Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pirverdiyevin “cənazə mərasimi”: daha kimləri “əcəl zəngi” gözləyir? – Anaxeber-də....

5-09-2018, 09:42   
 
 
Etibar Pirverdiyev getdi. Əslində, çoxdan yola salınmışdı. Bu sərəncam isə onun vəzifədən azad edilməsinin rəsmiləşdirilən “cənazə mərasimi” idi.
Anaxeber.İnfo şərh edir ki, iyul ayında ölkəyə iki gün enerji fəlakəti yaşatmış və respublikanı çaxnaşaya salmış, hansısa məkrli qüvvələrin bundan istifadə etməsinə az qala zəmin yaratmış bir məmurun bundan daha artıq postunda saxlanması mümkün deyildi.
Ona görə müşavirədə prezidentin ona “utanmalısınız” deməsi ilə elə həmin gün “Azərenerji” ASC prezidenti işindən qovulmuşdu.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin işdən çıxarılması gündəmi zəbt edəcək qədər əhəmiyyətli xəbər olmamalı idi.
Etibar Pirverdiyev hələ 3 il əvvəl, 2015-ci il fevralın ayının 10-da ölkə başçısı İlham Əliyevin sərəncamı əsasında “Azərişıq” ASC yaradılanda səlahiyyətlərini faktiki olaraq itirmişdi.
Onun “Azərenerji” ASC-dəki prezidentliyi formal xarakter daşıyırdı. Hətta o zaman mediada məlumat yayılmışdı ki, Etibar Pirverdiyev ona tapşırılan biznes strukturlarına nəzarət etmək səlahiyyətini də itirib.
Pirverdiyevin yerinə “Azərişıq” ASC sədri Baba Rzayevin təyin olunması isə siyasi mövqelərin möhkəmləndirilməsi istiqamətində son dövrlər güclənmiş qanadın bir mesajıdır.
Görünən trend ondan ibarətdir ki, köhnə qvardiyadan olan məmurlardan hansı aəhv buraxsa, nöqsanları olsa, azad edilərkən yerinə güclü qanadın kadrı təyin ediləcək.
Bunu seçkidən sonra Nazirlər Kabinetinin tərkibinin formalaşdırılması zamanı da müşahidə etmişdik. Hakimiyyətin bölüşdürülməsi və yenidən qurulması prosesi gedir.
B.Rzayevin “Azərişıq”dakı vəzifəsinə də gənc kadrlardan birinin təyin olunacağı gözlənilir. Onun da hansı siyasi cinahı təmsil edəcəyi gün kimi aydındır.
Bütün bunlar isə bir dərsdir ki, kimsə vəzifəsində əbədi deyil. 2013 ilindən bəri 5 ildə onlarla nazir və iri fiqurlar vəzifələrini itiriblər.
Bunu 5 illik siyasi xəritə də adlandırmaq olar. Hakimiyyətdə Pirverdiyevlər, Mahmudovlar, Əbiyevlər, Müslümovlar, Məmmədovlar və daha kimlər böyük sərvətlərə sahiblənmişdilər, qubernatorlara çevrilmişdilər.
Onların “qılıncının dalı və qabağı kəsən” əyyamlar necə bitirsə, qalanlarını da eyni aqibət gözləməkdədir. Bəs, Pirverdiyevdən sonra kimlərə “qara kağız” gələ bilər sualı da çox aktualdır.      
Anaxeber.İnfo yazır ki, ölkə vətəndaşlarının narazılıq etdiyi sahələr əsasən sosial sektorlardır. Vətəndaşlar harda hüquqsuzluq, insana qarşı olan sosial zülm varsa ondan prezidentə çox şikayətlənirlər.
Bu sırada icra hakimiyyət strukturları, səhiyyə, təhsil sahələrini qeyd etmək lazımdır. Yerlərdə əhalinin incidilməsi halları azalmaq bilmir.
Belə görünür ki, prezident ilin axırına qədər və eləcə də yeni ilin əvvəlində bir neçə icra hakimi dəyişməli olacaq.
Habelə, səhiyyə sahəsində acınacaqlı vəziyyət hökm sürür və əncam çəkilmir. Yeni təhsil nazirinin də fəaliyyətində irəliləyiş gözə dəymir.
Bundan başqa, gömrük, vergi sistemində sahibkarların hələ də ürəyincə olan köklü islahatlar getməyib. Yol polisi sistemi də mükəmməl sayıla bilməz.
Bu sektorlarda ciddi müsbət impulslar olmasa, böhran dərinləşə bilər. Nəticədə yenə də tənqidlər hakimiyyətə yönələcək.
Ehtimallar səslənir ki, qarşıdakı dövrdə inhisarçılığın iri fiqurların əlindən alınıb bir “katyol”da cəmləşdirilməsi üçün də daha genişmiqyaslı dəyişikliklər ola bilər.
Bu istiqamətdə monopolistlərdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov yetərincə zəiflədilib və çox çəkməz ki, daha bir qüdrətli nazirin qürubu başlanar.
Ekologiya və təbii sərvətlər naziri, səhiyyə naziri, təhsil naziri sınaq müddətini yaşamaqdadırlar.
Heç kim əbədi deyil və istərsə Sahil Babayev, istərsə də İnam Kərimov aqrar sektorda, sosial müdafiə təminatı sahələrində gözlənilən etimadı doğrultmasalar tezliklə vəzifələri ilə vidalaşacaqlar.
Prezidentin də onları işdən azad etməsi üçün maneə qalmayacaq. Çünki onlar köhnə qvardiyadakı nazirlər kimi oliqarxlaşmayıblar, qruplaşmalara bölünməyiblər, heç bir siyasi nüfuza malik deyillər.        
Həmçinin, reyestr xidməti, yol tikintisi, nəqliyyat sektorları ilə bağlı cavabdeh məmurlar da vətəndaşlara xidmətdə gözlənilən nəticələri verməsələr, işlərini itirəcəkləri olduqca rahatdır.
Ümumiyyətlə, deputatların açıqlamalarında hakimiyyət vaxtaşırı ismarışlar verir ki, nöqsanlara yol verən, əhalini qıcıqlandıranlar vəzifədən çıxarılacaqlar, daha köhnə vaxtlar deyil...    
Anaxeber.İnfo
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar