Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Ayrılıq” demirlər, “Səni deyirlər”: bütöv Azərbaycan ideyası TRAMPlindir yoxsa utopiya?

11-09-2018, 10:01   
 

Təbrizdə “Lalə” ticarət mərkəzində rəqs edən azərbaycanlılara polis müdaxilə etmək istəyir. Sosial şəbəkələrdə videosu yayılan kadrlardan görünür ki, polisin gözünü açmağa macal vermirlər, güneylilər başı üzərini alıb, qollarından tutaraq kənarlaşdırırlar.
Bu rəqs ayrı bir hava idi, son günlərin trendinə çevrilən “Səni deyirlər” mahnısı deyildi. Hiss olunur ki, cənubi azərbaycanlılar artıq rəqs etməyi bir siyasi hərəkata döndərməkdədirlər.
Anaxeber.İnfo yazır ki, fars-molla rejiminə qarşı passiv etiraz aksiyasına çevrilmiş bu rəqslər şimali Azərbaycana da ayaq açıb.
Sosial media səhifələri Urmiya gölünün qurudulmasına həsr olunmuş “Səni deyirlər” mahnısına oynayanlarla dolub-daşır.
Amma Təbrizdən yayılmış yeni video göstərir ki, güneyli soydaşlar prosesin miqyasını genişləndirməkdə davam edirlər.
İlk baxışdan aciz görünən bu siyasi aktın əsas qayəsi İrandakı teokratik rejimə, onun insan haqlarına, Azərbaycan dilinə və azərbaycanlılara münasibətinə bir mesaj xarakteri daşıyır.
Sözsüz ki, “Səni deyirlər” oynamaqla nə güneylilər müstəqilliyinə qovuşacaq, nə Azərbaycan dili məktəblərdə tədris olunacaq, nə də molla hakimiyyəti devriləcək.
Sadəcə, bu kampaniyaya şimal və cənubun birgə qoşulması, ilk dəfə bütöv Azərbaycanın cani qəlbdən ruhən birləşməsi, siyasilərdən tutmuş jurnalistlərə, aktyorlardan sıravi adamlara qədər cəmiyyətin bütün təbəqələrinin İrandakı azərbaycanlılara dəstək verməsi illərin yığılıb qalaqlanmış, atomlaşmış ehtirasının nümayişi idi.
Azərbaycanlılar birlikdə yaşamağın, tikanlı məftilləri qırmağın həsrətində olduqlarını göstərdilər. 50 milyonluq xalqın sümüyünə bir hava düşürsə, demək sümüyümüz, qanımız birdir.
Şimallı və cənublu azərbaycanlıları Yaqub Zurufçunun, Ququşun oxuduğu “Ayrılıq” mahnısı ayrılıqla ağlatmışdısa, Şərifzadənin “Səni deyirlər” şən-şux toy mahnısı sevinclə birləşdirdi.
Tənqid edənlər də az olmadı. Kimisi mahnının bayağı olduğunu, kimisi oynamaqla rejimə təsirin mümkün olmadığını yazdı. Bu mövqeni oynayanlar da bölüşürlər.
Bu fləş mobların məqsədi yalnız passiv şəkildə həmrəylik nümayişi və Urmiya gölünün qurudulmasına istehzalı etiraz idi.
Onsuz da güneydəki soydaşlarımız gölün qurudulmasına etiraz olaraq dəfələrlə kütləvi aksiyalar keçirmişdilər, qarşıdurmalar, polislə toqquşmalar, həbslər qeydə alınmışdı.
“Səni deyirlər” mahnısına oynayanların isə İranda həbs edildiyi barədə xəbərlər gəzsə də, səhih informasiyalar olmadı.
Anaxeber.İnfo yazır ki, bütöv Azərbaycan ideyası hələ də utopiya olaraq qalmaqdadır. Bu ideyanın əsas təbliğatçılarından biri meydan hərəkatı lideri, mərhum prezident Əbülfəz Elçibəy olub. Biz yenə həmişəki kimi bu yeni geosiyasi reallığa hazır deyilk.
Bir vaxtlar Güney Azərbaycan ideyasına istehzalı, utopik bir məsələ kimi yanaşanlar öz mövqelərini onunla əsaslandırmağa çalışırdılar ki, İran bizim güclü qonşumuzdur və belə qeyri-real məsələləri gündəmə gətirməklə dövlətlərarası münasibətləri korlamaq olmaz.
Məhz elə bu yanaşmalar üzündən ancaq mərhum prezident Elçibəyin problem kimi gündəmə gətirdiyi Bütöv Azərbaycan ideyasına nə dövlət, nə də ki cəmiyyət olaraq sahib çıxdıq.
Niyə? Çünki bizdən fərqli olaraq İranda dövlətçilik ənənələri var və bütün məsələlərə təkcə bu günün şərtləri ilə deyil, həm də strateji maraqlar baxımından yanaşılır.
Bu səbəbdən də bizim susmağımıza baxmayaraq, İran Quzey Azərbaycan dövlətini həmişə öz strateji maraqları və indiki sərhədləri üçün potensial təhdid sayır.
O üzdən də xarici siyasətində müsəlman həmrəyliyini prioritet kimi qabardan İran bu prinsipin əleyhinə olaraq Ermənistana dəstək göstərərək Azərbaycan dövlətçiliyinin zəiflədilməsində maraqlıdır.
Rusiya ilə İran arasında Azərbaycana münasibətdə həmişə strateji ortaqlığın mövcud olması da bununla əlaqəlidir.
Çünki İran üçün güclü və inkişaf etmiş Azərbaycan dövləti bir tərəfdən onun sərhədləri daxilində yaşayan 35 milyonluq Güney Azərbaycan türkləri üçün milli dövlət qurmaq arzusu yaradan strateji təhlükədir.
Digər tərəfdən isə bizim Qərbə inteqrasiya siyasətimiz teokratik quruluşun ideoloji əsasları üçün təhdid yaradır.
Əlbəttə geosiyasi şərtlər, regiondakı maraqlar və eləcə də həm İran, həm Azərbaycandakı hakimiyyətlər bütöv Azərbaycan ideyasına səmimi yanaşmırlar.
Bu problem xalqların öhdəsindədir. Əgər ABŞ İranı vurmaq, parçalamaq və zəifləmiş dövlətə çevirmək istəsə, heş şübhəsiz ki, bu güneyli soydaşlarımızın azadlığı üçün TRAMPplin olacaq.
Digər tərəfdən isə güneylilər hər nə qədər fars rejiminə etiraz etsələr də, antiAmerikan ritorikası orada güclüdür.
Ancaq təəssüf ki, oturuşmuş dövlətçilik düşüncəsinin olmaması üzündən bu gün biz Güney Azərbaycan məsələsinə münasibətdə də hazırlıqsız vəziyyətdəyik.
Bizdən asılı olmayaraq artıq ABŞ bu məsələni gündəmə gətirir. Bu gün İranın yenidən şəkilləndirilməsi məsələsində dövlət maraqlarımız nə olacaq, necə olacaq sualına isə bizim cavabımız yoxdur.
Halbuki bu ideya bu gün Orta Şərq regionunun mənzərəsini və güc tarazlığını dəyişəcək əhəmiyyətə malik layihədir.
Artıq qəbul etməliyik ki, biz məşğul olmasaq başqaları bu ideyadan istifadə edib öz geostrateji istəklərini həyata keçirə bilər və bu zaman söz sahibi olmadığımız prosesdə dövlət maraqlarımız nəzərə alınmaya bilər.
Bu səbəbdən ilk növbədə dövlət olaraq Güney məsələsinə diqqət ayırmamız, İran sərhədləri daxilində yaşayan soydaşlarımızın haqlarına sahib çıxan bir dövlət kimi onların güvənc yeri olmalıyıq. Ən müxtəlif yol və üsullarla Güney Azərbaycan türklərinin milli problemlərinin dünya gündəminə oturmasına, dəstək qazanmasına yardım göstərməliyik.
 Anaxeber.İnfo
 
    
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar