Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Azərbaycantelefilm” kimə və nəyə mane olurdu?

21-02-2020, 14:32   



Ötən yüzilliyin başlanğıcı idi. Qarmaqarışıq günlər, aylar bir-birini əvəz edirdi. Aylar isə illərə çevrilirdi. Belə bir dönəmdə “Azteleradio” şirkətinə başçılıq etmək üçün bir-birinin ardınca, bir-birindən daha iddialı “başbilənlər” göndərilirdi. Hər biri də özlərinin özəl “proqramları” ilə. Hər biri də “Azteleradio”nu yenidən qurmaq, reforma aparmaq eşqi ilə alışıb-yanırdı. Ancaq “qurduqca”, olanı da dağıdırdı. Doğru deyiblər, dağıtmaq asandır, qurmaqsa çətin. Ancaq dağıdılan təkcə “Azteleradio”nun onillərdən bəri formalaşmış, pis və ya yaxşı olan strukturu deyildi. “Yenidənqurma” eşqi ilə alışıb-yananlar onun kadr potensialını da dağıdır, teleradio fəlsəfəsindən anlayışı olmayan bəndələri qurumun yüksək kürsülərinə əyləşdirirdilər. Teleradio uzmanları onların çaldıqları musiqi altında oynamalı idilər. Oynamaq istəməyən, ya da bilməyənlər başlarını götürüb sağ-salamat istədikləri yerə getməli, “qurma”-dağıtma prosesinə əngəl olmamalı idilər. Getməsəydilər, “müqavilə” adlı odlu silah işə salına bilərdi. Doğrusu, salınırdı da. Axı, necə də olmasın. Doğru deməyiblərmi, ara xəlvət olanda, tülkü bəylik edər? Edər, istəsə, lap o yana da keçər. Beləliklə, günləri, ayları keçərək 1993-cü ilə gəlib çatdıq. Mən bu olaylarla bağlı geniş yazmaq istəyində deyiləm. Ancaq gərək olarsa, istənilən tutumlu yazılar yaza da bilərəm. Özü də içlərində xoruz səsi eşitməmiş türlü-türlü bilgilərlə dopdolu. Çünki, onların bir çoxuna 1993-cü ildə, o dönəmdə oxucuların yaxşı tanıdıqları “Aydınlıq” qəzetində çap edilmiş “Bir daha milli televiziya haqqında” (26 mart) və “Blokada” (30 aprel) adlı yazılarımda işıq salmışam. Kim istəsə alıb oxuya bilər. Bu yazıların çap olunduğu qəzet əldən-ələ gəzirdi. Çoxlarının işinə yaradı o yazılar. Başlıca olaraq da, teleradionun on illər boyunca gecə-gündüz çalışan əməksevər insanlarının işinə. Ancaq ən acınacaqlı durum “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində yaranmışdı. Çünki, adı vardısa, özü gerçəkdə yox idi. Yalnız bir baş redaktor (gerçəkdə onun hansı çalışmada, osmanlı türkləri demiş bulunduğu, heç kimə bəlli deyildi), bir rejissor assistenti və bir makinaçı boş-bekar oturub nəyisə gözləyirdi. Özü də elə bir dönəmdə ki, onun istehsal etməli olduğu filmlər Azərbaycan və onun xalqı üçün olduqca gərəkli və yardımçı ola bilərdi. Azərbaycanda baş verən dramatik olaylara yabançı güclərin ölkəmizdə törətdikləri çoxsaylı provokasiyalara, pozuculuq çalışmalarına gur işıq salar, gerçəklikləri istər dağılmaqda olan SSRİ sınırları içində, istərsə onun dışında geniş yaya bilərdi. Ancaq bu, yazıqlar olsun, baş vermədi. Doğrusu, “Azərbaycantelefilm”in o çağdakı durumunda bu, heç baş verə də bilməzdi. Ona görə yenidən qələmə baş vurub “Azərbaycantelefilm”in süqutu və ya dünyaya pəncərə necə bağlandı” adlı bir yazı yazıb, yenidən “Aydınlıq” qəzetinə göndərdim. O dönəmdə ən oxunaqlı qəzetlərdən birinə. Oturub günlərlə gözlədim. Ancaq yazı işıq üzü görmədi. Nədənini az sonra anlaya bildim. Bununla bağlı az sonra açıqlama verəcəm. Yaxşı ki, “Xalq qəzeti” varmış. Başlıca olaraq da onun baş redaktoru Tofiq Rüstəmov.

Azərbaycan radiosundan yaxşı tanıdığım, böyük sayğı bəslədiyim gözəl insan və tanınmış jurnalist. Onunla görüşüb, “Aydınlıq”ın çap etmədiyi yazını ona verdim. Dedi, “oxuyub, cavab verərəm”. Ertəsi gün səhər tezdən mənə zəng vurub dedi: “Axşam oxudum. Gözəl və dəyərli yazıdır, yaxın günlərdə çapa verərəm”. Sözünün üstündə durdu. 1993-cü il iyul ayının 30-u idi. Tofiq bəy zəng vurub, yazının işıq üzü gördüyünü bildirdi. Yubanmadan qəzet köşkünə gedib “Xalq qəzeti”ni aldım. Yazdığım yazı nöqtə-vergülünə də toxunmadan, bütünlüklə qəzetdə çap olunmuşdu. 27 il keçməsinə baxmayaraq, yeni nəsil olaraq Sizin də oxumağınızı arzu edərdim. Çünki, ondan sonra deyiləcək sözüm var. Qəzet əlimdə gəldim AzTV-yə. Dəhlizə girər-girməz “Azteleradio“nun sədri kürsüsünə yenicə əyləşdirilmiş Babək Məmmədovla üz-üzə gəldik. “Aydınlıq” qəzetinin öncəki redaktoruyla. Anındaca nə baş verdiyini anladım. Doğrusu, olduqca tutqun və üzgün görünürdü. Görüşdük və bir kəlmə də artıq söz demədən ayrıldıq. O, getdi öz kabinetinə, mən də çalışdığım otağa. Otağa girdikdə telefonun zəngi çalındı. Dəstəyi götürdüm. Sədrin köməkçisi məni arayırmış. “Şef” sizinlə görüşmək istəyir” – dedi. Mən də, “indi gələrəm”, dedim. Beləliklə görüşdük. Ordan-burdan danışdıqdan sonra, birdən dedi: “Azərbaycantelefilm”i necə bərpa etmək olar? Dedim: Bu, asandan da asan bir işdir. Təki istək olsun”. Dedi: “İstək var”. Dedim, “Belə olduqda sədr olaraq, “Azərbaycantelefilm”in bütünlüklə bərpası ilə bağlı göstəriş verməyiniz gərəkdir. Orada, onun strukturu da, öncəki illərdə olduğu kimi göstərilməlidir. İstəsəz, onu hazırlayıb, yazılı şəkildə günortadan sonra Sizə çatdıra bilərəm”. Razılaşdıq və ayrıldıq. Tezliklə strukturun formalaşması üçün nə gərəkdirsə, yazıb, başa çatdırdım və yubanmadan sədrə göndərdim. Özüm isə, 10-15 günlüyə Bakıdan getməli oldum. Qayıtdıqda gözlərimə inanmadım. Doğrudur, “Azərbaycantelefilm” öncəki görkəmində, öncəki strukturunda bərpa olunmuş, ancaq tanımadığım, kimliyi mənim üçün bəlli olmayan gənc yaşlı oğlan və qızlarla doldurulmuşdu. Onların mentaliteti, yaşam tərzi, sərgilədikləri anlaşılmaz davranışlar qalsın bir yana, hansı peşənin yiyəsi olduqları da heç kimə bəlli deyildi. Ancaq səs-küyləri baş aparır, yaradıcı prosesi pozurdu. Bunu Birliyin direktor yardımçısına bildirdikdə, o, məni düzgün anladı və yaranmış bu problemi yubanmadan aradan qaldırdı. Yalnız bundan sonra yaradıcı proses doğal yürüşünü sürdürməyə başladı. 1995-2010-cu ilə kimi təkcə mən 35-dən artıq film çəkdim və onlar AzTV ekranından bütün ölkəyə yayımlandı. Onların arasında “Odlu məmləkət” (7 film) kinoepopeyası, “Göylər sonsuz bir dənizdir” kinotrilogiyası, “Ermənilər: riyakarlığın anatomiyası” kinodilogiyası, “1915-ci il. Erməni saxtakarlığının başlanğıcı”, “Mücadilə” və tamaşaçıların böyük maraqla qarşıladıqları başqa filmlər də vardır. Ancaq mənimlə yanaşı, başqa rejissorlar da çoxlu dəyərli filmlər çəkmişdilər. İstəsələr, özləri də bununla bağlı geniş bilgi verə bilərlər. Ancaq 1993-cü ildən başlayan normal yaradıcı proses, mən AzTV-dən getdikdən və bir sıra süni olaraq törədilmiş olaylardan sonra yavaş-yavaş durduruldu. “Azərbaycantelefilm” özünün doğal statusuna uyğun olmayan, tərsinə, daban-dabana zidd olan bir yolsuzluğa sürükləndi və faktiki olaraq simasızlaşdırıldı. Bunu çoxları görür və bilirdilər. Ancaq ağızlarına su alıb, bir kəlmə belə söyləmirdilər. Tərsinə, bu durumdan yararlanıb, çağı yetişəndə öz merkantil maraqlarını gerçəkləşdirməyin yollarını aramağa başladılar. Bu, 10 ilə kimi sürdü. AzTV-nin keçmiş “başbiləni” oturduğu kürsüdən uzaqlaşdırılana kimi. Onun yerinə yenisi gəldi. Cavan və deyilənlərə görə perspektivli. Ola bilsin. Tanımadığım bir insan haqqında nə demək olar? Heç nə. Ancaq qurulmasında, sonra da 1993-cü ildə yenidən bərpasında mənim də başlıca rol oynayanlardan biri olduğumdan, eləcə də uzun illər boyu orada çalışdığımdan çıxış edərək, “Azərbaycantelefilm”in yenidən yüksələcəyinə ümid edirdim. Axı, mənim “Xalq qəzeti”ndəki yazımdan sonra, Heydər Əliyev cənabları əbəs yerə “Azteleradio“nun o çağdakı sədri Babək Məmmədova sərt təpki göstərib, yubanmadan “Azərbaycantelefilm”in bərpasını tələb etməmişdir. H. Əliyev nəyi tələb etdiyini çoxlarından yaxşı bilirdi. Ancaq “Azteleradio”nun yeni sədri bunu bilmirdi. Bilsəydi onu düzgün yoldan sapdıranlardan uzaq durardı. Yazıqlar olsun, belə olmadı. Merkantil maraqlar naminə, yeni sədr yalan-palanla bol-bol yükləndi, hər nəsnə kəllə-mayallaq təsvir edildi, asanlıqla saqqızı oğurlandı və sonucda “Azərbaycantelefilm”ə ölüm hökmü oxundu. Tabuta qoyulub dəfn edildikdən sonra ehsan vermək əvəzinə, qızarmadan-bozarmadan onun 60-illik yubileyi keçirildi. Onun xarabalıqları üzərində isə “Bədii və sənədli filmlər studiyası” adlı qondarma, məntiqsiz bir qurum “yaradıldı”. Ancaq bu azmış kimi, “Azərbaycantelefilm”də istehsal olunmuş filmləri, istehsal tarixləri pozulmaqla mənimsənildi – özününküləşdirildi. Mənim filmlərim də içində olmaqla “Azərbaycantelefilm”də çəkilən bütün filmlər yeni qurumun adı altında AzTV ekranında yayımlandı. Gerçəkdə isə bu filmlər 1993-cü ildən başlayaraq “Azərbaycantelefilm”in adı ilə dönə-dönə yayımlanmışdır. Baş verən bu olay zənnimizcə, yumşaq desək, nəinki qlobal saxtakarlıq, eləcə də gözgörə böyük qanun pozuntusudur. Təkcə yaradıcıların müəllif hüquqlarının deyil, eləcə də “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi adlı qurumun.

Görəsən H. Əliyev sağ olsa idi, belə özbaşınalığa gedilə bilərdimi?
• Gedilmiş olsaydı, H. Əliyev buna necə yanaşardı?
Sonda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə çağırış edərək, deyilənlərə Qanun çərçivəsində adekvat yanaşma sərgiləməsini arzu edirəm.

Nazim Rza İsrafiloğlu
Kino və Televiziya rejissoru, kinodramaturq, yazıçı-publisist.
Uluslararası və Ümumittifaq kinofestivalları laureatı.
Bağımsız araşdırıcı.

Tarix: 20.02.2020

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar