Ana səhifə

“Mən Ramiz Mehdiyevi nahaqdan Lavrenti Beriya adlandırmıram”

    Tarix: 22-03-2019 10:03   
 

 YAP-ın qurucularından biri olmuş Eldar Sabiroğlunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt tənqidləri olub. Rüfət Səfərov həbsdən çıxdıqdan sonra irtica qarşısında geri çəkilməyəcəyini ifadə edib.

Bəs Eldar Sabiroğlu necə? O, yenə hakimiyyəti tənqid edəcəkmi? Oğlunun həbsdən azad ediləcəyini gözləyirdimi? Bu və digər suallara Eldar Sabiroğlu belə cavab verib:

-Günahsız həbs edilmişdi. Doğrusu, buraxılmasına tam əmin deyildim. Bizim üçün ağır oldu son üç il. Bir daha çətin günlərimizdə mənəvi dəstəyini əsirgəməyən hər kəsə təşəkkürümü bildirirəm. İndi onları ayrı-ayrılıqda xatırlamağa fiziki imkanım yetməz. Ona görə üzrlü sayılsın. Gözlərimiz həbsxana yollarından çəkildi. Kürdəxanı, Şüvəlan, Binə, Lənkəran, Şirvandakı zindanları gördük. Acı xatirələr çoxdur. Şirini isə heç yoxdur. Bütün günahsızların azadlığa çıxması üçün ölkə prezidentinin xeyirxah addımının davamını görmək istərdik.

-Lakin siyasi məhbus problemi yenə tam həllini tapmadı…

-Təəssüf ki, belədir. Bu məsələ cəmiyyətdə ictimai münasibətləri müəyyənləşdirən ciddi faktora çevrilib. Maraqlı qruplar problemin həllinə müxtəlif bəhanələrlə əngəllər törədirlər. Mehman Hüseynov hadisəsi hər şeyi açıq-aydın göstərdi. Hökumətdə kimlərsə problemin şişməsini istəyirmiş kimi Azərbaycanı qərblə üzbəüz qoydu. İlham Əliyev ciddi nəticə çıxarmalıdır. Beynəlxalq müzakirələrin hansı birində ölkəni qarışdıran, cəmiyyətidə barış və hüzura mane olan kiminsə ünvanına kiçik bir tənqidi söz eşitdik?! Ramiz Mehdiyevi nəzərdə tuturam. Pis işlərin böyük faizini düzüb qoşan bu intriqanın özünü kənarda saxlamaq istedadı prezidenti həmişə hədəfə çəkib. Daxildəki informasiya məkanında da prezidentdən tutmuş üzüaşagı hamı tənqid olunur, ona isə toxunulmur. Vəziyyəti özünüz təsəvvür edin.Yaxın müddətdə bu haqda əhatəli yazı üzərində işləmək fikrindəyəm. Çalışacam tez olsun.

-Səhv etmiriksə, bu, sizin 4-cü siyasi hekayəniz olacaq.

-Bəli, mən onu nahaqdan Lavrenti Beriya adlandırmıram. O, hakimiyyətin özü, həm də bütövlükdə cəmiyyət üçün ciddi təhlükəyə çevrilib. Şərt təkcə o deyil ki, güllə ilə kiminsə həyatını bitirəsən. Onun və ətrafının haqsız təqiblərinə dözməyib puç olan ailələrin, ürəkləri partlayıb dünyadan vaxtsız köçənlərin ruhları fəryad qoparır. Öləndə beləsinə rəhmət yox, lənət oxuyacaqlar. O, mənim də həyatıma zəhər qatıb. Məhz bu səbəbdən siyasi hekayətlərimin davamını qələmə almaq niyyətindəyəm. Bəzi züyçülər bizi nifaq toxumları səpməkdə, ən yüngül halda isə ermənipərəstlikdə günahlandırmağa tələsməsinlər. İndi deyəcəyimə diqqət edin. Prezidentin əleyhinə son üç ildə az yazılarım olmayıb. Buna görə nə YAP-dan, nə deputatların birindən, nə də ayrı-ayrı icarəyə götürülmüş siyasətbazlar tərəfindən xüsusi bir cavab görmədim. Elə ki, Lavrenti Beriyadan yazdım, deputat qarışıq düşdülər üstümə. Özünü müxalif və azadfkirli sayan bəzi yazarlar da qoşuldular onlara. Rüfəti məhvərindən çıxaran səbəblərdən biri də bu oldu. O təhqir, qarayaxma qalmadı ki, haqqımda söyləməsinlər. Hətta məni Müdafiə Nazirliyində çalışarkən ermənilərə məxfi hərbi məlumatlar ötürməkdə ittiham edən də oldu. Baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova rəsmi müraciət etsəm də, araşdırma aparılmadı. Bəlkə doğrudan olubmuş…Niyə biruzə çıxarmadılar?! Nədən və kimdən qorxdular?! İlk dəfə idi ki, etirazımı bu cür dilə gətirdim: belə dövlətmi olar!? Hər iki qurumun MX-nin rəisləri ilə danışanda doğrudan dövlətə yazığım gəldi…Ölkənin taleyi zınqırovlu adamların ixtiyarına buraxılanda axırı da belə olur. Varlıqlarını sübut etmək üçün insanların arasında da zınqırovlar kara gəlir. Nə isə. Mətləbdən uzaqlaşmayaq. Əsl ermənipərəstliyin mənbəyi 1988-ci ilin may ayının 21-də keçirilən Vəzirovun məşhur plenumundan başlayıb və bu gün də prezident administrasiyasının 7-ci qatından yerə düşmək istəmir! Həmin plenumda Heydər Əliyev alçaqcasına təhqir olunanda müdafiəsi qalsın özünə, əleyhinə danışanlardan biri də o olmuşdur. Yüksək dövləti vəzifədə və hüdudsuz informasiya şəbəkəsi üzərində oturmuş, Mehdiyevlə yaxınlığı ilə seçilən birisi barədə də vaxtilə illyuziyalar qoşurdular ki, İlham Əliyev ona dəyərsə, yer məhvərindən çıxar. Lakin Şəkidən Bakıya dönərkən yoldaca vəzifədən xaric edilməsi barədə rəsmi sərəncamı xidməti maşınındakı radiodan eşitdi. Heç bir zəlzələ və ya qasırğa baş vermədi. Əksinə iki-üç ay istirahətdən sonra səfir göndərilmək xahişində bulundu. “Nəhəng divi” də bu sınaqdan keçirmək olar. Günün xoş bir vaxtında ilham aldığı Moskvaya yola salır və Bakıya qayıdarkən göydə-mavi Xəzərin üzərində fatihəsi oxunur. … Yoxsa nə qədər var, hakimiyyət daxil hamı üçün problem olaraq qalacaq. Prezident hələ də ondan üzülüşmək qərarına gəlməyib, bəlkə rəhbərin fikirləşdiyi, ehtiyat etdiyi nələrsə var, insanlar xəbərsizdir?! Lakin cəmiyyətə yeridilən fikrə görə dövlətin idarə edilməsi və İlham Əliyevin hakimiyyətdə qalması onun gücünə bağlıdır. Bu mif bütün ölkəni gəzir və hətta azsavadlı kənd adamında da o təəssürat yaranıb ki, geri cəkildiyi an hakimiyyətin çökməsi qaçılmazdır. Deməli, sabah qəfildən təbii surətdə yox oldu, Azərbaycan iqtidarı da onunla birlikdə yox olacaq?!

-Ciddi ittihamlarla çıxış edirsiniz. Bunun arxasında durmaq tələbi ilə üzləşəcəyinizdən ehtiyat etmirsinizmi?

-Çəkinəcək yerim qalmayıb. Çıxın küçəyə və istənilən adamdan soruşun, eyni ilə mənim dediklərimi eşidə bilərsiniz. Əlbəttə, şərlənərək 9 il həbs cəzasına məhkum edilən oğlum Rüfətin azadlığa buraxıldığı səbəbi ilə toxunduğum qeydlərin birmənalı qarşılanmayacağının fərqindəyəm. Bəziləri düşünə bilər ki, Rüfət zindandan çıxıb deyən oxu atıb yayı gizlətməklə məşgulam. Daha açığı, məni əsl baiskarın üzərindən sükutla keçib bütün günahları başqasının kürəyinə yüklədiyimə görə qınayanlar ola bilər. Ancaq ilk gündən hansı mövqedə olduğumu bilmək üçün arxivdəki yazılarıma baxmağınız kifayət edər. Dövlət başçısının sabiq müstəntiqə qarşı sərt və qəddar münasbətini qeyd etməklə yanaşı əsl düşmənimin kimliyini dəfələrlə açıqlamışam. Düşərgəsindən, siyasi-ictimai mövqeyindən asılı olmayaraq bütün dəyərləndirmə müəlliflərinə sayğılı olacağımı bəri başdan bəyan edirəm. Hər kəs ona qurulan torun haradan qaynaqlandığını bildiyi kimi, daşın üstümə haradan gəldiyini də mən bilirəm. Prezidentin razılığının alınması üçün hansı təqdimatların onun masası üzərinə qoyulduğundan, bu adamın hətta hiyləgərcəsinə tovlayıb başqalarını bu işə qoşmasından da azdan-çoxdan xəbərim var. O, belə məsələlərdə tələni məharətlə qurur. Əvvəlcə işə qoşduğu adamlar öz rəylərini rəhbərə bildirir, sonda isə “akademik” nöqtəni qoyur və məkrli məqsədini dövlət başçısının əli ilə reallaşdıra bilir.


Bastainfo.com

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net