Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqtidar içindəki “buynuz”lar: Əliyevə qarşı kartlar açılır, anti-islahat gündəmi...

29-04-2019, 09:56   
 


İqtidar içindəki müxalifətin “buynuz”ları görsənməyə başlamaqdadır. Dünənə qədər gizli şəkildə, dövlətin içində bu fəaliyyəti göstərənlər açıq oyuna məcbur qalıblar və kartları ortaya qoymaqdadırlar. Bu kartlardan ən “tuz” olanı Əli İnsanovdur ki, gündəmi onunla zəbt ediblər.
Anaxeber.info-ın təhlilçi qrupu yazır ki, artıq spekulyasiyalar dövrü geridə qalıb, hər kəs qabında nəyi varsa ortalığa çıxarmalıdır. Çünki çılpaq şəraitdir və yeniçərilər var gücü ilə köhnələri küncə sıxışdırıb yeni idarəçilik modelini gətirməkdədirlər.
Buna kontur cavab yalnız açıq mübarizə nümayiş etdirmək olmalıydı ki, o da oldu. Biri Əli İnsanov üzərində hadisələri fokuslamaqdırsa, digəri “Diqlas” ticarət mərkəzindəki yanğın mövzusunu körükləməklə islahatları gündəmdən çıxarmaqdır.
Ə.İnsanov siyasətin elə bir mərkəzinə gətirilib ki, bu süni gündəm yalnız mühafizəkar və bürokratik ənənəni saxlamaq istəyən qruplaşmaya sərf edir. Sevil Əliyevanın ondan danışması, Əli Nağıyevin guruldaması, Eldar Namazov, Rəsul Quliyev kimi naftalin iyi verən siyasətçilərin ortaya çıxarılması bir yandan regionçuluq siyasətinin yenidən qabardılmasıdırsa, digər tərəfdən gündəmdə prezidentin islahatlarını arxa plana keçirməkdir.
Biz bir ildən çoxdur həmin anti-islahatçı qanadın niyyətlərini təhlil edirdik, prosesi tormozladıqlarını yazırdıq, Qərbi İlham Əliyevin üstünə qaldırdıqlarını, lazımsız həbslərlə Avropa ilə birinci şəxs arasında gərginlik yaratdıqlarını qeyd edirdik.
Hətta Mehman Əliyevin həbsi və tezliklə buraxılması bu manipulyativ siyasətin bir tarixçəsiydi. Ona görə də indiki real addımlar vəziyyəti o qədər aydın ifadə edir ki, hətta sərt tənqidçi media olan meydan.tv rəhbəri Emin Milli də İlham Əliyevə pozitiv fikirlər söyləməkdədir.
Çünki aşkar Qərb kursu və reformalar görünməkdədir, İ.Əliyev sosial və siyasi problemləri həll etmək istəyir, köhnə qvardiya isə islahatların qənimi rolundadır, buna səbəb dəyişikliklərin onların sonunu yaxınlaşdırmasıdır.
O baxımdan Ə.İnsanov müxalifətdən daha çox islahatların lokomotivi ola bilməyən qüvvələrin dəstəyini almaqdadır. İndi YAP-ın qurucuları faktiki olaraq müxalifətə keçib.
Hakimiyyət içində hakimiyyət və yaxud müxalifət yaranması məhz köhnələrin status-kvonu saxlamaq niyyətidir. Ə.İnsanovun gündəmdə saxlanması, müxalifətin aprelə mitinq təyin eləməsi məhz köhnə klanların maraqlarına uyğundur. Bununla təzyiqi artırır, islahat prosesini ləngidirlər, özlərinin vəzifədə qalmasını, iqtidarda təsir gücünü saxlamış olurlar.
Halbuki, çox gecdir və bu dəfə dirənişlər əbəs yerədir. Söhbət İ.Əliyevin özünün islahatların önündə olmasından gedir və prosesi dayandırmaq çətin olacaq.
Analitiklərin fikrincə, yumşalma taktikası neytral seçicinin rəğbətini qazandı. Sosial - iqtisadi kursda yeni yanaşma gələcəyə bir ümid doğurdu.
Məhkəmə, gömrük, dəhiyyədə ciddi dəyişikliklər ola bilər. Kataklizmlərin əleyhinə olan, islahatlar yolu ilə dəyişiklik istəyən mötədillər üçün belə yanaşma təqdirəlayiqdir. İntellektual insan inqilabın hansı fəsada yol açdığını anlayır.
Görünən budur ki, Birincinin addımlarına qarşı daxildə ciddi müxalifət var. Bir tərəfdən də qonşu ölkələr problem yaratmaq istəyir, daxildə qiyam (müqavimət) əhvalı güclənir.
Cəmi 1-2 aydan sonra hansısa ciddi hadisələrin baş verəcəyi ehtimalı böyükdür. Birincinin alternativi demokrat biri yox, odioz, korrupsioner, regionçu və qisasçı biridirsə, seçici simpatiyası kimdən yana olmalıdır?
Sevil Əliyevanın, Rəsul Quliyevin belə qisasçı addımlara bənzər mesajları və Ə.İnsanova sözləri heç də yaxşı hal deyil. Əli İnsanov Etibar Məmmədovun qocalığıdır.
Anaxeber.info yazır ki, 2003-cü ildən aparılan siyasi kurs 2019-cu ildə dalana dirəndi. Anlaşıldı ki, artıq belə idarəetmə ilə post-neft dövründə duruş gətirmək mümkün olmayacaq.
Əslində, ölkə rəhbərinin narazılığına səbəb olan amil onun ətrafının yaradıcılıq qabiliyyətindən məhrum olması idi. Dünyada cərəyan edən proseslər balans diplomatiyasının zərərini üzə çıxardı.
Neft-qaz siyasəti sona çatırdı. Qərblə əməkdaşlıq, demokratik açılım zəruri idi. Köhnə təfəkkür və kadrlarla bu müstəvidə uğur əldə etmək də mümkün deyildi.
Ölkənin birinci şəxsi oyuna təkbaşına başladı, komandasını kənara itələyərək, xalqla birbaşa təmasa getdi.
Son addımları ilə siyasət üçün mühüm olan “xalqdan biri” imicini formalaşdırmağa cəhd elədi. Prezident gərginliyi azaltmaq, xarici təhdidləri dəf etmək üçün siyasi məhbusları azad etmək qərarına gəldi.
Belə məqamda Əli İnsanov kimi bir rəqibi həbsdə çox saxlamağın iqtidarın əleyhinə işləyəcəyini anladığından onu azad etdi. Amma indi görünür ki, prezident “qucağında ilan bəsləyibmiş”.
Onun islahatlarına qarşı çıxan güclər açıq şəkildə fəallaşıblar, hadisələrin məcrasını, səmtini dəyişməyə can atırlar. Müxalifətin apreldə mitinq keçirmək qərarı da məhz ssenarinin bir hissəsidir.
Axı islahatlar davam edirsə, siyasi məhbusların çox azad edilibsə, hətta “Diqlas”da zərər çəkən sahibkarlara dövlət yardım göstərəcəksə, ilin-günün bu vaxtında niyə mitinq keçirilməlidir?
Ən azından müxalifət İ.Əliyevə zaman verməlidir, islahatların davamını istəməlidir. Deməli, ortada başqa mətləblər var.
Məlumatların təhlili onu deməyə əsas verir ki, yüksək post tutan bəzi məmurlar artıq İnsanova mesajlar göndərməyə, onun bayrağı altına keçməyə hazır olduqlarını bildiriblər.
Əslində, İlham Əliyevin son zamanlar apardığı siyasət həmin məmurların sonunu yaxınlaşdırır.
Ehtimal edə bilərik ki, 2003-cü il seçkiləri ərəfəsində İlham Əliyevə xəyanət edənlər bugünkü vəziyyətdə də İnsanovdan çəkinərək, yenə də birinciyə qarşı gizli fəaliyyətə başlayacaqlar. O vaxt müxalifətə maliyyə ayıran şəbəkə bu gün də xaricdəki söyüş ruporlarını maliyyələşdirir.
İki cəbhədə siyasət oynayanlar birincinin bütün addımlarına əngəl törədir və ona ictimai fəallar barədə yanlış məlumat verirlər, əllərindən gələni edirlər ki, demokratik açılım baş tutmasın...
İctimai rəy də artıq əvvəlki illərdən fərqlənir. Prezident Əliyev əvvəlki metodlarla idarəetmənin mümkün olmadığını başa düşür və çıxış yolları axtarır. Bürokratik aparat buna qaşı çıxır.
İlham Əliyevin ilk növbədə həmin aparatı dağıtmaqla məşğul olacağı, “bekarçılıq kontoru” olan YAP-ı kənd klubunun dərnəyinə çevirəcəyi ehtimalı çox böyükdür.
Bu baxımdan, yalnız bir təhdid qalır və ölkə başçısı Rusiyadan gələn potensial riskləri azaltmağa çalışır. Bunu da bacararsa, tezliklə yeni parlament seçkilərinin keçiriləcəyi ehtimalı yüksəlir… 
Anaxeber.info
Vüqar Abıyev
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar