Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qərbin Bakıdan siyasi tələblərinin səngiməsinin pərdəarxası -Anaxeber.info-da...

20-09-2018, 09:38   
 
Azərbaycan dövlətinin 1999-cu ildən bəri neft layihələrindən qazancı 155 milyard dollardan artıqdır. Anaxeber.info yazır ki, 140 milyarddan artıq dollar Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəlirlərdir.
Əlavə, beynəlxalq şirkətlər Azərbaycanın dövlət büdcəsinə 15 milyarddan artıq vergi şəklində ödənişlər edib. Azərbaycan məhz iqtisadi təsir gücünə bu gün regional təsir imkanlarını əldə edib.
İndi də “Cənub Qaz Dəhlizi” layihəsi xəritədəki coğrafiyanı dəyişir. Əvvəl 3 ölkə idi, indi Balkanlaradək uzanıb gedəcək. Bu da ölkələrin həm iqtisadi-siyasi təsir baxımından, həm də onlara gətiriləcək dividentlər sayəsində Azərbaycana olan münasibəti dəyişəcək.
Ona görə də Azərbaycan hakimiyyətinə dünyanın baxışı hər zaman iqtisadi portfeldən olub. Hökumətə yönəlik tənqidlər, demokratiya tələbləri də sırf regionda iqtisadi təsir gücü olduğuna görə, Gürcüstan və Ermənistandan daha az səslənir.
Qərb Azərbaycanla olan enerji əməkdaşlığını TAP, TANAP və “Cənub Qaz Dəhlizi” layihələri ilə genişləndirməklə rəsmi Bakını hər “həftə səkkiz, mən doqquz” siyasi tələblərlə qıcıqlandırmaq istəmir.
Odur ki, son illərdə Azərbaycanda insan haqları və demokratiya ilə bağlı xarici tənqidlər də azalmaqdadır. Məsələn, Amerika konqressinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun Bakıda illərdir ofisi möhürlənib.
Rusiya, Ermənistanda radionun yerli büroları fəaliyyətdə olsa belə, rəsmi Bakıdan bunu tələb etmirlər. Çünki regionda, Cənubi Qafqazda iqtisadi söz sahibi Ermənistan və ya Gürcüstan deyil, Azərbaycandır.
Saakaşvili dövründə gürcülər bizim neft və qazın hesabına ağır böhrandan çıxdıqlarını həmişə xatırlayırlar. Bu səbəbdən niyə C.Qafqazdakı 3 ölkəyə fərqli münasibətlər var sualının cavabı iqtisadi faktorlarda gizlənir.
Bu başqa məsələdir ki, əldə olunan 155 milyard dollarla Azərbaycan xalqının rifah səviyyəsi, ölkənin inkişaf tempi fərqli ola, məmuriyyət rüşvətə, bürokratiyaya bulaşmaz, iyerarxik korrupsiya maşını iri pəncələri ilə müxtəlif sahələri əzməzdi.
Yəni, Qərb Bakıdan heç vaxt sosial həyat səviyyəsinin yüksəldilməsi barədə tələblər irəli sürməyib: iş yerləri aç, maaşı artır və ya rüşvətə son qoy...
Bu, Avropa və Amerika xarici siyasətinin əlifbasında yoxdur. Qərbin təzyiqləri həmişə siyasi amillərə söykənib ki, o da axır illərdə tam səngiyib.
Nə seçki, nə siyasi məhbus, nə də sərbət toplaşma, mətbuat azadlığı ilə bağlı əvvəlki rəylər, bəyanatlar eşidilir. Hətta Almaniya kansleri Merkelin Bakı səfəri ilə bağlı müəyyən ehtimallar səslənirdisə də, ciddi olmadığı göründü.
Azərbaycan hakimiyyəti daxili siyasi fəaliyyətində heç kəsi eşitmədiyini məhz bununla sübut edir və göstərir ki, regionda iqtisadi nüfuza malikdir, C.Qafqazda hakimdir.
Azərbaycanın son illər Rusiya, İran və Türkiyə ilə münasibətlərinin daha da sıxlaşması onun siyasi təsir gücünü artırır.
Bu regionda əhəmiyyəti getdikcə çoxalan Bakı ilə kimsə əlaqələrin gərginləşməsində maraqlı deyil. İstərsə Qərb, istərsə ona qarşı bufer zonalar yaradan Rusiya, İran və Türkiyə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdırlar.
Hakimiyyət daxili siyasətində kiminləsə hesablaşmadığını, hansısa qüvvələrin istəklərinə uyğun qurmadığını dəfələrlə bəyan edib. Ermənistandakı yeni hakimiyyətin də naşılığı, daşların yerinə oturmaması, Rusiya ilə əlaqələrin yaxşı səviyyədə olmaması Bakının işinə yarayır.
Bütün bunları bir kənara qoysaq, 2017-ci il Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb.
Belə ki, sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.
Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.
Azərbaycanda siyasətlə məşğul olanlar, hakimiyyət ambisiyası ilə yaşayanlar bu rəqəmlərə diqqət yetirməlidirlər. Dünya siyasətini kimlərin müəyyənləşdirməsi bu pay bölgüsündə əskini tapır.
Ona görə hökumətə yönəlik tənqidlər, demokratiya tələbləri də sırf regionda iqtisadi təsir gücünə malik olduğumuza bağlıdır.
Anaxeber.info
Turan
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar