövrdə mövcud olmuş Australopithecus anamensis növünə aid yaxşı qorunmuş kəllə qutusu aşkarlandı. 50 000 il əvvəl Filippinlər ərazisində yaşamış Homo luzonensis növünə aid diş və barmağın tapılmasıyla bu növün xüsusiyyətləri müəyyən olunub, Homo erectus və Homo sapienslə müqayisə olundu. Günümüzə çatması əsl möcüzə olan yumşaq materialdan, saqqızdan onu çeynəmiş ovçu-toplayıcı qadının fenotipi müəyyənləşdirildi. 6000 il əvvəl yaşamış bu qədim danimarkarlı tünd dəri və saç rənginə, mavi gözlərə sahib imiş. Genetik analizlər o qadın da daxil olmaqla, bu gün yaşayan modern insanların müasir Botsvana ərazisində 200 000 il əvvəl yaşamış bir qadının törəmələri olduğunu göstərdi.
Digər tərəfdən Ebola virusunun iki növünə qarşı peyvənd yaradıldı, genlərdəki zərərli mutasiya nəticəsində immunitet sistemi olmadan doğulan uşaqlardakı xəstəliyi müalicə etmək üçün gen terapiyası uğur əldə etdi. Google kvant komputerləri sahəsində rəqiblərinə görə aşkar üstünlük qazanaraq hazırki ən sürətli komputerin 10,000 ildə edə biləcəyi hesabları 3 dəqiqədə yerinə yetirən komputer yaratdı. Kvant dolaşıqlığının şəkli çəkildi, kommersial kosmik uçuşlar sahəsində böyük uğurlar əldə edildi. Göründüyü kimi elmi kəşflər nəzəri sahədə deyil, sadəcə elmin tətbiqi sahəsindədir”.
Fizik bildirib ki, nəzəri sahədə ciddi irəliləyiş olmasa dünya elmin fundamental funksiyalarından bəzilərindən məhrum olacaq:
“Yəni həm yaşadığımız dünyanı və özümüzü anlamaq və gəcələyi proqnozlaşdırmaq, həm də yeni əsrin texnologiyalarını yaratmaq mümkünsüz hala çevriləcək. Güman ki, yeni səviyyədə nəzəriyyənin yaradılması üçün fərqli riyazi aparatın kəşf edilməsi, yüksək enerjilərdə eksperiment aparmaq üçün yeni nəsil sürətləndiricilərin inşası, əldə olan empirik datanı yeni nəzəriyyədə birləşdirmək üçün elmə daha çox qaynaq ayrılması, daha çox insanın və sintetik zəkanın elmlə məşğul olması və daha sürətli superkomputerlərin yaradılması lazımdır. Ümid edək ki, indiki vəziyyət keçən əsrlərdə empirik şəkildə yaradılan texnologiyaların elmə dəstək olacağı kimi, yeni elmə səbəb olacaq fırtına öncəsi sakitlikdir. Bu miqyasda bir elm artıq tək dövlətlərin deyil bütün dövlətlərin resurslarını birləşdirməsiylə mümkündür. Bu mənzərənin yaranması isə, biraz da insanların seçimindən asılıdır. Elmin bəşəri institutların ən etibarlı olmasının dərki və resursların bu faktı nəzərə alınaraq istifadəsi, prosesi sürətləndirər”.
Y. İslamzadənin sözlərinə görə, texnologiyanın genişləndirdiyi insan fəaliyyətinin bir nəticəsi isə təbiət üzərindəki antropogen təzyiqdir:
“İnsan fəaliyyəti nəticəsində son 10 ildə Antarktikada il ərzində orta hesabla 252 milyard ton buz əriyib, bu ortalama, 1980-ci illərdə 52 milyard ton idi. Qlobal istiləşmənin səbəb olduğu buzlaqların əriməsi ilə dəniz səviyyəsi yüksəlib milyonlarla insanı köçə məcbur edəcək. İnsan fəaliyyəti nəticəsində amfibiya növlərinin 40%-i, dəniz məməlilərinin və həşərat növlərinin 33%-i yoxolma təhlükəsi ilə üz-üzədir. Quruda yaşayan minlərlə növün isə varlıqlarını sürdürmək üçün lazım olan təbii arealları insanlar tərəfindən əllərindən alınıb. Ekoloqlara görə hazırda 6-cı kütləvi yoxoluş periodunu yaşayırıq. Ancaq bu dəfə səbəb Yerlə toqquşan meteorit və ya vulkan püskürməsi deyil, istehlakçı insanın fəaliyyətidir”.
Y. İslamzadənin sözlərinə görə, ulduzlar insanları həmişə heyran edib:
“Elmin ilk sahəsinin astronomiya olması, günümüzdə də kosmik səyahətə böyük maraq və ayrılan böyük həcmdə vəsait bu heyranlığın nəticəsidir. Bu arzunun digər üzü Yerdəki qaynaqların tükənmək üzrə olduğunu anlayıb kosmosdakı qaynaqları istehlak etməyə can atmaqdır. Ancaq insanlar ulduzlara baxarkən ayaqlarının altını da gördüklərindən əmin olmalıdırlar. Yoxsa Fales kimi quyuya düşəcəklər”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net