Ana səhifə

PUTİN-SALMAN QARŞIDURMASI – Səudiyyə şahzadəsinin qisas planı baş tutacaqmı?

    Tarix: 17-03-2020 15:14   


2020-ci il başayan kimi dünya sanki hava burulğanına girib. Planeti koronavirus infeksiyası bürüyüb və o öz gücünü getdikcə artırır. Demək olar ki, bütün ölkələr özünü izolyasiyaya salaraq, bu pandemiyadan daha az ziyanla çıxmağa çalışır.

Hazırda koronavirus enerji daşıyıcılarının qiymətinə çox ciddi təsir göstərir. Amma maraqlısı odur ki, iri neft ölkələri yaranmış fürsətdən sui-istifadə edərək, bir-birlərini oyundankənar vəziyyətə salmaq istəyirlər. Bəllidir ki, dünyada ən böyük neft hasilatçıları ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyadır. ABŞ müəyyən qədər fərqli durumdadır. Çünki Amerikanın hasilatı artırmasının başlıca səbəbi şist neft yataqlarının istismarı ilə bağlıdır. İş ondadır ki, şist neftinin hasilatına çəkilən xərc, digər neft markalarına sərf olunan xərcdən xeyli çoxdur. Yəni, maya dəyəri bahadır və haradasa 55-60 dollar arasındadır. Ona görə də, ekspertlər bunun nəylə nəticələnəcəyini diqqətlə izləyirlər. Rusiya istəyir ki, ucuz neftlə Amerikanın şist sənayesini dağıtsın. Bunu yaxşı anlayan Amerikanın yaxın müttəfiqi Səudiyyə Ərəbistanı Rusiyaya qarşı əks həmləyə keçərək, qiymətin daha da ucuzlaşmasına təkan verə biləcək addımlar atır. Səudiyyə həm öz neftini 25 dollardan təklif edir və həm də gündəlik hasilatı 2 milyon barrel artırıb. Rusiya isə öz növbəsində deyir ki, biz buna dözəcəyik.

Göründüyü kimi, maraqlı və gərgin vəziyyət yaranıb. Dünyanın aparıcı mətbuat orqanları tüğyan edən koronavirusla yanaşı, Səudiyyə Ərəbistanı və Rusiya arasındakı neft müharibəsinə xüsusi önəm verirlər.

Hazırda məsələ ilə əlaqdar beynəlxalq mətbuatda müxtəlif fikirlər dolaşır. ABŞ-ın tanınmış “Bloomberg.com” portalında “Putin, nümayiş etdirdiyi kimi, neft qiymətlərinin çoküşünə qarşı dayanıqlı deyil” başlıqlı məqaləsində qeyd edir: “Dünya bazarlarını çalxalayan neft müharibəsinin səbəbkarlarından biri olan Rusiya bir həftə öncə qürrələnərək deyirdi ki, neftin qiyməti 25 dollara düşsə də onların iqtisadiyyatı bu çətinliyin öhdəsindən gələ bilər. Ancaq iqtisadçılar buna əmin deyillər. Son beş il ərzində Rusiya büdcənin həcmini azaldaraq, 570 milyard dollardan artıq ehtiyat toplayıb. Elə bunun sayəsində Rusiyanın mövqeyi bazardakı rəqibi Səudiyyə Ərəbistanına nisbətən daha güclü görünür. Lakin əgər neft qiymətləri uğrunda müharibə bir ildən artıq müddətə sürərsə, Kreml real olaraq ağrını hiss etməyə başlayacaq. Təhlükə altına düşən tərəf isə dövlət xərcləri olacaq. Bildiyimiz kimi prezident Vladimir Putin rusiyalılara həyat standartının yüksələcəyi sözünü verib. Məsələ ilə bağlı Moskvadakı “Alfa-Bank”-ın iqtisadçısı Natalya Orlova deyib: “Əgər onlar bir ildən sonra görsələr ki, neft 30 dollar səviyyəsində sabitləşib, onda ya xərcləri kəsəcəklər, ya da vergiləri artıracaqlar. Çünki başqa çıxış yolu yoxdur”.

Mərkəzi Bankın hesabatında qeyd olunur ki, bir barrel neftin qiyməti 25 dollar olarsa, onda Rusiya iqtisadiyyatı bu il tənəzzülə uğrayacaq. Amma buna baxmayaraq, hələlik Putin özünü əmin aparır. Deputatlarla görüşü zamanı o deyib ki, Rusiya indiki iqtisadi qasırğaya dözə biləcək. Putin iqtisadi böyüməni özünün indiki prezident müddətinin başlıca vədinə çevirib. O, bu il Ümumi Daxili Məhsula görə infrastruktura və sosial dəstəyə çəkilən xərcləri 1,3 % yüksəltməyi planlaşdırıb. Dövlət ödəmələri və real məvaciblərin azaldılması nəticəsində Putinin populyarlıq reytinqi aşağı düşüb.

Bu yaxınlara kimi neftin qiyməti düşəndə hökumət xərclərə sərf olunan vəsaiti “Milli Rifah Fondu”ndan (MRF) götürürdü. Bu fonddakı pullar neft satışından əldə edilən gəlirlər hesabına yığılıb. Əgər neftin qiyməti düşməkdə davam edərsə, hökumət həmin mənbəyə yenidən əl atacaq. Rusiyanın MRF vəsaitlərini xərcləməsi bu ölkəni çox çətin maliyyə vəziyyətinə düçar edə bilər. Milli valyutanı dəstəkləmək üçün iki gün əvvəl Rusiya Mərkəzi Bankı bu fonddan pul götürməyə başlayıb”.

- İqtisadçılar nə deyir?

“Bloomberg Economics”-in aparıcı iqtisadçısı Skott Conson deyib: “Rusiya hökumətinin bir neçə il ərzində xərcləri bağlamaq üçün kifayət qədər ehtiyatı var. Amma bizim hesablamamıza görə, bu 10 il yox, 6 ilə qədər kömək edər. Ümumi iqtisadi geriləmə şərtləri daxilində enerji resurslarının satışından başqa, iqtisadiyyatın digər sektorlarından gələn qazanc da azalacaq. Bu isə büdcəyə əlavə yük yaradacaq”.

Sözsüz ki, rublun zəifləməsi neftin qiymətinin düşməsini qismən kompensasiya edərək, büdcəyə müəyyən dəstək ola bilər. Maliyyə nazirliyinin dəyərləndirməsinə görə, rublun məzənnəsinin 1 rubl aşağı düşməsi, enerji resurslarının ixracına qoyulmuş vergidən əlavə büdcəyə 70 milyard rubla yaxın (970 milyon dollar) gəlir gətirir. Büdcə üzrə iqtisadçı ekspert qrupunun mütəxəssisi Aleksandr Suslin bildirib: “Əgər onlar pulu qənaətlə xərcləsələr, onda Rusiya hökuməti “Milli Rifah Fondu”nun hesabına 6 il ərzində duruş gətirə bilər. Amma bazarın eniş-qalxış hərəkətləri Mərkəzi Bankı məcbur edir ki, faiz dərəcələrini saxlasın. Bu isə iqtisadiyyatın böyüməsini əngəlləyir”.

Moskvadakı “BCS” maliyyə qrupunun iqtisadçısı Vladimir Tixomirov hesab edir ki, əgər neftin qiyməti illik orta hesabla bir barrel üçün 35 dollar səviyyəsində olarsa, onda Rusiya iqtisadiyyatı bu il 0,5 faiz geriləyəcək. Onun sözlərinə görə, maliyyə nazirliyi iqtisadi fəallığın azalmasını nəzərə almır və buna görə də onların dəyərləndirmələrini şişirdilmiş hesab edirlər. Böyük Britaniyanın həftəlik “The Spectator” jurnalı “Kobud taktika: Rusiya və Səudiyyə Ərəbistanı neft qiymətləri uğrunda döyüşür” başlıqlı yazısında mövcud vəziyyəti belə dəyərləndirir: “Hal-hazırda Tramp iki müxtəlif risklə qarşılaşıb. Koronavirus özlüyündə ciddi problemdir. Lakin başqa təhlükə var: Amerikanın neft dünyasında aparıcı status qazanmasına qarşı pandemiyadan vasitə kimi istifadə oluna bilər. Nə vaxt ki, ABŞ neft ixracından asılı idi, neftin ucuz qiyməti ona sərf edirdi. Amma indi şist neftinin Amerikanı xalis ixracatçı etdiyi bir vaxtda, bu sahənin kövrək və zəif yeri ortaya çıxıb. Bəli, hazırda Amerikanın şist neft sənayesi möhkəmlik və dözümlülük sınağından keçir.

Elə buna görə də, hazırda ruslar Səudiyyə Ərəbistanının qaydaları ilə oynamaq istəmirlər. Moskvanın nöqteyi-nəzərinə görə, indi hasilatın azaldılması təhlükəlidir, ona görə ki, ümumi yekunda bu Amerikan neftinə tələbatı artıracaq. Hasilatın azaldılması neft qiymətlərinin sabitləşməsinə imkan versə də, nəticədə Amerikanın mövqeyi möhkəmlənəcək. Məgər belə bir yekun Rusiyaya faydalı ola bilərmi?

Ona görə də, Vladimir Putin öz ölkəsinin maraqlarını önə çəkərək, hasilatın azaldılmasıyla əlaqədar Səudiyyə Ərəbistanı ilə bağladığı müqaviləni pozdu. Rəsmi olaraq həmin müqavilənin müddəti aprel ayında sona çatır.

Sadə amerikalılar üçün mühüm məsələ odur ki, Səudiyyə Ərəbistanı və Rusiya arasındakı neft davasınının nəcə nəticələnəcəyindən asılı olmayaraq, Amerikanın şist neft sənayesi birmənalı şəkildə uduzur.

Rusiya laqeyid şəkildə anlatmağa çalışır ki, bir barrel neft 25 dollara satılsa da, onun büdcədəki “deşikləri” bağlamaq üçün 6 və hətta 10 illik resursu var. Onu da deyək ki, yaxın illərdə ABŞ-ın şist neft sənayesi 86 milyard dollar məbləğində krediti ödəməlidir.

Əgər Səudiyyə Ərəbistanı dünya bazarını ucuz neftlə doldurmaq barəsində verdiyi vədini yerinə yetirərsə, onda bu amerikan şist neft şirkətləri üçün ölümcül zərbə ola bilər, çünki sərmayəçilər dibsiz quyuya vəsait yatırmaqdan yorulublar. Səudiyyə Ərəbistanın harasına baxsanız, hər yerdə fəlakət dolaşdığını görərsiniz. Bu həftə neftlə zəngin şərq əyalətinin şiə rayonu Katifdə koronavirusla bağlı iki həftəlik karantin elan olunub. İndi xarici vətəndaşlara ölkəyə gəlmək qadağan edilib. Məkkə və Mədinənin məscidləri bağlıdır. Zəvvarların gəlişi dayandırılıb. Növbəti aylar ərzində virus möcüzəvi şəkildə yox olmayacaq və tarixdə ilk dəfə həcc ziyarəti baş tutmayacaq. Bu isə büdcə kəsiri 50 milyard dollar olan ölkə üçün milyardlarla pul itkisi deməkdir. Vəliəhd Salman isə neftin bir barrelinin 12 dollardan hesablanması şərtiylə, fövqəladə büdcə hazırlayır”. 

Kanadanın “The Gloub and Mail” qəzeti isə “Səudiyyə-Rusiya neft müharibəsinin qalibi kim olacaq?” başlıqlı məqaləsində mücadilə edən iki böyük neft nəhənginin zəif və güclü tərəflərinə yer ayırıb. Qəzet yazır: “Ruslar və səudiyyəlilər arasında neft müharibəsi başlayıb. Görəsən, kim geri çəkiləcək? Müşahidəçilərin əksəriyyəti deyir ki, qələbə səudiyyəlilərin tərəfində olacaq. Onların uzunmüddətli perspektivdə ruslardan daha üstün olacağı gözlənilir. Bu cür əminlik üç faktora əsaslanır:

Birincisi - İri neft ölkələri içərisində hasilatı yalnız Səudiyyə Ərəbistanının əhəmiyyətli dərəcədə böyütmək imkanı var. Bəs, bu hansı nəticələrə gətirib çıxarar? Neftin qiymətinin aşağı düşməsindən itirilən gəlirlərin yeri əsasən hasilat həcminin böyüdülməsiylə kompensasiya olunur. Belə deyək: əgər qiymət 15% düşürsə, onda səudiyyəlilər tərəfindən satılan neftin kəmiyyəti elə həmin miqdarda da artırılır. Və beləliklə də dövlətin gəlirləri elə əvvəlki kimi öz yerində qalır.

İkincisi - Səudiyyə Ərəbistanın 500 milyard dollardan çox qızıl-valyuta ehtiyatı var və bu kifayət qədər yaxşı təhlükəsizlik yastığıdır.

Üçüncüsü - Taxt-tacın varisi şahzadə Mühəmməd bin Salman faktiki olaraq Səudiyyə kralıdır. O, məğrur adam hesab edilir və Rusiya prezidenti Vladimir Putinin onu alçaltmasına imkan verməyəcək. 34 yaşlı şahzadə Salman Putini Rusiya və Səudiyyə arasında bağlanmış neft müqaviləsini pozmaqda günahlandırır. Bu müqavilədəki başlıca məqsəd hasilatı azaltmaq yoluyla neftin qiymətini sabit saxlanmağa xidmət edirdi. İndi Salman qisas almaq istəyir. Deməli, bu, haradasa şəxsi münaqişədir. Putini cəzalandırmağın ən yaxşı üsulu qiymətləri elə həddə qədər salmaqdır ki, Rusiya prezidenti Salmandan sülh xahişi diləsin.

Amma digər yandan onu da unutmayaq ki, Rusiyanın da kifayət qədər maliyyə resursu var. Rusiyanın qızıl-valyuta ehtiyatı Səudiyyənin müvafiq ehtiyatından təxminən 80 milyard dollar artıqdır. Bundan əlavə Ümumi Daxili Məhsula görə borc koofisenti cəmi 15 faizdir. Ona görə də, bu Moskvaya daha çox maliyyə yığcamlığı verir.”

Vaqif NƏSİBOV 

AzPolitika.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net