Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

'7 dairədə gərginlik saxlamaqla demokratik fon verməyə çalışdılar'

11-02-2020, 09:01   
 


Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin 7 dairədə nəticələri ertəsi gün gündüz saatlarına kimi açıqlanmamışdı. Bunlar 17 saylı Yasamal üçüncü, 35 saylı Xətai üçüncü, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Xızı, 77 saylı Astara, 123 saylı Kəlbəcər, 125 saylı Zəngilan-Qubadlı seçki dairələri idi.
Gündüz saatlarında nəticələr elan olunub. Bu, exit-poll-un elan etdiyi namizədlərdir, onların 6-sı hakim partiyadandır: Elnur Allahverdiyev, Tahir Mirkişili, Müşviq Məmmədov, Rəşad Mahmudov, Aqil Məmmədov, İmamverdi İsmayılov. Biri isə «Yeni Müsavat» qəzetinin redaktoru Rauf Arifoğludur.
AzadlıqRadiosu baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasından və adıçəkilən DSK-lardan məlumat ala bilməyib.

 

«Biz 30 məntəqənin 30-da da qalibik»

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə də onlara nəticələrin açıqlanmaması ilə bağlı məlumat verilmədiyini demişdi: «Bu gün DSK-ya səslərimizin sayılması ilə bağlı rəsmi şikayətimizi verdik. Oradan cavab verdilər ki, bu, bizim ixtiyarımızda deyil, MSK-ya müraciət edin. Biz müraciətimizi MSK-ya təqdim etmişik. Bizə deyiblər ki, araşdırırıq».
İ.Ağazadə bütün məntəqələr üzrə qalib olduğunu iddia edir. O, əllərində bununla bağlı videogörüntülərin olduğunu bildirir:

«Bizim əlimizdə rəsmi nəticələr elan olunarkən videomateriallar var. Biz 30 məntəqənin 30-da da qalibik».

Artıq həmin dairədən qalib elan olunan Rauf Arifoğlu isə rəqibini fırıldaqçılıqda ittiham edir.

17 saylı dairədən namizəd Azər Qasımlı da həmin dairədə ciddi problemlər olduğunu iddia edir: «Biz 18 məntəqədən canlı yayım edib məntəqə sədrlərinin ağzından rəsmi rəqəmləri almışıq ki, bu dairədə çox az adam iştirak edib, yəni 10 faiz. Bu yayımdan 3-4 saat əvvəl MSK 30 faiz deyirdi. Onu mən yaymışam. O biri biabırçılıqlar da məlumdur, bizim dairədə polis əməliyyat keçirdi, «karusel» oldu...».

«Demokratik fon»

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, qabaqcadan hansı dairədən kimin qalib elan olunacağı bəlli idi. Onun fikrincə, sadəcə, «bu 7 dairədə gərginlik saxlamaqla demokratik fon verməyə çalışdılar».
«Əvvəlcədən nəticəsi bilinən seçkidir. Seçki adına utanc idi. Niyə keçirildi, onu bilmirəm. Özünü buraxmış parlament yenidən 5 il də fəaliyyət göstərəcək. Həmin deputatlar yenidən parlamentdə oturdular. Bütün bunlar imitasiya xarakteri daşıyırdı. Həm 7 dairədə də nəticələrin elan olunacağı da bəlli idi», – siyasi şərhçi söyləyir.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.
Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.
Müxalifətdən Milli Şura və bəzi başqa qüvvələr bu seçkiləri boykot edib. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.
Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar