Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Patruşevin Bakı səfəri - Rusiya Qarabağda müharibə başlamasını niyə istəmir?

5-09-2019, 09:09   

 

Ermənistanın baş naziri hərbi əməliyyatları bəhanə edərək Qərb siyasətini daha da fəallaşdırmaq və Rusiyadan uzaqlaşmaq istəyir; politoloq: “Kremlə bölgədə sakitlik lazımdır, amma...”

Sentyabrın 3-də prezident İlham Əliyev Azərbaycana səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrin inkişafındakı rolu vurğulanıb.

N.Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da Nikolay Patruşevi qəbul edib. “Report”un məlumatına görə, görüşdə terrorçuluq və ekstremizmlə mübarizə məsələləri, habelə iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

R.Usubovu hazırkı vəzifəyə təyin olunması münasibətilə təbrik edən qonaq iki ölkə arasında təhlükəsizlik şuraları və güc qurumları xətti ilə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

“İki ölkənin bir sıra nazirlik və idarələrin ekspertləri arasında keçirilən məsləhətləşmələr zamanı terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunların təkmilləşdirilməsinə, habelə informasiya təhlıükəsizliyinin təmin olunmasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd olunub.

Rusiyalı qonaq həmçinin iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın da sürətlə inkişaf etdiyini deyib. O, Rusiya-Azərbaycan dövlət sərhədində müştərək infrastruktur layihələrinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, avqustun 12-də N.Patruşev Ermənistana səfər etmişdi. Maraqlıdır ki, erməni mediası bu günədək Rusiya rəsmisinin İrəvan səfərində nələrin müzakirə edildiyindən xəbərsiz olduqlarını bildirirlər. Patruşevin Bakıya səfəri ilə bağlı da detallı məlumatlar verilmir. 

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov  “Amerikanın Səsi”nə bildirib ki,  Patruşevin səfəri Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artdığı bir vaxta təsadüf edir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bu cür siyasəti hərbi əməliyyatların bərpasını real edir. “Hiss olunur ki, Patruşevin səfəri vacib və ciddi bir səfərdir. Ən əsası da Ermənistan-Azərbaycan münasibətlərinin gərgin halını nəzərə alsaq, hiss olunur ki, vacib mövzulara həsr olunan bir səfərdir. Bir də qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Paşinyanın bu ilin yayından başlayan təhdidedici siyasəti Rusiyanı ciddi şəkildə narahat etməyə bilməz. Çünki Ermənistan rəhbərliyinin bu cür siyasəti hərbi əməliyyatların bərpasını çox real edir. Hiss olunur ki, Paşinyanın əsas məqsədi hərbi əməliyyatlardan bəhanə kimi istifadə edərək qərbyönümlü siyasətini daha da fəallaşdırmaq istəyir. Ermənistan rəhbəri həm də onu qəbul etməyən Rusiya rəhbərliyinin himayəsindən uzaqlaşmaq istəyir”, - deyə Zülfüqarov vurğulayıb.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  “Yeni Müsavat”a bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməkdə maraqlı deyil. Yeganə istəyi budur ki, müharibə olmasın, status-kvo davam etsin: “Bu da bizim maraqlarımıza cavab vermir. Ona görə mən bu səfərdən hansısa müsbət nəticə gözləmirəm. Patruşev tez-tez Azərbaycana səfərlər edir. Biz həmin səfərlərdən hansı müsbət nəticə görmüşük ki, bu səfərdən sonra münaqişənin həllində hansısa müsbət nəticə görək?”

“Atlas” rəhbəri səfərlə bağlı rəsmi məlumata istinad edərək bildirdi ki, Patruşev qeyd olunan mövzuları detallı şəkildə Ramil Usubovla müzakirə edib: “Əvvəllər Nikolay Patruşev Moskvada və Bakıda məlum mövzuları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə müzakirə edirdi. Təhlükəsizlik Şurasının işlərini Ramil Usubova təhvil verən Ramiz Mehdiyevin artıq Patruşevlə görüşünə ehtiyac qalmayıb”.

Bəs Patruşev hansı məsələləri müzakirə etmək üçün Bakıya gəlib? E.Şahinoğlunun qənaəti belədir: “Birincisi, Patruşev  ildə bir dəfə həm Azərbaycana, həm də Ermənistana səfər edir və rəsmi xəbərlərdə müzakirə mövzuları dəyişmir. Buna baxmayaraq, bəzən Patruşev hansı mövzulara üstünlük verdiyini üstüörtülü açıqlayır. Məsələn, Patruşev 2017-ci ilin aprelin 10-da Bakıya səfəri zamanı belə bir cümlə işlətmişdi: ”Əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür. Təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz". Belə görünür ki, Kreml iki il əvvəl də, indi də Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini bütün digər mövzuların önündə qoyur. Bəlkə də bu, Rusiyanın rəsmi Bakıya “müharibəyə başlamayın” mesajıdır ki, bu fikri Patruşev qapalı görüşlərdə Azərbaycan rəsmilərinin diqqətinə çatdırır. Patruşevin avqustun 12-də İrəvana səfəri də bu məsələ ilə əlaqəli olub.

E.Şahinoğlu xatırlatdı ki, Patruşev vaxtilə  Rusiya kəşfiyyatına da başçılıq edib: “O, Azərbaycandakı və Ermənistandakı vəziyyət haqqında kifayət qədər kəşfiyyat məlumatlarına malikdir. Üstəgəl, Putinin ən yaxın adamlarındandır və bir sıra hallarda Kreml sahibinin xüsusi mesajlarını çatdırmaq üçün bu və ya digər ölkəyə səfər edir. Rusiya bölgədə müharibənin əleyhinədir. Ancaq Kreml onu da müşahidə edir ki, birincisi, Ermənistanın baş naziri Paşinyanın Dağlıq Qarabağ münaqişəsi haqqındakı məntiqsiz fikirləri bölgədə müharibə riskini artırır. İkincisi, rəsmi Bakı Naxçıvan və Qazax istiqamətlərində apardığı əməliyyatlar çərçivəsində Ermənistana qarşı hərbi təzyiqdən istifadəyə meyillənib. Bu gedişat Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də Kreml Patruşevi həm İrəvana, həm də Bakıda göndərir ki, hər iki tərəfi lokal toqquşmadan çəkindirsin”.

Politoloq qeyd etdi ki, Paşinyan  Xankəndidəki çıxışında “Qarabağ Ermənistanındır”  deyəndən 1 həftə sonra Patruşev İrəvana getdi və o, rəsmi İrəvanın dəyişən ritorikasının bölgədə müharibə riskini artırdığını erməni həmkarlarına anlatmağa çalışdı. O, Paşinyanla görüşə başqa bir missiya ilə də getmişdi. Paşinyan Vladimir Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir. Putin bu yaxınlarda həbsdə olan Köçəryana artıq ikinci təbrik məktubunu göndərib. Budəfəki məktubda o, Köçəryanı 65 yaşının tamam olması münasibətilə təbrik edib. Siyasi tarixdə görünməyən hadisədir ki, bir dövlətin başçısı digər dövlətdə həbsdə olan siyasətçini iki dəfə ard-arda nəyəsə görə təbrik edir. Bu, Putinin Paşinyana birbaşa mesajıdır ki, səbrimi daşırma! Putin Patruşevin İrəvana səfərləri vasitəsilə Köçəryanı həbsdən azadlığa çıxmasına nail olmaq istəyir. Paşinyan Köçəryan məsələsində Kremlin təzyiqləri ilə üz-üzə qalsa da, eks-prezidenti azad etməklə “Qarabağ klanı”nın əlini gücləndirmək istəmir. Ancaq Paşinyanın Kremlin Köçəryan məsələsində təzyiqlərinə hansı həddə qədər dözəcəyi sual altındadır".

E.Şahinoğlunun sözlərinə görə, Patruşevin İrəvan səfəri Ermənistanın indiki hakimiyyətinin maraqlarına cavab vermədiyi aydındır. “Amma TŞ katibinin Bakıda müharibənin qarşısını almaq çağırışları da Azərbaycanın maraqlarına cavab vermir. Kremlə bölgədə sakitlik lazımdır. Ancaq torpaqların işğalının davamına şərait yaradan sakitlik Azərbaycanın maraqlarına cavab vermir. Rusiya Təhlükəsizlik Şurasının katibinin Azərbaycana hər səfəri bir maraqlı təsadüflə və ya gerçəkliklə də yadda qalır. Patruşev hər dəfə Bakıda olanda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına yönəlik hansına önəmli hadisə baş verir. Məsələn, 2017-ci ilin aprelində Patruşev Bakını tərk etdikdən dərhal sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana səfərə gəldi. Türk generalın Bakıya səfəri ona işarə idi ki, Türkiyə Azərbaycan hərbisinin müxtəlif istiqamətlərində inkişafı məsələlərində dəstəyini əsirgəməyəcək. Patruşevin budəfəki səfəri də Azərbaycanla Türkiyənin hərbi hava qüvvələrinin birgə ”TurAz Qartalı - 2019" taktiki-uçuş təlimlərinə təsadüf edib. Bu dəfə də Türkiyədən Azərbaycana yüksək rütbəli generallar gəlib. Əgər Rusiyadan təhlükəsizliklə bağlı Bakıya gələn heyətlərin səfərləri hansısa mövzuda xəbərdarlıq mahiyyəti daşıyırsa, Türkiyədən Bakıya gələn heyətlərin məqsədi ikitərəfli strateji əməkdaşlığın inkişafına və Azərbaycanın təhlükəsizlik imkanlarının artmasına xidmət etməkdir".

Cavid TURAN,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar