Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan dünyanı fəlakətdən XİLAS EDƏCƏK? - Vaşinqton görüşünün PƏRDƏARXASI

21-06-2019, 09:16   
 
Siyasi şərhçi, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Publika.az-ın son günlər aktual olan siyasi mövzularla bağlı suallarını cavablandırıb.

- Dünyanın siyasi gündəmini ABŞ-İran gərginliyi zəbt edib. Region ölkələri, həmçinin, Avropa bölgədə hərbi münaqişənin alovlana biləcəyindən narahatdır. Necə düşünürsünüz, Yaxın Şərqin qorxduğu başına gələcəkmi? ABŞ-İran münaqişəsinin gələcəyi nə vəd edir?
- Regionda çox təhlükəli bir vəziyyət yaranıb. Bu vəziyyət Azərbaycanın sərhədlərinə yaxındır. Bu mənada, təhlükənin bizə doğru gəlməsi müəyyən problemlər yarada bilər. Həm qaçqın məsələsi, həm ekoloji problemlər yarana bilər. Mən düşünmürəm ki, ABŞ İranla müharibəyə keçsin və münaqişə alovlansın. ABŞ bir superdövlətdir və başa düşür ki, bunun acı nəticələri ola bilər. İran nə İraqdı, nə Liviyadır. İran özünü müdafiə etməyə qadir olan bir dövlətdir. Biz buna həm keçmiş, həm də müasir tarixdən şahid olmuşuq. Bu münaqişədə təhlükənin yaranması ondan ibarətdir ki, Yaxın Şərqdə böyük silahlar cəmlənib. Niyə İranla müharibə olmayacaq? Ona görə ki, ABŞ bu vaxta qədər bir neçə dəfə oxşar hallarda gücünü nümayiş etdirib, lakin son nöqtəsini qoymayıb. Məsələn, Şimali Koreya ilə bağlı olduqca sərt bəyanatlar səsləndirilirdi. Hətta bir sıra gəmilər göndərilmişdi Şimali Koreyaya qarşı. Sonra liderlər görüşdülər və diplomatik yolla məsələ həll oldu. Venesuelada da həmçinin. Oradakı vəziyyət sanki, bu gün-sabahlıq idi. Parlamentlə prezidentin qarşıdurması yarandı. Ağ Ev isə bəyan etdi ki, Venesuelada mütləq müxalif qüvvələr hakimiyyətə gələcək. İranla yaşanan münaqişə də üçüncü belə haldır. Reallığa nə dərəcədə uyğundur, deyə bilmərəm. Amma düşünmürəm ki, biz hərbi münaqişənin yaranmasının şahidi olacağıq. Münaqişənin yaranması belə bir sıra məqamlardan asılı olacaq. Məsələn, bölgə ölkəsi olan İsrail İrana qarşı sərt mövqedədir. Həmçinin, ABŞ-la yaxın münasibətləri var. Bir çox hallarda Donald Tramp İsrailin maraqlarını nəzərə alaraq hərəkət edir. Qüds şəhərinin statusu, Qolan Təpələrinin İsrailə məxsus olması kimi qərarlarını xatırlaya bilərik. Bunlar İsrailin siyasətinə uyğun addımlar idi. Lakin bu məsələdə digər bir reallıq da var: Avropa Amerikanı dəstəkləmir. Hesab edir ki, nüvə proqramı ilə bağlı saziş imzalanmışdı. Bu sazişdən çıxmaq düzgün deyildi. Bu istiqamətdə Avropa ilə ABŞ arasında ziddiyyətlər yaranıb. Bu yaxınlarda Yaponiyanın baş naziri, Almaniyanın Xarici işlər naziri İrana səfər etdi. Bu səfərlər boşuna deyildi. Onlar tərəflər arasında vasitəçilik missiyasını həyata keçirmək üçün səfər etmişdilər. Düşünürəm ki, İrana Avropadan başqa bir siyasətçi gedəcək. Çünki Avropa başa düşür ki, gərginliyi azaltmaq lazımdır. Hamı anlayır ki, bu gərginlik bütün qitə ölkələrinə təsirini göstərə bilər. Burada neft problemi var, strateji maraqları toqquşan dövlətlər iştirak edir.
- Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri Vaşinqtonda səfərdədirlər. ABŞ onlardan İran məsələsi barədə nə isə xahiş edə bilərmi?
- Aydın məsələdir ki, səfərin prioritet məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Lakin mən heç də istisna etmirəm ki, orada İran problemi də müzakirə olunsun. Bu problemə toxunulmasın. Prezidentin müşaviri hər iki nazirlə təkbətək görüşüb. Bu da təsadüfi hal deyil. Qarabağ problemi bizim üçün üstün məsələdir. Buna görə də bu görüş təşkil olunub. Lakin mən düşünürəm ki, həm də İranla bağlı mövqelər aydınlaşdırılır. Fikrimcə, Ermənistan birmənalı şəkildə İranı müdafiə edəcək. Çünki Ermənistanın dünyaya yeganə pəncərəsi İrandır. İran isə sanksiyalar altındadır. Ermənistan başa düşür ki, bu pəncərə bağlansa, o, boğula bilər. ABŞ isə ona kömək etməyə hazır deyil. Xatırlayaq ki, Ermənistan Rusiya ilə birlikdə Suriyaya humanitar yardım göndərmişdi. Bu da Amerikanın qəzəbləndirmişdi.
- Bəs Azərbaycanın İran-ABŞ münaqişəsində mövqeyi necə olacaq?
- Azərbaycanın isə mövqeyi neytraldır. Biz İrandan imtina etmək fikrində deyilik. Bizim müxtəlif ortaq layihələrimiz var. Ən azından, sərhəd qonşumuzdur. Azərbaycan İranın bir sıra siyasi addımları ilə razılaşmaya bilər. Hər halda, başa düşürük ki, əməkdaşlıq etmək lazımdır. Azərbaycan ABŞ-İran münaqişəsinə qoşulmayacaq. Biz həmişə demişik ki, xarici siyasətimiz həm balanslaşdırılıb, həm də millətin maraqlarına cavab verir. İranda bizim milyonlarla soydaşımız var. Ən azından bunu nəzərə almalıyıq. Sərhədimiz var. Müxtəlif ortaq layihələrdə iştirak edirik. Azərbaycan anlayır ki, münaqişə gec-tez yoluna düşəcək, gərginlik azalacaq. Belə olan halda, Azərbaycan tərəfkeşlik etsə, onun maraqlarına zərbə dəyə bilər.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar