Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PUTİN BÖYÜK MÜHARİBƏYƏ CAN ATIR?! – “Rusiya ABŞ-la total qarşıdurma rejimindədir”

4-05-2019, 11:11   
 


Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi Amerikanın suverenliyinə qarşı yönəlmiş hücüm kimi dəyərləndirilməlidir. Amma diqqətlərin bu istiqamətə yönəlməsi Rusiya prezidenti Vladimir Putinin həm ABŞ, həm də bütün dünya üçün törədə biləcəyi digər təhlükələrdən yayındırmamalıdır.
Həmin təhlükəni anlamaq üçün Putinin motivlərini öyrənmək lazımdır. Onun siyasəti və ambisiyası Rusiya yox, Sovet vətənpərvərliyinə dayanır. Putinin fikrinə görə, SSRİ-nin dağılması böyük tarixi ədalətsizlikdir.
Vladimir Putin könüllü surətdə öz üzərinə missiya götürərək, bu “faciəvi” fəlakətin qisasını almaq və SSRİ-nin parçalanmasından sonra Rusiyanın itirdiyi siyasi, iqtisadi və geosiyasi aktivləri qaytarmaq fikrindədir.
Putinin apardığı siyasətdən hər dəfə aydın olur ki, onun üçün ən vacib məsələ ABŞ-a mövcud alternativ kimi SSRİ-nin yerini yenidən tutmaqdır. Kreml təbliğatının ən populyar iddiasına görə, Putin bu səbəbdən “diz üstə çökmüş Rusiyanı ayağa qaldırır” ki, Sovet İttifaqını həqarətə məruz qoyan Amerikaya hesab ödətdirsin.
Müharibədən sonrakı Leninqradda ağır şəraitdə uşaqlıq keçirdiyinə görə, ya da ki, dzyu-do ilə məşğul olduğu üçün Putin birbaşa qarşıdurmanı qətiyyət və mərdlik sayır. Putin üçün Rusiyanın ən böyük geosiyasi uğuru Krımın ilhaqı olub. İşğal əməliyyatının uğurlu olması, onun birbaşa iştirakıyla izah edilir. Müsahibələrinin birində Putin deyib:“Bilirsiniz bizim üstünlüymüz nəylə bağlıdır? Ona görə ki, bununla (əməliyyatla) mən şəxsən məşğul olmuşam…”
Putinin Krıma təcavüzü siyasi planda öz əhəmiyyətli məhsulunu verdi. Rusiyalıların ona göstərdiyi inam səviyyəsi 2013-cü ilin sonundakı minimum 61%-dən 2014-cü ilin oktyabrında maksimum 86%-dək yüksəlmişdi.

Keçən il Rusiya ordusunun baş qərargah rəisi Valeri Qerasimov demişdi: “Rusiya ABŞ-la dövlətlərarası total qarşıdurma rejimindədir”. Putinin siyasəti bu dəyərləndirməyə uyğun gəlir.
Rusiya prezidentinə ən çox sevinc gətirən və həvəsləndirən hadisə – ABŞ-a doğru tuşlanmış nüvə raketləri barəsində danışmasıdır. O, dönə-dönə bildirir ki, ABŞ raket əleyhinə müdafiə kompleksləri bu raketlərin qarşısını almaq gücündə deyil. Heç bir sovet lideri Putinin etdiyi kimi, öz ölkəsinin nüvə qüdrəti ilə öyünməyib.
Bundan başqa Putin dəyəri trilyon dollar olan çoxillik “dövlət silahlanma proqramı”nı təsdiq edib. Onu da deyək ki, keçən il Rusiyanın Ümumi Daxili Məhsulu 1,6 trilyon dollar olub.
Ancaq Putinin militarizmi daha çox onun yaxın qonşularına təhlükə törədir. Putin sovet dönəmində yaradılmış və Boris Yeltsin zamanı buraxılmış Qərb hərbi dairəsini yenidən bərpa edərək, buranı Rusiyanın ən böyük silah arsenalına mailk hərbi dairəsinə çevrib. NATO-nun üzvü Latviya və Estoniya sərhəddində sayı 300-400 min olan və tərkibində tank ordusu, yüzdən artıq qırıcı təyyarə, dörd uzaq məsafəli bombardmançı eskadrilya və “yer-hava” tipli ən müasir raketləri olan müxtəlif qoşun bölmələri yerləşir.
Putin SSRİ silahlı qüvvələrinin baş siyasi idarəsinin proqramını imitasiya edərək, Sovet İttifaqında olduğu kimi təbliğat və ideoloji nəzarətə cavabdeh olan proqram hazırlayıb. Verilən məlumatlara görə, 2016-cı ildə yaranmış “vətənpərvərlik tərbiyyəsi” və “gənclərdə hərbi xidmətə qarşı müsbət motivin formalaşması” ilə bağlı keçən il 380 min yeniyetmə “Gənc ordu” sıralarına yazılıb.
Putin tərəfindən müharibəyə hazırlıq dövrü çox uğursuz bir vaxtda seçilib. Proqnozlara görə yaxın illərdə Rusiyanın iqtisadi böyüməsi zəif olacaq, əhalinin gəlirləri beş ildir ki, durmadan azalır, rusiyalıların 68%-i hesab edir ki, onların ölkəsi iqtisadi böhran vəziyyətindədir. Bu yaxınlarda “Rosstat”ın keçirdiyi rəy sorğusuna görə, əhalinin 80%-nin aylıq gəliri, onların zəruri tələbat malları almalarına yetmir. Rusiyadakı 35% ailə isə, ailənin hər bir üzvü üçün iki cüt ayaqqabı almaq imkanında deyil.
Hal-hazırda Putinin populyarlıq reytinqi Krımın işğalından qabaqkı vaxtdan da aşağı səviyyəyə - 64%-ə düşüb. Hərçənd ki, demokratik ölkələrdə yaşayanlar üçün bu cür reytinq yüksək sayıla bilər, amma bu öz ölkəsində tam mütləqi-hakim olan siyasətçi üçün ehtiyat ediləcək rəqəmdir.
Rusiya konstitusiyasına əsasən, Putin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürə bilməz. Lakin əgər Putin bütün ömrü boyu Rusiyanı idarə etmək istəyirsə, onda onun öz populyarlığını yüksəltməsi üçün ilk əvvəl rusiyalıların dəstəyinə ehtiyacı var.
Necə? Putin vətənin müdafiəsi istiqamətində hərbi dövrün prezidenti kimi özünə yeni imic seçib və o, ölkəsi üçün qalib-fövqəldövlət statusunu dirçəltmək niyyətindədir. Bütün bu məqsədlərə nail olmaq üçün müharibəyə başlamaq və növbəti münaqişədə qalib gəlməkdən daha yaxşı heç bir variant yoxdur. (“Los Angeles Times”)

“AzPolitika”nın şərhi: Rusiya əhalisinin yaşayış səviyyəsinin nə yerdə olduğunu yaxşı bilən Vladimir Putin, etirazların yarana biləcəyi ehtimal olunan məkanların maddi vəziyyətini yaxşı səviyyədə saxlayır. İlk növbədə Moskva və Sankt-Peterburq şəhərləri təmin olunur, bunun ardınca isə bir neçə iri şəhər gəlir. Kreml komandası paytaxtdan və iri şəhərlərdən çəkinir. Rusiya tarixinə ekskursiya etsək görərik ki, 1917-ci ildə inqliab yalnız paytaxt Petroqradda alovlanmışdı, bütün Rusiyanın isə, az qala bundan heç xəbəri yoxdu.
Əlbəttə, həm də unutmayaq ki, həmin dövrdə Birinci Dünya Müharibəsi gedirdi. Ona görə də, tarixdən ibrət götürərək, ehtiyatlı davranırlar. Amma yerdə qalan ərazilər sanki taleyin hökmünə və “korrupsiya osminoqları” olan qubernatorların ixtiyarına buraxılıb. Çünki Rusiyanın iqtisadiyyatı hamını normal yedizdirmək iqtidarında deyil.
Sual verilə bilər ki, nə mənada iqtisadiyyatın gücü buna çatmır? O mənada çatmır ki, pay bölgüsündə oliqarxik sistemin korrupsiya payı nəhəng həcmdədir.
Digər yandan isə, ölkədəki real vəziyyəti ört-basdır etmək üçün federal televiziya kanallarına böyük pullar verilir ki, təbliğat bağırtıları ilə əhailini “yuxuya” versinlər. İndi Putin hərbi büdcəni böyüdüb və silahlanma yarışına girişib. Qərb analitiklərinin mülahizələrinə görə, Rusiya prezidenti ölkəsini yenidən SSRİ kimi super güc səviyyəsinə gətirmək niyyətindədir. Amma reallıq göstərir ki, bu çox müşkül məsələdir. Bunun üçün Rusiya ilk növbədə iqtisadi cırtdan səviyyəsindən çıxaraq, böyük iqtisadi və texnoloji sıçrayışlar həyata keçirməlidir.
O ki qaldı müharibəyə, bu Rusiya kimi iqtisadi distrofik üçün inanılmaz avantüra ola bilər.
Vaqif NƏSİBOV
AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar