Ana səhifə

Heydərovun tez “alışan” FHN-i: yanan “Günəşli”, bina, narkodispanser, “Diqlas” - mifin sonu...

    Tarix: 27-03-2019 09:44   

 

 
Ramin Davudovun evi Şirvan şəhərində Dövlət Yanğından Mühafizə Xidmətinin binasından cəmi 2 kilometr aralıda yerləşirmiş. Yəni, el dilində desək, yanğınsöndürənlər bir addımlıqdaymış.
Gəl ki, vətəndaşın 250 kvadaratlıq mülkiyyətində başlayan yanğını söndürməyə gələn iki FHN maşınından birində su olmayıb, birində su koda düşüb, səriştəsizlik və məsuliyyətsizlikdən onun evi yanıb kül olub, ailəsi ilə çöllərdə qalıb. R.Davudova İcra Hakimiyyətindən 2000 manat verilib, vəssalam, özünün dediyi kimi, bu yardım heç evin taxtalarının pulu eləmir.
O, prezidentə, FHN rəhbərinə yazıb, Şirvban prokurorluğuna müraciət edib, prokurorluqdan isə deyilib ki, cinayət işi başlaya bilmərik, Kəmaləddin Heydərovun idarəsidir...
 

Anaxeber.info yazır ki, R.Davudovun evinin külə çevrilməsi Fövqəladə Hallar Nazirliyinin  DYMX-nin yarıtmaz fəaliyyətinin kiçik miqyasda nümunəsidir.
Bu səriştəsiz və bacarıqsızlığın ən iri faktı ötən gün Bakının Nizami rayonunda yaşandı. FHN yanğınsöndürənləri də elə adi adamlar və zərər çəkənlər kimi “Diqlas” ticarət mərkəzinin yanmasına tamaşa elədilər.
Onların gəlişi nəyi dəyişdi ki? - onsuz da bina yandı, heç bir əşya, mal xilas edilmədi. Elə yanğınsöndürən maşınlar gəlməsəydilər də, eyni nəticə olacaqdı. Hələ bir arsız şəkildə açıqlama verdilər ki, yanğının ətrafa yayılmasının qarşısı alındı. Halbuki, “Diqlas” sahibkarları az zərərlə yanğından çıxa bilərdilər, malları külə dönməzdi, müflis olmazdılar.
FHN vertolyotları bir yanda, yanğınsöndürən maşınlar digər tərəfdə canfəşanlıq göstərirdilər, K.Heydərov hadisə yerində yanğını izləyirdi və hamının gözü qabağında nazirliyin yanğından mühafizə xidməti öz bacarıqsızlığını nümayiş etdirdi, ticarətçiləri yana-yana qoydular.
Yanğın söndürənlərin qeyri-peşəkarlığı, hadisə yerinə kifayət qədər texnikanın cəlb olunmaması və FHN əməkdaşlarının tez alışan plastik üzlüklərin üzərinə sabun penası yerinə su vurması alovu daha da gücləndirdi. Eyni ilə, 2015-ci ildə Nizami rayonunda yerləşən maşın bazarında baş verən yanğında olduğu kimi…
Alovun getdikcə güclənməsi nəticəsində hadisə yerinə helikopterlər cəlb olundu. Amma çi fayda… Ticarət mərkəzi kül oldu. Mağaza sahibləri isə, çarəsiz şəkildə FHN-nin çıxardığı hoqqanı izləməklə kifayətləndilər.
Hadisə yerində olarkən jurnalistlərə açıqlama verən FHN şefi bildirdi ki, ticarət mərkəzi tez alışan alkoponla üzlənib və bu yanğın söndürənlərin işini çətinləşdirir. 
“Diqlas” kimi az qala Bakıda yerləşən 70-80 % ticarət mərkəzi və yaşayış binalarının üzlüyü alkopondandır. Yanğın təhlükəsizliyinə cavabdeh də Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirlikdir.
Təhlükəsizliyə cavab verməyibsə, niyə FHN vaxtı ilə bu tip tikililərin istifadəsinə icazə verib? Rüşvət, qohumbazlıq, yerlibazlıq və s. kimi “N” qədər də səbəb saymaq olar.
Dediklərimizin doğruluğunu elə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov da təsdiqlədi.
Cənab Novruzovun yanğınla bağlı jurnalistlərə açıqlamasından : “Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmazlığı var. Yanğın bölmələri tərəfindən 200 m məsafədən suyun çəkilməsi işləri aparılır. 
Yanğın avtomobillərində su məhdud olduğundan, bu kimi ticarət mərkəzlərində yanğınların söndürülməsini təmin etmir. Obyekt rəhbərliyi tərəfindən indiyədək yanğın təhlükəsizliyi faydalarına ciddi nəzarət olunmadığı üçün yanğın geniş şəkildə ətrafa yayılıb.
 

