Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kremlin şok “oktyabr ssenarisi”: Gəncə işindəki silah və qaz gizlinləri - anaxeber.info-da...

19-07-2018, 08:50   
 

Rusiyada martda keçirilmiş prezident seçkilərinə Kremlin başının qarışdığını və apreldə Azərbaycandakı seçkilərə müdaxilə imkanı olmadığını şərh edənlər var idi.

anaxeber.info-ın Siyasət Şöbəsinin yaydığı məlumata görə, Moskvanın seçkilərə təsir planları olmasa da, təzyiq rıçaqlarını işə salmaq çox çəkmədi.
Cəmi 2 ay sonra Azərbaycan enerji blokadası, sonra Gəncə terroru ilə silkələndi. Və Bakı Gürcüstanla yanaşı Rusiyadan enerji almağa məcbur qaldı.
Rusiya yəqin ki, bundan sonra silah satışına dair yeni müqavilələr imzalamaq istəyir. Bundan başqa, Azərbaycanın Qərblə, xüsusilə ABŞ-la münasibətlərini genişləndirmək və gücləndirmək səyləri, İsraillə hərbi əməkdaşlıq da qonşularda qıcıq yaradır.
Başqa bir səbəb isə, çox güman ki, ictimaiyyətin Qarabağın azad olunmasını daha israrla tələb etməsidir. Bu hadisələri təşkil etməklə bizə ismarış yolladılar.
Deputat Qüdrət Həsənquliyev də açıqladı ki, hadisələr hələ bitməyib - Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq.
İkincisi, Kreml Bakıdan tələb edir ki, Avropaya çıxaracağı qazı ona satsın və həmin vəsaiti ödəməyə hazırdır. Rusiya Azərbaycanın müstəqil qaz satışını əngəlləmək fikrindədir.
Bakı TAP və TANAP layihələri ilə Azərbaycan qazını Albaniya, Bolqarıstan, İtaliya sərhədlərini aşaraq Avropaya çıxaracaq. Moskvanın təkid-təklifinə isə imtina cavab verməsi Putinin xoşuna gəlməyib.
Beləliklə, Rusiya-Azərbaycan əlaqələrində problemlərin  heç də həllini tapmadığını əminliklə söyləmək olar.
Hətta xatırlayırsınızsa, dünya çempionatının açılışından sonra Putin Əliyevə “sizinlə söhbətimiz avqustda olacaq” demişdi.
Bu qaba və neomüstəmləkə siyasəti Azərbaycan üçün bir işıqlı tərəfi də göstərir. Moskva Bakını sıxdıqca, Azərbaycan Qərbə yaxınlaşacaq.
Amma bu oyun da kifayət qədər təhlükəlidir. Q.Həsənquliyev belə qənaətdədir ki, xalqın iqtidara qarşı çıxmadığını görüb, bu dəfə hansısa bölgəni terrorçu qruplar (“yaşıl adamcıqlar”) vasitəsilə mərkəzi hökumətin nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər. Doğrudur, xalq iqtidara qarşı çıxmadı, amma bu yetərli deyil və xalqın daha fəal iqtidarın müdafiəsinə qalxması lazımdır.
Deputatın həyəcan təbili çalması, xalqı fəallığa çağırışı Azərbaycanda oktyabrda ağır təxribatlara cəhd olunacağını deməyə əsas verir.

anaxeber.info-ın Siyasət Şöbəsinin yaydığı məlumata görə, Putinin hərbi donanmada Bakı buxtasına növbəti gəlişi baş tuta bilər. Eyni zamanda silah satışında yeni müqavilələr bağlanması gözlənilir.
2009-cu ildə Neft Akademiyasında terror da Bakıya enerji siyasəti ilə bağlı mesaj idi. Həmin dövrdə Azərbaycan Qərblə enerji əməkdaşlığını genişləndirmişdi.
Gəncə və Mingəçevir olaylarında da enerji siyasətinin ləpirləri görünməkdədir. Azərbaycanın Avropaya çıxaracağı qazın trayektoriyasını dəyişib Rusiyaya ixrac edəcəyi inandırıcı görünmür.
Amma hakimiyyət Ukraynada Yanukoviç iqtidarının üzləşdiyi situasiyaya bənzər mənzərə ilə qarşılaşıb. Yanukoviçin devrilməsi onun Rusiyadan aldığı kredit idi.
Rəsmi Kiyevin Avropa Birliyindən kredit istəməsinə “yox” cavabı verən Qərb təşkilatı onu Moskvanın ağuşuna atdı. Putin vəziyyəti dəyərləndirib Ukraynaya borc verdi.
Amma ABŞ Moskvanın qulağının dibində fors-postunu yaratmağa müvəffəq oldu – Kremlin ilhaqı baş versə belə...
Odur ki, geosiyasi güclərin yeni regional mübarizəsində növbəti poliqon Azərbaycandır və strateji seçim zamanıdır. Ona görə ölkə oktyabrda ciddi siyasi təlatümlərdən keçə bilər.
Maraqlıdır ki, İran da hadisələrin episentrinə gətirilib. Gəncədəki hadisələrdə İranpərəst qüvvələrin olduğu açıq görünür. Amma digər tərəfdən Tehran bu oyunlardan narahatdır.
Çünki Gəncə terroru onun üstündədir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Gəncə icra başçısına qarşı terror edən şəxsin İranda yetişdirilməsi ilə bağlı deyib ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir:
“Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb.
Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər.
Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”.
anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar