Ana səhifə

“Ramiz Rövşəni təriflədiyimiz üçün Əbülfəs Qarayev bizi işdən qovdu” – Yazıçıdan ittihamlar

    Tarix: 29-05-2019 11:23   



  
"Vaxilə Ramiz Rövşən və Vaqif Bayatılı ilə bağlı yazıma görə Əbülfəs Qarayev məni işdən çıxardı”.
 
Bu sözləri BakuPost-a "Mədəniyyət” qəzətinin keçmiş redaktoru Xeybər Göyyalı deyib. Onun sözlərinə görə, 2010-cu ildə işlədiyi qəzetdə "Ədəbiyyat söz oyunu deyil” yazı yazıb və orada adı çəkilən şairləri tərifləyib. Bu isə nazirlikdə böyük səs-küy yaradıb. Yazı dərc olunandan bir müddət sonra nazir Əbülfəs Qarayev onu və qəzetin baş redaktoru Nigar Mənsimovanı yanına çağıraraq, təhqir edib və işdən qovub. 

Şikayətçi məsələ ilə bağlı BakuPost.az-ın redaksiyasına göndərdiyi yazını və onların işdən qovulmasına səbəb olan məqaləni təqdim edirik: 
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyini  üzvü olan Xeybər Göyallı 12 kitab müəllifidir.  


 Yazmamaq olmur


 
Bu barədə  olay baş verərkən, lap  isti-isti yazacaqdım. Onda ki, qələmimi cibimə taxıb "Mədəniyyət” qəzetindən çıxıb getmişdim. Onda mənə demişdilər ki, daha orada qalıb işləyə bilməzsən. Həmin vaxt mənə həyatda xeyirxahlıq etmiş ünlü bir qələm əhlini bu və ya digər səbəbdən mülahizə etdim, onun hədəfə gəlməsini istəməmişdim. Qənaətimdə bu gün də özümü haqlı sayıram. Amma  mənən çox rahat olduğumdan qəlbimin dərinliyində tam  əmin idim ki, bu barədə nə vaxtsa yazacağam. 2017-ci ildə "Avropa” nəşriyyatı tərəfindən nəşr olunmuş "İnsan ehkamı” adlı ədəbi-bədii-publisistik kitabımda da  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində  (həmin vaxt nazirlik bu ad altında fəaliyyət göstərirdi)  ciddi söz-söhbətə səbəb olmuş, əslində kimlərinsə kafasını alt-üst etmiş  həmin köşə yazısını (həcminə görə də, həqiqətən,  künc yazısı idi, kiçik idi) vermişəm. Adıçəkilən kitabda  "Qəzet səhifələrindən” rubrikasında  "Ədəbiyyat söz oyunu deyil” sərlövhəli həmin  yazını məqsədli şəkildə kitabın son səhifəsində oturtmuşdum. Çünki, adətən, kitabın birinci və sonuncu yazısı oxucunun yaddaşında daha çox özünə yer alır.
 
"Mədəniyyət” qəzetinin  15 yanvar 2010-cu il tarixində dərc olunmuş  bu yazının kitab versiyasına  bir  postskriptum (P.S.)  da yazmışdım. Həmin vaxt o  qeydləri yazarkən bu  qənaətdə idim ki, "stəkanda fırtınanı” törədən rəyasət və səlahiyyət sahibi olan görkəmli bir yazıçıdır. Güman edirdim ki, bu, paxıllıqdan, qısqanclıqdan  törəyə bilər. Əslində bu belə deyilmiş, ilanı Seyid Əhməd əli ilə tuturmuşlar. Sonradan bildim  ki, "zəlzələ”nin episentri daha dərin və əhatəli olduğundan həmin  yüksək mənsəb  sahibi olan yazıçının vasitəsilə Azərbaycan  Respublikasının  Mədəniyyət və  Turizm nazirinə zəng elətdirilib. Doğrusunu  deyim ki,  lap yuxarı qatlarda oturan bəzi mənsəb sahib(lər)inin kafasında "fırtına” yaratmış,  qəlbində tufan, qasırğa qoparmış, "Mədəniyyət” qəzetində  işıq görmüş həmin kiçik yazı uzun müddət mənə ağrı-acı gətirdi. Qəzetdə  yazı dərc olunandan ay yarım - iki ay sonra   baş redaktoru və məni Mədəniyyət nazirinin qəbuluna çağırdılar. Deyilən saatda  bəlli məkanda olduq. Cəmiyyətdə  nazir həmkarları ilə müqayisədə az-çox öz  demokratikliyi  və   humanizmi ilə seçilən  mədəniyyət naziri Ə.Qarayev özündə deyildi, tamam dəyişmişdir. Onu yaxından tanıyanlar dedilər ki, onu bu hələ bu halda görən olmayıb. Nazirə  nə demişdilər, necə demişdilərsə, ağ yuyulub, qara sərildik.  Baş redaktorun qadın olduğunu göz önünə alan nazir   məni daha çox tənəli və tikanlı ifadələrə qonaq etdi. Vallahi-billahi, mən nazirdən əsla incik olmadım. Əgər bu məsələ birbaşa nazir tərəfdən olsa idi, aradan keçən ay yarım-iki ay müddətində olardı. Demək, "əlcək” yuxarıdan atılmışdır. Tamam hövsələdən çıxmış nazirin  son sözü bu oldu: durun gedin, ikiniz də işdən azadsınız.
 

Bəs, mənim bu ağır və üzücü duruma düşməyimə  səbəb  nə idi?! Mən adıçəkilən köşə yazısında (inandırıcı olması üçün həmin  köşəni bu yazıya əlavə edib dəyərli oxucuların mühakiməsinə verəcəyəm) Azərbaycanın ünlü şairləri,  bu günlərdə  Xalq şairi adına layiq görülən  Ramiz Rövşən və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adını almış Vaqif Bayatlı Odər haqqında düşüncələrimi qələmə almışdım. Qeyd etdiyim kimi, səs-küyə səbəb olmuş köşə yazısını  burada verəcəyim üçün təfərrüata varmadan  yenə həmin fikirdəyəm ki, ədəbiyyatda hər kəs öz yerini tutur, bu yeri də hər kəsin öz sözü müəyyənləşdirir. Sözə "ehya verənlər”(Füzuli) sağlıqlarında canlı klassikə çevrilirlər. Mənim yazdığımın mənası, nüvəsi budur. Mən  nəyi səhv yazmışam? Bu, mənim düşüncəmdir. Demirsiniz fikir plüralizmidir,  kafasında zəlzələ yaranmışlar da bunun əksini yazsın. Təki yazsın. Amma sözə görə çarmıxa çəkdirmək nə gərək. Bu tendensiya özünü doğrultmadığından çox arxada qalıb.
Həmin ssenarini quranların kimliyini dəqiq bilmirəm. Fərq etməz onlar kimdir, ad və soyadları nədir.  Ancaq  onlar yad planetlilər deyil, onlar bizimlə birgə Azərbaycanda yaşayır və bizləri idarə edirlər...

Bunları yazmaqla mən özümdən qəhrəman obrazı düzəltmək niyyətindən yeddi ağac uzağam. Əgər fəaliyyətimdə bu yeganə hadisə olsa idi, əsla yazmazdım. Əmim Cəbrayıl İsmayıloğlu ilə hər görüşəndə hal-əhval tutandan  sonra ilk sözü bu olardı: "Qardaşoğlu, qələmindən qorxuram”. Mən isə bu fikrin dərinliyinə varmadan deyərdim: "Cəbi əmi, heç narahat olma, heç vaxt şər-böhtan yazmamışam, kiminsə fitvasına getmərəm”. Sən demə, əmim düz deyirmiş, düzü  yazan  düzdə qalırmış. Çox əfsuslar olsun ki, arxada qoyub gəldiyimiz illərdə dəfələrlə eyni halla üzləşmişəm. İndi isə  illər öncə baş vermiş olayı ibrətamiz bildiyim üçün  ictimailəşməsini məsləhət bildim. Sözə, fikrə, düşüncəyə qarşı durmaq hələ də  tam aradan qaldırılmayıb. Bu fanatizmdir. Sözə, fikrə və düşüncəyə qarşı durmaq  kor ədavətdir. Biz dəyişməliyik. Düşüncəmiz, təfəkkürümüz, dünyagörüşümüz dəyişməlidir. Fanatizm və kor ədavət bir çox səlahiyyət və mənsəb sahibləri tərəfindən  hələ də qorunub saxlanıldığından biz dəyişmirik və dəyişə bilmədiyimiz üçün də irəli gedə bilmirik. Unutmayaq ki,  mərtəbələrin sayını artırıb saysız-hesabsız göydələnlər tikməklə, mobil telefonlarımızı tez-tez  yeniləməklə, ev əşyalarımızı  modern stilə dəyişməklə, ailədə hərəyə bir avtomobil almaqla irəli gedə bilməyəcəyik. Əsla unutmayaq ki, bütün  yenilikləri, dizayn və stilləri dünya bizdən yox, biz dünyadan mənimsəyirik.

Onu da unutmayaq ki, dünya Azərbaycanı  yüksək mənsəbli məmurları ilə  deyil, bəşəri ideyaların daşıyıcıları olan ədəbiyyat və sənət adamları ilə tanıyır. Özü də əbədi olaraq.


İndi isə 2010-cu ildə dərc olunmuş yazını oxucuların diqqətinə təqdim edirəm:


Ədəbiyyat söz oyunu deyil

Kimsə nə vaxtsa ədəbiyyatı söz oyunu adlandırıb. Düzü, orasını bilmirəm ki, bu ifadə ilk dəfə hansı kontekstdə işlədilib. Ancaq bəri başdan onu əminliklə demək olar ki, bu ifadənin sahibi  böyük və ciddi ədəbiyyatın yaradıcısı olmayıb. Onu da cəsarətlə demək olar ki, həqiqi ədəbiyyatın yaradıcıları ədəbiyyata, sözə ciddi münasibət  bəslədiklərindən heç vaxt  ona oyun kimi yanaşmayıblar, ömürbillah da sözlə oynamayıblar. Dəyərlər məcmusu olan ədəbiyyat oyun yeri ola bilməz. Çünki ədəbiyyatla oyun tərs mütənasibdir. Ədəbiyyat səmimidir. Amma oyun deyilən şeydə bir məkr, bir riyakarlıq var. Sözün müstəqim mənasından yanaşsaq, sözlə oynamaq mümkün deyil. Məcazi mənasına gəldikdə isə ciddi ədəbiyyat barəsində bu ifadəni işlətmək ən azı insafdan deyil. Etiraf edək ki, söz oyunu ifadəsində mənfi bir məna yükü yatır. Ədəbiyyatı yüksək  tutanlar sözə müqəddəs  bir varlıq kimi yanaşırlar. Söz onlar üçün qeybdən gəlir.

  Çoxdanın söhbətidir, Ramiz Rövşənin "Göy üzü daş saxlamaz” kitabı yenicə işıq üzü görmüşdü. Həmin vaxt işlədiyim kollektivdə Ramiz Rövşənin adıçəkilən kitabından söz düşmüşdü. Hər kəs öz arşınına uyğun danışdı. Bu söhbətə qulaq asan bir nəfər isə lap "gül vurdu”. Ağzını açıb nə desə, yaxşıdı: "Bunları elə hamı yazar. Ramiz Rövşən özündən təzə söz  yaratmayıb ki, bu sözlər var idi də”.

 Həmin vaxt qeyri-iradi olaraq əlimizi əlimizə vurub qəhqəhə çəkdik, həmin pedanta verilən cavab da çox sadə oldu.


     
 Ədəbiyyata söz oyunu kimi baxanlara  elə gəlir ki, sözləri atıb-tutmaqla nəyəsə nail olur, nəyisə yaradırlar. Bilənlər bilir ki, həqiqi ədəbiyyat sadəcə mübtəda və xəbər sıralanması üzərində qurulmur. Böyük ədəbiyyat azaddır, o, heç bir qəlibə sığmır, heç bir çərçivə tanımır.
Bir çox qələm əhlindən ”Ədəbiyyat  söz oyunudurmu?” sualına  münasibətlərini soruşmuşam. Fərqli münasibətlər sərgilənib. Ədəbiyyatda imzasını təsdiqləyənlər, ədəbi ictimaiyyət tərəfindən qəbul olunmuş yazarlar "oyun” sözünü müqəddəs sözlə qoşa çəkilməsini istəmirlər. Axı oyun sözü daha çox siyasətlə uzlaşır. Beynəlxalq aləmdə belə siyasəti  "çirkli oyun” adlandırırlar. Orada danışıqla əməl bir-birinə uyğun gəlmir. Ədəbiyyat könül işi, haqq işidir. Ədəbiyyat mənəviyyat məcmusu, əxlaq konstitusiyasıdır, orada hiyləyə yer yoxdur. Ciddi ədəbiyyatdan uzaq olanlar  ədəbiyyata  "söz oyunu” kimi  yanaşırlar. Onların yanaşmasına görə, söz oyunu loto və lotereya  oyunu kimi bir şeydir. Həmin şəxslərin gümanınca,  loto və lotereya  oyununda daşlar qarışdırılıb çıxarıldığı kimi, ədəbiyyatda da sözlər axtarılıb tapılır. Əlbəttə, ədəbiyyatın materialı sözdür. Söz də ki, böyük Füzuli demişkən, dərya dibindəki mirvariyə bənzəyir, onu axtarıb tapmaq üçün qəvvas olmaq gərəkdir.

  Ədəbiyyat oyun sevmir. Oyun deyilən şey olsa-olsa "yüngül ədəbiyyata” aid ola bilər. Sözlə oynayanlar uduzurlar. Ədəbiyyata oyun kimi baxanlar gec-tez uğursuzluğa düçar olurlar. Yenə söz mülkünün sultanı  Füzuli babamız demişkən, sözə eyha (qiymət) verənləri söz ucaldır, əbədiləşdirir. Sözü uca tutanlar öz sağlıqlarında belə ucalırlar - klassikləşirlər. Necə ki, yaşadığımız günlərdə Ramiz Rövşən və Vaqif Bayatlı Odər müasirlərimiz olan klassik yazarlardır. Ədəbiyyatımızda yerləri bəllidir. Şəhərimizdəki (paytaxtımızdakı) hündürmərtəbəli binalar uzaqdan göründüyü kimi,  onlar da zamanın sonsuzluğunda  görünəcəklər. Ədəbiyyatdakı sıralanma da bir şəhər misalı kimidir, hər kəs öz yerini tutur, heç kim  başqasının yerində dura bilməz. Ramiz Rövşən və Vaqif Bayatlı Odərin  ədəbiyyatda yerləri var. O yer onlarındır. Onların durduqları sıra, tutduqları yer klassiklərə məxsusdur. Bu gün onların yaradıcılığını lazımınca dəyərləndirməyənlər də var. Bu məqamda fərqli baxışların  olmasını təbii qəbul etmək olar. Həmin kəslər söz oyunu ilə məşğul olduqlarından yanaşmaları da bu cür fərqlidir. Bax söz oyunu ilə o kəslər məşğul olurlar. Çünki onların deməyə sözləri, ədəbiyyatda qalmağa üzləri yoxdur. Ədəbiyyat və söz oyun vasitəsi deyil. Ciddi ədəbiyyatda oyun deyilən  məfhumun əlamətləri belə  sezilmir. Söz od kimidir. Necə ki, odla oynamaq olmur, eləcə də sözlə oynamaq mümkün deyil. Sözlə oynayanlar yanırlar. Sözlə ciddi münasibət quranlar isə əbədiyyət qazanırlar. Əbədiyyətin iksiri isə sözdədir.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net