Hər il FHN-nin yanğından mühafizə xidmətinə dövlət tərəfindən maliyyə ayrılır, yeni maşınlar alınır, bir orduya bərabər əsgəri heyət saxlanır, dövlət bu qurumu hər bir avadanlıqla, texnikayla, təhlükəsizlik tədbirləri görülməsi üçün müasir baza ilə təmin edir, amma K.Heydərov hər dəfə fövqəladə hallardan ən pis nəticə ilə çıxır.
Yəni, nə ki baş verməliydi, o da olur. Bu, onun ilk belə uğursuzluğu deyil. 2015-cı ildə Azadlıq prospektindəki binanın yanmasında 15 nəfər tələf oldu, bina külə döndü, FHN heç bir müsbət nəticə göstərə bilmədi.
O dövrdə günahı binanın politeran üzlüyündə axtardılar, “Diqlas”dakı yanğında isə alkoponları “günah keçisi” çıxardılar və heç birində K.Heydərova suallar yağdırılmadı ki, nə üçün bu üzlüklərin fasada vurulmasına icazə verilib.
Eyni zamanda Narkoloji Dispanserdəki məşum yanğında 25 nəfər həyatını itirdi, K.Heydərovun yanğından mühafizə xidməti ordan da seyirçi mövqedə çıxdı.
Bundan başqa, Tufandağda itən alpinistləri meyitlərini tapa bilmədilər, qar əriyəndə cəsədləri üzə çıxdı, itən qayıqçıları xilas edə bilmədilər, meyitləri tapıldı, neçə-neçə evlərdə olan yanğınların söndürməyə vaxtında yetişmirlər, yetişəndə isə ya su qurtarır, ya gecikirlər və kəsəsi, FHN fövqəladə hallarda vətəndaşın imdadına çata bilməyən, səriştəsiz bir struktura çevrilib.
Daha nə baş verməlidir ki, bu nazirlik ləğv edilsin, qurumun xidməti təkmilləşdirilsin?! Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyi yaranandan nə sirri-xudadırsa, ölkədə fövqəladə hadisələr, zəlzələ, daşqın, bina uçqunları, dəhşətli yanğınlar səngimək bilmir.
Nazirliyin ardıcıl kecirdiyi təlimlərlə bağlı kütləvi informasiya vasitələrində xəbərlər verilir. Amma ötən il baş verən yanğınlar təlimlərin yetərli olmadığını göstərdi.
Söhbət sadə xilasedicilərin işindən yox, ümumilikdə kompleks xilasetmə işlərinin yetərsizliyindən gedir. Təkcə keçən 6 ildə 4 böyük hadisə - Kür daşqınları, Zaqatala-Balakən bölgəsində zəlzələ, 2015-ci ilin mayında yanan bina və “Günəşli” özülündə yanğın.
Bu hadisələrin ən çox yaratdığı qalmaqallarla bu araşdırmada ortaya çıxan rəqəmləri müqayisə etmək mümkündür.
Təkcə 2016-cı ilə qədərki araşdırmalara görə, ümumən büdcədən FHN üçün təxminən 2 milyard 39 milyon 688 min 917 manatdan çox pul ayrılıb.
Ümumiyyətlə, FHN-nin son 10-15 ildə yadda qalan xilasetmə əməliyyatını nümunə gətire bilərsinizmi?
Bu nazirlik Zaqatala-Qax zəlzələsinin fəsadlarından zərər çəkənlərə kompensasiya verilməsində, podratçı şirkətlərin əli ilə ev tikintisində ciddi korrupsiyaya yol verməklə “nümunə” qoya bilib.
Eləcə də Kür daşqınları zamanı FHN-nin Sarısu gölü “əməliyyatı”nı yada salmaq lazımdır. O dövrdə Salyanın icra başçısı Əliağa Hüseynov tədbirlər görməsəydi, FHN-nin səriştəsizliyi sayəsində bu rayon da sel-daşqın altında qalacaqdı. Azərbaycanın ictimai rəyində FHN obrazı uğurlu proyekt, hər bir fövqəladə hadisəyə hazır qurum kimi formalaşdırılmışdı.
Lakin bunun bir süni nəfəs aparatı olduğu, blef kimi ortaya atıldığı üzə çıxdı. Əslində, FHN-nin struktur islahatları çərçivəsində ləğv olunması, ETSN-nin tərkibində yaxud ayrıca Yanğından Mühafizə Xidmətinin saxlanması yetərlidir.
Anaxeber.info
Turan
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net