Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Aprel seçkisinin beş ayı: yeni nazirlər və başçılar nələri dəyişib? – təfərrüatı Anaxeber.İnfo-da

12-09-2018, 08:03   
 


11 apreldə keçirilmiş növbədənkənar prezident seçkilərindən 5 ay geridə qalır. Prezident seçkiləri gələn ay olmalıydı, amma oktyabr ertələnərək 6 ay qabağa çəkildi.
Anaxeber.İnfo xatırladır ki, hakimiyyət bunu Cümhuriyyətin 100 illiyi ilə bağlı təşkil olunacaq tədbirlərlə, iqtidaryönlü siyasətçilər, millət vəkilləri isə regiondakı proseslərlə əlaqələndirirdi.
Oktyabrda İranın ABŞ tərəfindən vurulacağı barədə məlumatlar, bölgədəki geosiyasi şəraitin gərginləşməsi, Rusiyanın oktyabrda Azərbaycanla bağlı hansısa ssenarilərinin olduğuna dair proqnozlar iqtidarı seçkini keçirmək üçün tələsməyə vadar etdi.
Gələn ay regionda kataklizmlərin olacağını proqnozlaşdırmaq mümkün deyil, amma hakimiyyət erkən seçki qərarını səhih siqnallar və kəşfiyyat məlumatları əsasında vermişdi.
Seçkidən sonra hakim komandanın heyətində əsaslı dəyişikliklər oldu. Nazirlər dəyişdi, kabinet yeniləndi. Bəs bu 5 ay ərzində hökumətin daxili siyasətində nələr dəyişib? İslahatlar gedibmi?
Analitiklərin fikrincə, kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, vergilər naziri Mikayıl Cabbarov, gömrük komitəsi sədri Səfər Mehdiyev aztəminatlı ailələri, iş adamlarını narahat edən sektorların başına gətiriləndə ümidlər yarandı.
İnsanlar aqrar, sosial təminat sahəsində reformalar olacağını gözləyirdilər. Şəffaflıq, qiymət artımının qarşısının alınması əsas tələblər idi. Biznes adamları da vergi və gömrük orqanlarında dəyişikliklərə göz dikmişdilər.
Lakin geridə qalan bu 5 ay ərzində köhnə nomeklaturanın saxlandığı, nə əlillik dərəcələrinin verilməsi, nə fermerlərin problemlərinin həlli, nə gömrük və vergi sistemində bürokratik əngəllərin aradan qaldırılmasına şahidlik edə bildik.
Hökumət sanki fiqur dəyişiklikləri ilə ictimaiyyəti aldatmaq fikrindədir. Cəmiyyət bu kadr əvəzləmələrinin sistemdə, idarəçilikdəki fərqlərini hiss edə bilmirlər.
Aydın Əliyevin dövrü ilə Səfər Mehdiyevin 5 aylıq fəaliyyətində harizontal müqayisələr aparsaq, hansı müsbət irəliləyişləri müşahidə etmək olar? Yaxud Fazil Məmmədovla Mikayıl Cabbarovun iş prinsiplərində fərqlər nədən ibarətdir?
Mediada yayılan xəbərlər, vətəndaşların şikayətləri göstərir ki, Sahil Babayev də nazir təyin olunduqdan sonra Səlim Müslümovun yolunu getməkdə, adı rüşvətdə hallanmış köhnə kadrları vəzifələrə təyin etməkdədir.
Anaxeber.İnfo yazır ki, İnam Kərimov üçün nazir fəaliyyəti isə tamamilə pis başladı: Sabirabad, Saatlı, Yevlax, İmişlidə pambıq sahələrində kütləvi zəhərlənmələr oldu.
Fermerlərin suvarma, texnika problemləri, kombayn çatışmazlığı, kredit və subsidiyaların verilməsindəki əngəllər qalmaqdadır.
Habelə, Ceyhun Bayramovun təhsil naziri olması, Rövşən Rzayevin “Qaçqınkom” sədri təyin olunması ilə bu sahələrdəki dərin problemlər həllini tapmayıblar.
Binəqədi, Gədəbəy, Ağdam, Gəncə kimi regionlara icra başçısı təyinatları ilə bağlı proqnoz vermək bir qədər tezdir. Onlara 100 gün möhlət verilib.
Amma ilkin rəy budur ki, təzə icra başçıları diqqəti cəlb edən addımlar atmayıblar, qərarlar verməyiblər. Vəzifəsində qalan icra başçıları da vətəndaşları incitməkdədirlər.
Hökumətin həyata keçirdiyi kadr islahatları əyalətlərdə özbaşınalıqların aradan qalxmasına, sahibkarların işinə müsbət təsirlər etməlidir, yeni nazirlərin fəaliyyəti müxtəlif sahələrdə dirçəlmələrə, inhisarçılığa, rüşvətə, talana son qoymağa gətirib çıxarmalıdır.
Ekspertlərin fikrincə, son beş ayda bu halların köklü şəkildə ləğvi ilə bağlı müsbət sözlər demək çətindir. Eləcə də siyasi islahatlar, medianın inkişafı və azadlıqları, maliyyə problemlərinin həlli ilə bağlı günbəgün vəziyyət mürəkkəbləşir. Xüsusən də işsiz jurnalistlərin sayı artmaqdadır.
Bundan başqa, siyasi məhbus siyahısı təzələnib, 130 nəfərin adı keçir, ictimai fəalların ölkəni tərk etməsi sürətlənib, müxalifətin seçkini boykot qərarı fiasko oldu, iqtisadi fazada bahalaşma davam etməkdədir, seçkidən sonra ictimai nəqliyyatda qiymət artımına gedilib, 95 və 98 benzinin qiyməti qalxıb və s.     
Yada salaq ki, Carnegie Beynəlxalq Sülh Fondunun böyük elmi işçisi və Azərbaycan üzrə ekspert Thomas de Waal erkən prezident seçkisinin Azərbaycanda heç nəyi dəyişməyəcəyini demişdi.
Vüqar Abıyev 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar