Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Müxalifət dilemma qarşısında: seçkiyə getmək və ya onu boykot etmək?

4-12-2019, 08:50   


müxalifət
Image captionƏsas müxalifət partiyaları növbədənkənar parlament seçkilərində iştirak edib-etməməklə bağlı müzakirə keçiriblər

Azərbaycanda bəzi müxalifət siyasi partiya və bir qrup ictimai-siyasi fəal növbədənkənar keçirilməsi gözlənən parlament seçkisinə qatılmaq və onu boykot etmək dilemması qarşısında qalıb.

Çərşənbə axşamı günü Müsavat partiyasının qərargahında keçirilən Dəyirmi Masada müxalifət təmsilçiləri bu suala cavab axtarıblar.

Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciət edib. Prezident İlham Əliyev də Konstitusiya məhkəməsinə sorğu göndərib ki, parlamentin buraxılmasının Konstitusiyaya uyğun olub-olmamasını yoxlayıb rəy versin.

Bəzi müxalif təmsilçiləri seçkidə iştiraka müsbət yanaşırlar.

Digərləri isə seçkidə iştirakdan imtina etməsələr də seçkilərin keçirilməsi üçün azad və ədalətli mühitin hakimiyyət tərəfindən təmin edilməsinin vacibliyini vurğulayıblar.

Arif Hacılı (sağda), İsa Qəmbər (solda)
Image captionArif Hacılı (sağda), İsa Qəmbər (solda)

Müsavat başqanı Arif Hacılı deyib ki, hazırkı şərtlərdə seçkilərdə iştirak çox çətindir, amma seçki ilə bağlı qərarı Müsavat partiyası şənbə günü verəcək.

"Seçki komissiyaları tam şəkildə hakimiyyətin nəzarəti altındadır. Təbii ki, belə bir şəraitdə, hər hansı bir dəyişiklər baş verməsə seçkilərin taleyi, onun nəticələrinin necə olacağı əvvəlcədən məlumdur", Arif Hacılı bildirib.


Əli İnsanov
Image captionƏli İnsanov

Keçmiş səhiyyə naziri Əli İnsanov seçkilərdə iştirakla bağlı deyib ki, "seçkilərə az bir müddət qalsa da ifadə azadlığı təmin olunmayıb".

"Biz partiyanı yaratmaqdayıq, amma bizim tərəfdaşlarımıza elə təhdidlər var ki, mən o insanları necə qoruyacağım barədə düşünürəm. Onlar geri çəkilmirlər. Sərbəst toplaşmaq, söz azadlığı olmayan ölkədə necə seçki keçirmək olar. Yeni Seçki Məcəlləsi yazılmalıdır", Əli İnsanov deyib.

Onun sözlərinə görə, "şansları elə müəyyənləşdirməlidirlər ki, iştirakları ilə hakimiyyətin "saxta seçkisini legitimləşdirməsinlər".

AXCP
Image captionSeymur Həzi

Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Seymur Həzi deyib ki, təmsil etdiyi partiya hələ qərar qəbul etməyib.

"Bizim bəyanatı "boykot" deyə şərh edirlər, biz hələ boykot elan etməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, heç olmasa Azərbaycan xalqının inamını cücərdən seçki mühiti olsun ki, biz orada iştirak edək", Seymur Həzi bildirib.

O deyib ki, hakimiyyət təklifləri qəbul etsə, heç olmasa 2005-ci ilin şərtlərinə uyğun seçki keçirmək olardı, amma onun gözləntisinə görə seçki saxtalaşdırılacaq.

"Hazırkı şərtlərdə biz bir güləşməyə girir ki, qolumuzun ikisi də bağlıdır. Heç olmasa qolumuzun birini açsınlar ki, güləşmə təəssüratı yaransın", Seymur Həzi deyib.

Seymur Həzi BBC News Azərbaycancaya deyib ki, partiyası hər an seçkidə iştirak edib-etməməklə bağlı qərar verə bilər və qərarla bağlı dəqiq tarix bəlli deyil.


REAL
Image captionNatiq Cəfərli

REAL-ın icra katibi Natiq Cəfərlinin fikrincə, "seçkiləri boykotun qanuni tərəfi yoxdur və boykot olunduğu təqdirdə də hakimiyyət legitimliyini itirmir".

Natiq Cəfərli bildirib ki, ötən Dəyirmi Masada hakimiyyətin seçki öncəsi aparmalı olduğu dəyişiklər barədə qəbul edilən təkliflər "arzudur" və hakimiyyətin bunu etməyəcəyindən əmindir.

Onun sözlərinə görə, seçkidə iştirak üçün hakimiyyətin qarşısına şərtlər qoymaqla onların reallaşacağına inanmaq mümkünsüz görünür.

Pənah Hüseyn
Image captionPənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, o, əvvəlki illərdə parlament seçkilərində iştirak edib və parlamentdə təmsil olunub, amma bu, heç nəyi dəyişməyib.

Onun sözlərinə görə, hazırda ölkədə vəziyyət dəyişib və indi müzakirədə olan təşkilatlar ölkədəki vəziyyəti ifadə edən sənəd qəbul etməlidirlər.

"Azərbaycanda azad, ədalətli seçki mühiti yoxdur. Bu mühitdə seçkilərdə iştirak nə dərəcdə məqsədə uyğundur, onu yazılı ortaya qoyan sənədə ehtiyac var", Pənah Hüseyn deyib.

"Hətta bu gün bütün müxalifət bir yerə toplanıb vahid bir mövqe də ortaya qoysa, bu, mümkün deyil. Bu gün hər şey iqtidardan asılıdır və məsuliyyət də onundur", Pəbah Hüseyn bildirib.


Hikmət Hacızadə
Image captionHikmət Hacızadə

Siyasi şərhçi Hikmət Hacızadə seçkidə iştirakın tərəfdarıdır.

Onun sözlərinə görə, "cəmiyyət gənc nəslin seçkidə iştirakını və vuruşmasını istəyir".

"Mən öz səhhətimlə bağlı seçkilərdə iştirak etməyəcəm. Buna nə səhhətim, nə də maddi imkanım çatır, amma gənclərin iştirakının tərəfdarıyam", Hikmət Hacızadə deyib.

"Dünya Azərbaycandan böyükdür və demokratiya dalğası gəlib bizə də çatacaq. Demokratik dünyada balaca, avtoritar Azərbaycan adasının qalması mümkün deyil. Avropadan bizə həmişə belə söz gəlir ki, siz seçkiyə getməsəz biz pozuntuların olduğunu hardan biləcəyik? Bütün bu avtoritar rejimlərin seçki nəticələri toplanılır və bir balaca büdrəmə olsa, regionumuz dəyişsə onlar hamısı çıxarılıb masaya qoyulacaq", Hikmət Hacızadə deyib.

O hesab edir ki, "iddialı cavanlar" seçkiyə gedib təcrübə toplamalıdırlar. "Ola bilər biz bu dəfə parlamentə düşməyək. Nə olsun, amma demokratiya gediləcək uzun yoldur, gedərik. İştirak etmək lazımdır, birdən nəsə dəyişdi", Hikmət Hacızadə bildirib.

İsa Qəmbər
Image captionİsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat partiyasının Divan üzvü kimi partiyanın qərarını gözləsə də, seçkilərdə iştiraka müsbət yanaşır.

"Qərarların arasında ən ziyanlısı "seçkiləri boykot edirəm" deyib kənara çəkilməkdir. Mən o fikirdəyəm ki, bütün əzab-əziyyətlərinə, bizə vurulacaq zərbələrə baxmayaraq, seçkilərdə iştirak daha faydalıdır", İsa Qəmbər bildirib.

O deyib ki, maliyyəsizliyə, nəticəsizliyin yaratdığı ümidsizliyə baxmayaraq, seçkilərdə iştirak düzgün qərar olar və bu seçki institutunun ölməsinə imkan verməz.

Mehman Əliyev
Image captionMehman Əliyev

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də seçkilərdə iştirakın tərəfdarıdır, onun təbirincə, "seçkidə iştirak bir fürsətdir".

"Bu gün cəmiyyətə mübarizə nümunəsini göstərmək lazımdır. Seçkidə cəmiyyəti diskussiyalara gətirmək, səfərbər etmək olar. Seçkidə iştirak etmirsə, siyasi partiyalar onda nəyə lazımdır", Mehman Əliyev deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar