Ana səhifə

QLOBAL LİDERLİYİN GƏLƏCƏYİ:Çin ABŞ-ın dabanını basdalayaraq irəli keçir və öz nizamını qurur

    Tarix: 27-05-2020 08:56   

Yoşka Fişer

“Project Syndicate”, 25.05.2020

 

COVID-19 pandemiyası, şübhəsiz, XXI əsrin, həqiqətən, ilk qlobal böhranıdır. Mikroskopik patogenin səbəb olduğu iqtisadi iflasın yeganə müasir tarixi paralelləri ötən əsrin dünya müharibələridir.

Qanunun aliliyinə əsaslanan nizamda yaşamaq üçün dünyanın hər yerində liberal demokratiyalar özlərini müdafiə etməlidir. Buna görə də, Qərb Honq-Konqda davam edən mübarizənin nəticələrində çox vacib bir paya sahibdir, çünki orada baş verənlər hamımıza təsir edəcək.

1914-cü ilin avqustunda Birinci Dünya müharibəsinin başlaması təkcə uzun sülh dövrünü sona çatmayıb, həm də iqtisadi inteqrasiya və qloballaşmanın erkən dövrünü dayandırıb. Dünya hökumətləri yeni protektsionist gündəmlər axtardıqca, iqtisadi artım hər yerdə çöküb. Bir nəsil sonra başqa bir dünya müharibəsi başlanıb, ondan dərhal sonra da Soyuq müharibə.

Dünya və qlobal siyasət 1914-cü ildən 1989-cu ilə qədər davamlı qarşıdurma dövrünün sonunda əvvəlkindən çox fərqli görünürdü. Birinci Dünya müharibəsindən əvvəl İngiltərə imperiyası hakim iqtisadi və hərbi güc idi. II Dünya müharibəsi və Sovet İttifaqının dağılmasından sonra ABŞ hegemon mövqeyini daha da möhkəmləndirib.

Beləliklə, indi sual doğuran məsələ COVID-19 böhranı nəticəsində qlobal gücün paylanmasının necə dəyişəcəyidir.

Pandemiyanın təsirinin hər iki dünya müharibəsi ilə müqayisə oluna biləcəyi hələ məlum deyil. Aydındır ki, bu miqyasda baş verən qlobal iqtisadi böhran ciddi geosiyasi şoklar yaradacaq. Mövcud fövqəldövlət olan Amerika qlobal hegemonluğundan ikiəlli yapışacaq. Lakin əksər əlamətlər Şərqi Asiya əsrinin açılışı ilə yeni yaranan supergücün – Çinin üstünlük təşkil edəcəyini göstərir.

Çin-Amerika rəqabəti XXI əsrin hegemonluq qarşıdurmasını COVID-19 böhranından bir müddət əvvəl müəyyənləşdirib. Buna baxmayaraq, ABŞ-dakı pandemiya seçki ilində siyasətlə birlikdə məlum qarşıdurmanı gücləndirir və sürətləndirir. ABŞ prezidenti Donald Tramp üçün noyabr seçkilərində hər şey təhlükə altındadır. Pandemiyanı səhv idarə etdikdən və misli görünməmiş daxili iqtisadi böhrandan sonra ona qurbanlıq keçi lazımdır və Çin açıq seçimdir.

Axı, Trampın əksər siyasi addımları, bir qayda olaraq, Amerika cəmiyyətini bölüşdürsə də, Çinə yanaşması əsas istisnadır. Çinə qarşı hücuma davam edərkən, o, hərtərəfli dəstəyə arxalana bilər. Liberal demokratik cinahda da Amerikanın Çinə münasibətləri son illərdə əhəmiyyətli dərəcədə pisləşib.

ABŞ-ın bir çox etirazını rədd etmək çətindir. Xalq respublikası, həqiqətən, leninist partiyanın müstəsna nəzarəti altında olan avtoritar, hətta totalitar dövlətdir. ABŞ-a qarşı geniş miqyasda iqtisadi və texnoloji casusluq edib, haqsız ticarət aparıb və Hindistan, Tayvan və Cənubi Çin dənizinə ərazi iddialarını bildirib. Sincanda etnik-dini azlığa edilən zülmdən (Uhanda COVID-19 başlamzdan əvvəl) Honq-Konqda nəzarəti gücləndirmə hərəkətinə qədər Çin hökuməti etimad qazanmaq üçün az iş görüb.

Buna baxmayaraq, Tramp administrasiyasının Amerikanın qlobal liderlik rolundan imtina səyləri onun yanaşması ilə bağlı əsaslı bir sual doğurur: Trampın rəhbərliyindəki ABŞ nə istəyir? Məsuliyyətsiz liderlik?

Bu işlək formul deyil. ABŞ qısamüddətli düşüncə tərzində qalsa da, Çin özünü qlobal liderlik və investisiyaya alternativ mənbə kimi ortaya qoyur, Amerikanın yaratdığı geosiyasi boşluğu istismar etmək üçün uzunmüddətli strategiya həyata keçirir.

İstənilən halda, xüsusilə Tramp administrasiyasının COVID-19 qarşısında fəlakətli uğursuzluğundan sonra Amerikanın beynəlxalq imicinə dəymiş zərəri düzəltmək çətin olacaq. Pandemiya ABŞ-ın tezliklə strateji və iqtisadi cəhətdən dinamik Çin tərəfindən sıxışdırılacağı supergüc olduğuna dair ümumi təəssüratı gücləndirir. Böyük güclərin yüksəlişi və süqutu tarixçəsini indi bir virus yazır. Biz yalnız bu fəslin dinc şəkildə bitəcəyinə ümid edə bilərik.

Çin-Amerika qarşıdurması fonunda Avropa qarşı-qarşıya gələn iki geosiyasi qüvvə arasında naqolay vəziyyətdə qalıb və Amerikanın Çinə qarşı həqiqi niyyətlərindən qafildir. ABŞ Çinin yüksəlişini əngəlləmək və ya geri qaytarmaq üçün, hərbi münaqişə də daxil olmaqla, gizli və ya tamamilə açıq qarşıdurma aparmaq istəyirmi?

XIX əsrin sonlarında Qərbin Çinə yanaşması son dərəcə təhlükəli idi.

Qərb üçün alternativ – strateji rəqabətdə uzunmüddətli çəkindirmədir. Avropaya bu seçim məsləhət görülür. Çinin qurduğu dünya nizamında, Avrasiya superqitəsinin qərb ucunda yerləşən Avropa uduzar. Totalitar birpartiyalı dövlət olaraq Çin heç vaxt normativ baxımdan Avropaya həqiqi tərəfdaş sayıla bilməz. Hətta Tramp dövründə belə Avropanın ABŞ-la əlaqəsi Çinlə gözlədiyi münasibətlərdən daha yaxşındır.

Çin artıq çox böyük, çox müvəffəq və gözəgirəndir. Faktlar əməkdaşlığa çağırır. Əsas məsələ Çinlə strateji əlaqəni və ona tabe olmağı fərqləndirməkdir. Bu vacib fərqi saxlamaq üçün Avropa iqtisadi və ya texnoloji baxımdan Qərbin rəqibindən asılı olmamalıdır.




Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net