Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mətbuata düşmən Şurası mediaya yay repressiyasına susur:

15-08-2018, 11:08   
 


Azərbaycanın tənqidçi və müstəqil elektron mediasına qarşı yay repressiyasına Mətbuat Şurası adlı qeyri-hökumət təşkilatı olan, amma özünü hüquq-mühafizə orqanı kimi aparan bu qurum susqunluq nümayiş etdirməkdədir.
Anaxeber.İnfo yazır ki, Mətbuat Şurası müstəqil elektron mətbuata qarşı cəza ekspedisiyasını sükutla qarşılamaqla bir daha “dirijor çubuğu” ilə idarə olunduğunu təsdiqlədi.
Bu təşkilat barəsində cinayət işi açılan və eyni zamanda bloklanan xəbər portalları ilə bağlı, hətta ölkənin APA kimi media holdinqinin bloklanmasına da indiyə qədər reaksiya verməyib.
Çünki bu təşkilat icazəlidir, diktə ilə fəaliyyət göstərir, mətbuatın müdafiəsi deyil, ona hücumun rıçaqlarından biridir. Ona görə də ölkədə onlarla saytın fəaliyyəti bloklanıb və Şura “yay yuxusu”na gedib.
Mətbuat Şurasının 24saat.org, anaxeber.az, criminal.az, basta.info, topxeber.az saytlarının bloklanması, arqument.az və xural.com saytlarının məhkəməyə verilməsi haqda bir sətirlik rəsmi açıqlaması yoxdur.
Bu qurum müstəqil onlayn medianın fəaliyyətinin buxovlanmasına susqun qalmaqla hakimiyyətin oyuncaq bir təşkilatı olduğunu isbatlamaqdadır.
MŞ artıq heç bir statusa malik deyil ki, komissiya, iclas çağırsın, hansısa sayta xəbərdarlıq eləsin, hansısa qəzeti reket media elan etsin, “qara siyahı”lar açıqlasın.
Bundan sonra hansı üzlə baş redaktorları çağırıb xəbərdarlıq edəcəklər?! Hansı əsasla saytların qərəzli məlumatlar yazdığını iddia edəcəklər?!
İndiyə qədər MŞ tərəfindən nə zaman anaxeber.az saytının baş yazarı Azər Talıbov dəvət olunubsa, iclasda iştirak edib, tövsiyyələri dinləyib.
Amma ölkənin oxunaqlı medialarından olan bu sayt barəsində bloklanma qərarı çıxarılır və Şura “tükünü tərpətmir”.
Ona görə ki, iqtidarın əlaltısı bir qurum kimi özünü sübuta yetirib, jurnalistlərin yox, məmurların, icra başçılarının, nazirlərin qahmarçısı, hamisi rolunda hər zaman çıxış edib.
O zaman Mətbuat Şurasının profili dəyişdirilsin, nizamnamə yenilənsin, adı Mətbuata Düşmən Şurası adlandırılsın. Bu qurum hətta APA ilə bağlı gedən müzakirələrin fonunda da bir cümlə ilə bəyanat yaymır.
Anaxeber.İnfo yazır ki, Mətbuat Şurası məmurların əsirinə çevrilib. Bu təşkilatın missiyası hansı məmur haqda məqalə dərc olunursa, onunla bağlı məmurun mövqeyindən çıxış etməkdir.
Amma Şura maraqlanmayıb ki, bu saytlar niyə bloklanır, hansı əsasla fəaliyyətinə son qoyulur, işsiz qalan jurnalistlərin taleyi necə olacaq?!
MŞ jurnalistlərin yox, məmurların müdafiəsinin baş ifaçısıdır. O baxımdan bu yay “ağzına su alıb oturan” Şuranın “qara siyahı” açıqlamağa heç bir haqqı yoxdur.
  Əlbəttə, siyasətçilərin, məmurların diqtəsi ilə idarə olunan mətbuat azad fəaliyyət göstərə bilməz. Necə ki, ev alan, KİVDF-dən maliyyə alan mətbu orqanlar müstəqilliyini itiriblər.
Ən azından tərkib əsaslı şəkildə dəyişilsəydi, Azərbaycan jurnalistikasının güvəndiyi Mətbuat Şurası kənardan yaxşı görünərdi. Ona görə də qarşıdakı dövr üçün MŞ-dan gözləntilər indidən dəfn olundu.
Yalnız onlara biət edənləri yanında görən, tənqidçi medianı əzərək nəfəsini kəsənlər üçün yaxşı qəzet, yaxşı sayt onların sözünə baxanlardır.
Azərbaycan mətbuatında azadlıqların buxovlanması, müstəqil və tənqidçi medianın çökdürülməsi, ələbaxımlı edilməsi, susdurulması prosesində uzun müddətli iştirakı olan Mətbuat Şurası indi onlayn mediada neosenzura siyasətinə başlayır.
Çox sadə - “sözəbaxmayan”, onların tapşırıqlarına boyun əyməyən tənqidçi media tezliklə bloklanır, “cəzalandırılmış” xəbər portallarına giriş mümkün olmur.
Əlbəttə, bir vaxtlar jurnalistləri döyürdülər, həbs edirdilər, təhdid, hədə-qorxu gəlirdilər, başına torba keçirib qanına qəltan edirdilər, indi “müasir” cəza metodları tətbiq olunur. Bu cəza ekspedisiyası saytların, portalların bloklanmasından ibarətdir.
Ancaq bu bloklanma prosesinin mexanizmini həyata keçirən qurumlar məsuliyyətdən boyun qaçıraraq xəbərsiz olduqlarını, sifariş yerinə yetirmədiklərini söyləyirlər. Bizə tanış nağıldır!
Beynəlxalq təşkilatların bəyanatlarına, ittihamlarına, azad və medianın durumu barədə hesabatlarına, Azərbaycanın qeyri-azad media olan ölkələr cərgəsinə düşməsinə məhz Mətbuat Şurası və məmurların bloklama siyasəti səbəb olur.
Nəticədə tənqidlər prezidentə yönəlir, dövlət başçısı hədəfə çıxarılır, Azərbaycanın və onun liderinin imicinə qərəzli ləkə yaxırlar.
Anaxeber.İnfo
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar