Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TRAMP ƏRDOĞANIN İRADƏSİNİ SINDIRA BİLƏCƏKMİ? – Türkiyə Rusiyaya çox da güvənməməlidir…

26-05-2019, 10:11   

 



Türkiyənin Rusiya istehsalı olan “S-400” zenit-raket sistemlərini alması ilə bağlı məsələ, bu iki ölkə arasında ən çox müzakirə edilən mövzudur. Həmin sövdələşmənin baş tutması ənənəvi Qərb kursuna qarşı təhlükə və Rusiyanın gözlənilməz qələbəsi hesab edilir. Belə ki, Rusiya NATO-nun əsas hərbi gücə malik ölkələrindən birini öz silahının daha üstünlüyünə inandıra bilib. Hazırda bu sövdələşmə Vaşinqton tərəfindən sərt tənqid edilir. Ağ Ev xəbərdarlıqla bildirir ki, əgər Ankara “S-400” sistemləri alarsa, onda bu ən ciddi nəticələrə gətirib çıxaracaq.
Amma yaxından tanış olduqda bu müqavilədə gözlənilməz çox şey olmadığı aydınlaşır. Bu, Rusiya silahlarının Türkiyə bazarına daxil olması üçün uzun illər ərzində davam edən işin qanunauyğun yekunudur. Bir çox hallarda ABŞ-ın özü Türkiyəni məhz bu cür addım atmağa vadar edib. Hətta Amerikanın ən sərt tənqidlərinə baxmayaraq, indi vəziyyətin əvvəlki halına qaytarılması çətin ki, mümkün olsun.

- Türkiyənin ehtiyacı

Hələ 8 il bundan öncə Rusiya Türkiyəni öz Hava Hücumundan Müdafiə sistemləri ilə tanış etməyə başlayıb. 2011-ci ildə “Almaz-Antey” konserni İstanbuldakı “İDEF-11” müdafiə sərgisinə “Antey-2500” (S-300BM) kompleksləri gətirmişdi. Bu sistem Moskva tərəfindən Türkiyədəki Hava Hücumundan Müdafiə vasitələrinin alınması tenderində təklif olunmuşdu. Lakin o zaman Rusiya Çinin “FD-2000”, Amerikanın “Patriot” və Avropanın “SAMP/T” zenit-raket kompleksləriylə rəqabətdə irəliyə çıxa bilməmışdi. Əldə olunan məlumatlara görə o vaxt “Almaz-Antey” konsernin təklifi bir çox parametlərinə görə türkləri qane etməmişdi.
Aparılan danışıqlar prosesi ilə tanış olan mənbələr bildirirlər ki, Rusiya tərəfi həmişə özünü qələbəyə hədəflənmiş kimi aparırdı. Lakin türklər müəyyən düzəlişlər və və əlavələrin olması şərtiylə, Rusiyanın təklifinə yenidən baxmağa hazır idilər. Amma Moskva buna da razı olmamışdı.
2013-cü ildə Ankara Çinin “FD-2000” komplekslərini almaq üçün bu məsələni Pekinlə detallı müzakirə etməyə başladı, amma razılığa gələ bilməyərək, tenderi ləğv etdi. Hələ onda ABŞ Türkiyənin həmin sövdələşməsini narazılıqla qarşılamışdı. Hərçənd ki, Vaşinqtonun özü Ankaranı bu qərara sövq etmişdi. Belə ki, Ankaranın təkidiylə 2013-cü ildə NATO Türkiyənin Suriya ilə sərhədi yaxınlığında altı “Patriot” qurğusu yerləşdirmişdi. Sonradan onlar bu kompleksləri Türkiyədən çıxardılar. O zaman ABŞ Türkiyəyə “Patriot” kompleksləri satmaqdan imtina etmişdi.
Belə olan halda Türkiyə çıxılmaz vəziyyətdə qaldı. Əlbəttə, hal-hazırda Türkiyənin mürəkkəb ballistik hədəflərdən və döyüş aviasiyasından qorunmaq üçün operativ müdafiəyə hələlik ehtiyacı yoxdur. Amma özünün müasir və güclü Hava Hücumundan Müdafiə vasitələrinin olması türklərə çox vacibdir.
İndi Türkiyədə Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə üçün orta və uzaq radiuslu reaktiv vasitələr var. Bunların bir qismi “MIM” Amerika sistemləri və digəri isə özlərinin “Hisar” sistemləridir. Türkiyənin döyüş cərgəsində həmçinin “Stinger” raketləri də var, lakin bütün bunlar ballistik raketlərə və ya səsdən iti uçan qırıcı təyyarələrə qarşı mübarizədə kömək edə bilməz. Problem ondadır ki, bütün bu silahlar Türkiyəyə lazım olan imkanları vermir. ”S-400” və ya “Patriot” tipindən olan sistemlər Ankara üçün qonşu ölkələr Suriyaya, İraqa, Yunanıstana və İsrailə qarşı önləyici tədbirlər alınması və siyasi təsir vasitəsi kimi lazımdır. Həm də bu onlara regionun əhəmiyyətli ərazilərini müstəqil şəkildə monitorinq etməyə imkan verəcək.

- S-400 üçün həqiqət anı


2016-cı ildə məlum oldu ki, “S-400” raket sistemlərinin alınması ilə əlaqədar Rusiya və Türkiyə arasında danışıqlar gedir. 2017-ci ildə müqavilə imzalandı və türklər avans ödədilər. Bu komplekslərin alınması iqtisadi cəhətdən Türkiyəyə faydalıdır. Çünki indiki müqavilənin şərtlərinə görə, ödəniləcək məbləğ Çinin və Amerikanın tələb etdiyindən azdır. Moskvanın raket komleksi ilə yanaşı texnoloji sistemləri də verəcəyi dəqiq bəlli deyil.

- Türkiyə imtina edə bilərmi?

Ərdoğan hərəktləri öncədən proqnozlaşdırılmayan siyasətçi kimi tanınır. Məlumdur ki, o, strateq yox, daha çox taktikdir. Nəzəri baxımdan Türkiyə “S-400”-lər üçün Rusiyaya verdiyi maliyyə avansını geri götürə və müqaviləni poza bilər. Ancaq hadisələrin bu yöndə getməsi üçün qeyri-adi nəsə baş verməlidir.
Bəzi türk siyasi şərhçiləri hesab edir ki, hakimiyyət “S-400”-lərə qarşı amerikalı keşiş Endryu Branson münaqişəsində olduğu kimi davrana bilər. Ərdoğan demişdi ki, terrorçuluqda ittiham edilən E.Branson həbsxanada hələ çox oturacaq. Buna cavab olaraq ABŞ Türkiyə mallarına qarşı gömrük tariflərini qaldırmaq kimi bir sıra iqtisadi tədbirlər həyata keçirmişdi. Nəticədə, bir neçə məhkəmə iclasından sonra keşiş Branson həbsxanaya deyil, İzmirdə özəl təyyarəyə minərək, vətəninə uçdu.
Hesab olunur ki, ABŞ-ın təzyiqi ona gətirib çıxaracaq ki, Tramp, Branson məsləsinə bənzər şəkildə “S-400” müqaviləsini ləğv etdirə biləcək. Amma keşiş Branson münaqişəsindən fərqli olaraq bu diskusiyanın üç iştirakçısı var. Türkiyə təzyiqin Amerika metodlarıyla tanışdır və Vaşinqtonun bəzi addımlarını hesablaya bilər. Rusiya isə razılaşmanın pozulmasını istəmir, çünki bu pul və hərbi siyasi təsir imkanlarının itirilməsidir. Nəzərə alsaq ki, ABŞ Suriyadakı əksər mövqelərini itirib və Türkiyə üçün əlverişli şərtlərlə “Patriot” təklif etmək istəmir, onda onların vəziyyətə təsir etmək cəhdləri kifayət qədər səmərəli olmaya bilər.
Həm də Türkiyənin “S-400” alması, NATO üzrə ABŞ müttəfiqinin Rusiya sistemi əldə etməsinin ilk nümunəsi deyil. 1990-cı illərin sonunda ABŞ Yunanıstanın öz döyüş cərgəsinə “S-300” daxil etməsində heç bir texniki problem görməmişdi. Hazırda Yunanıstanda iki “S-300” divizonu var və bununla yanaşı, Afina “F-35” təyyarəsinin potensial alıcıları siyahısında yer alır. Əlbəttə, “S-300” raketləri texnoloji baxımdan “S-400” komplesilə müqayisədə daha az təkmildir. Digər yandan isə Türkiyənin həm Qərblə, həm də Şərqlə əlaqələr yaratmaq arzusu Amerikanı daha çox qıcıqlandırır.
Türkiyə ABŞ-ın mövqeyinin konstruktiv olmadığını görür və zenit-raket sistemlərini kimdən almaq istədiyi haqqını özündə saxlayır. Həmçinin, Ankara anlayır ki, hətta Rusiyanın “S-400” kompleksləri alınsa da, türklər regionda Vaşinqton üçün çox mühüm müttəfiqdirlər. (“Carnegie Moscow Center”-Rusiya)
Türkiyənin “S-400” raket komplekslərini alması artıq siyasi məsələyə çevrilib. Çünki bu təkcə silah mövzusu deyil – Ankara, geosiyasi mövqeyinə əsasən seçim qarşısında qalıb. Rusiya yaxın qonşudur və regionda baş verən hadisələrə müdaxilə imkanı var. Avrasiya qitəsinin şərq hissəsinə diqqət etsək, görərik ki, burada Türkiyə və Rusiya çox mühüm strateji məkanda yerləşiblər və onların həmin ərazilərdə tarixi izləri var. Yəqin ki, həm Türkiyə, həm də Rusiya tarixi keçmişlərindən nəticə çıxarmağı bacarırlar. Hər iki ölkə bir-biriylə keçmişdə apardıqları müharibələr və qarşıdurmalara indi yer verə bilməzlər. Çünki bu onların ziyanınadır. O ki qaldı ortaq mövqe və qarşılıqlı inam nümayiş etdirilməsinə, hələlik üç ildir ki, bu istiqamətdə müsbət işlər gedir. Ancaq Türkiyə ehtiyatı əldən verməməlidir, ona görə ki, Rusiya ona təklif olunan məfəət naminə çox müttəfiqini yarı yolda qoyub qaçıb.
Vaqif NƏSİBOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar