Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Trampın Əliyevə “gələn aylar...” mesajını Gəncə terroruna nə bağlayır? - Pərdəarxası

18-07-2018, 08:04   
 

ABŞ və Fransa prezidentlərinin Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə prezident İlham Əliyevə göndərdiyi məktubda Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi mesajların indi kodları açılmaqdadır.
anaxeber.info yazır ki, ABŞ prezidenti Donald Trampın göndərdiyi təbrik məktubunda açıq şəkildə deyilir: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”.
Bu açıq mesaj, eyni zamanda hər iki həmsədr dövlətin Xarici işlər nazirlərinin verdiyi tamamlayıcı bəyanatlar, gec də olsa, rəsmi Bakının, eyni zamanda hamımızın “qarşıdan gələn aylar”da nələrin baş verə biləcəyi haqqında ciddi düşünməsini tələb edirdi.
Əslində, Qarabağ məsələsinin gündəliyə gəlməsi, xüsusən də İran məsələsinin gündəliyə gəlməsi kontekstində, gözlənilirdi.
Bu, bir daha hər iki məsələnin bir-birilə üzvi şəkildə bağlı olduğunu, Azərbaycan məsələsinin İran məsələsinin tərkib hissələrindən biri, eyni zamanda ən başlıcası olduğunu göstərir.
Onu da nəzərə almaq lazımdır ki, Gəncədəki hadisələr qarşıdakı aylarda İrana və Rusiyaya qarşı yeni, daha ciddi və ağır sanksiyaların tətbiqinin gündəlikdə olduğu, hər iki dövlətin enerji sektorunun xüsusilə hədəf alındığı və əksinə, onlardan yan keçən enerji layihələrinin, xüsusən də TANAP və TAP kimi layihələrin həyata keçirildiyi və keçirilməkdə olduğu, ümumiyyətlə, Cənubi Qafqaz kommunikasiya (enerji, nəqliyyat, rabitə və ticarət) dəhlizinin inkişaf etdirildiyi bir vaxtda baş verir.
Trampın hələ 2017-ci ilin mayında Ər-Riyada səfər və döyüş rəqsi etdiyi zaman Amerikanın Səudiyyə Ərəbistanı, Misir və BƏƏ ilə birlikdə İran əleyhinə koalisiya yaratdığının bəyan edilməsinin, faktiki olaraq, İranın aktual strateji hədəf halına gətirilməsi anlamına gəldiyini də açıq-aydın görünürdü.
Bu isə o deməkdir ki, regionun, eyni zamanda region ölkələrinin, o cümlədən Azərbaycanın strateji seçim etməsinin və geopolitik taleyinin həll edilməsinin zamanı çatıb.
İran və Rusiya əleyhinə koalisiyada Bakının yer alıb-almayacağı, Qarabağ danışıqlarında status-kvonun dəyişəcəyi də bu strateji seçimdən asılı olacaq.
Hakimiyyət dilemma qarşısında qoyulub və İrana qarşı hücum planı ərəfəsində Trampın Əliyevə “gələn aylar” mesajı artıq dəyişikliklərin başlanğıcına eyham idi.
anaxeber.info analitiklərə istinadən məlumat verir ki, qarşıdakı dövrdə, xüsusən oktyabrda Azərbaycan ağır kataklizmlərdən keçəcək.
Hətta deputat Qüdrət Həsənquliyev də müsahibəsində heç nəyin bitmədiyini, oktyabrda qarışıqlıq yaranacağını istisna etməmişdi.
Bütün bunlar göstərir ki, Trampın gələn aylar ismarışından sonra hakimiyyətin növbədənkənar prezident seçkiləri təyin etməsi nə üçün imiş.
İqtidar seçkini oktyabrda - məhz hadisələrin episentrində keçirməyin riskini hesablamışdı.
Regional geopolitik mübarizənin dövründə seçkilərin baş tutması belə sual altındaydı. Seçki günü müxtəlif təxribatçı qrupların meydana çıxarılması, qızışdırıcı həmlələr olması, Gəncə hadisələrinə bənzər olayların baş verməsindən sığortalanmamışdıq.
Beləliklə, Cənubi Qafqaz və Xəzər regionunda, o cümlədən Gəncədə baş verən hadisələrin başlıca strateji səbəbləri var.
İlk növbədə yeni dünya nizamı quruculuğunda ABŞ və Rusiya olmaqla, böyük güclər arasındakı geopolitik qarşıdurmanın həlledici mərhələsi başlayıb.
İkincisi, Rusiya və İran, eyni zamanda Azərbaycan məsələsinin beynəlxalq və regional gündəliyə gəlməsi aktuallaşıb.
Böyük güclər arasında hər bir region ölkəsi, xüsusən də İranla həmsərhəd olan ölkələr, o cümlədən Azərbaycan və Ermənistan uğrunda mübarizənin yeni fazasına keçirik.
Azərbaycan siyasi rəhbərliyinin Qərbə meyl etməyə başlaması – Brüsseldə AB ilə strateji tərəfdaşlığın öncəlikləri haqqında sənədi paraflaması, NATO sammiti (11-12 iyul 2018-ci il) çərçivəsində Azərbaycanla ABŞ-ın xarici işlər və müdafiə nazirlərinin birgə qapalı görüşünün keçirilməsi Kremli qəzəbləndirməyə bilməzdi.
NATO sammitinin yekun sənədində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığının müdafiə edilməsinin təkrarən öz əksini tapması da vurğulanmalıdır.
Siyasi şərhçi Sülhəddin Əkbərin fikrincə, bunların qarşılığında Rusiyanın son hadisələrdə Azərbaycanın əli ilə Ermənistanı, daha dəqiq desək, onun yeni rəhbərliyini “cəzalandırması” - Naxçıvanda Günnüt kəndinin, ümumiyyətlə, 11 min hektar ərazinin geri qaytarılmasına “göz yumması”, “İranın əli ilə” də (əslində özünün) Azərbaycanı, onun rəhbərliyini “cəzalandırması”dır. Görünür bizi çox mürəkkəb proseslər gözləyir...
anaxeber.info
Faiq Lətifov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar