Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PUTİN POSTSOVET MƏKANINDA YENİDƏN ƏSAS SÖZ SAHİBİNƏ ÇEVRİLİR:Ukrayna və Gürcüstan niyə Moskvaya üz tutur?

30-09-2019, 13:09   
 

Gürcüstanın xarici işlər naziri David Zalkalianinin rusiyalı həmkarı Sergey Lavrovla görüşü böyük rezonans doğurdu. ABŞ diplomatlarının bu görüşə reaksiya verməsi danışıqların strateji xarakterindən xəbər verirdi.
Gürcüstan prezidentinin bu görüşlə bağlı açıqlaması da maraqlıdı. Salome Zurabişvili BMT Baş Assambleyasının 74-cü sessiyasının gedişindəki çıxışını xatırladıb: “Öz çıxışımda mən aydın şəkildə dedim ki, əraziləri işğal altında olan və bu cür münaqişə ilə üzləşən ölkə üçün iki yol var – müharibə, hansı ki, biz ondan imtina etmişik, ikinci yol – bu, diplomatiya və dialoqdur. Gürcüstan bu yoldan istifadə etməyə və özünə qapana bilməz”.
Zurabişvili ABŞ, Avropa İttifaqının da bu görüşü müsbət dəyərləndirdiyini və Gürcüstanın cəhd etməli olduğunun vurğulandığını diqqətə çatdırıb.
Görünən budur ki, Tblisidə Moskva ilə açıq təmaslara başlamağa qərar veriblər. İstisna deyil ki, bu, 2020-ci ilə hesbalanmış strategiyanın tərkib hissəsidir. 2020-ci ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək və Moskvanın dəstəklədiyi Bdzina İvanişvili partiyası üçün yeni fürsətlər yaratmaq məqsədi güdür.
Son 3 ildə Gürcüstan müxalifəti xeyli möhkəmlənib və artıq İvanişvilinin etimad limiti də azalıb. Moskva heç bir halda yenidən Saakaşvili tərəfdarlarının hakimiyyətə gəlməsinə imkan verə bilməz. Bu kontekstdə istina deyil ki, Moskva hansısa güzəştlərlə yenidən İvanişvilinin hakimiyyətdə qalmasını təmin etməyə qərar verə bilər.
Ümumiyyətlə, son vaxtlar ərazi münaqişələrinə cəlb olunan MDB ölkələrindən Ukrayna Gürcüstanın Moskva ilə danışıqlar aparmaq səyləri diqqətdən qaçmamalıdır. Gürcüstanın da Kiyevin ardından Moskva ilə birbaşa danışıqlara başlaması və hansısa yolla dil tapmağa çalışması, hər iki tərəfin müharibə variantını istisna etməsi ümumi bir prosesin tərkibi kimi dəyərləndirilə bilər.
Bu proses ABŞ və Tramp komandası, Fransa və Avropa İttifaqının Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırması, bu yanaşmanın hazırda aktuallaşmasıyla əlaqədardır. Fransa prezidentinin “Böyük yeddilik” ölkələrinin bu ölkədə keçirilən sammitindən əvvəl Rusiya prezidentini dəvət etməsi və danışıqlar aparması, bu toplantıdan sonra səfirlərlə görüşündə Moskva ilə əməkdaşlığın vacibliyini vurğulaması bütün dünya üçün ciddi siqnal oldu. Bunun ardından prezident Trampın ukraynalı həmkarına, faktiki olaraq, Putinlə anlaşmağı tövsiyyə etməsi Rusiyaya münasibətin dəyişməsinin bariz nümunəsi oldu.
Müşahidə olunur ki, Rusiyanın ən azı yaxın bölgələrdə, postsovet çoğrafiyasında, Yaxın Şərqdə və digər regionlarda təsir imkanları artıq əvvəlkindən daha çox nəzərə alınır. Postsovet çoğrafiyasında Rusiyanın arbitr rolu Tramp komandası tərəfindən qəbul olunur. Başqa sözlə desək, Vaşiqnton əvvəlki kimi bu bölgələrə ya diqqət ayırmır, yaxud ayıra bilmir, ya da zəruri hesab etmir.
Güc nisbətində bu cür transformasiya ərazi münaqişəsi ilə üzləşən ölkələri yenidən Moskvaya üz tutmağa vadar edir.
ABŞ prezidenti ilə Ukrayna prezidentinin telefon danışığının mətninin açıqlanması məlum etdi ki, Avropa İttifaqı ilə bağlı Kiyevdə çox bədbindirlər. Vaşinqton isə əvvəlki səviyyədə və inadkarlıqla Ukraynanı dəstəkləməyə hazır deyil. İran və Türkiyənin Rusiya ilə əməkdaşlığı, bu ölkələrin xeyli dərəcədə xarici siyasət məsələlərində Kremlin yanaşmasından asılılıqlarının yaranması da Rusiyaya əlavə xal qazandırmaqdadır.
Bütün bunlar Azərbaycanda da təhlil edilməli və müvafiq korreksiya fəaliyyəti həyata keçirilməlidir.
Zaur İBRAHİMLİ
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar