Ana səhifə

Daha bir işgəncə, daha bir ölüm. Arxasından kimlər çıxır…!?

    Tarix: 12-05-2019 08:48   
 


Repressiya və işgəncələrin dövlət səviyyəsində himayə olunduğunu və buna görə bu cinayəti edənlərin cəzasız qaldığını dəfələrlə yazmışıq. Budur, daha bir soydaşımız öz ölkəmizdə- Azərbaycanda xüsusi qəddarlıq və amansızlıqla döyülərək qətlə yetirilib. Onu öldürən şəxslər indi bilirsinizmi hardadır? Azadlıqda. Əllərini- qollarını sallayaraq rahat gəzirlər. Məhkəmə cinayəti həyata keçirənlərin yalnız birinə 2 il məntəqə tipli cəza verib. Yəni adını yazdır, get kef elə. Qalanlarını isə heç məsuliyyətə də cəlb etməyib. Keçək hadisənin təfərrüatına…

Qətlə yetirilən şəxs Pərviz Həbibovdur. Onun ölümünə səbəbi küt əşyayla başının alın-gicgah və təpə-ənsə nahiyələrinə vurulan zərbələr nəticəsində beyin qişası altına və beyin maddəsinə qan sızmalar olub. Məhkəmə-tibb ekspertizasının rəyində burun sümüyünün sınması, sol baldırının yuxarı hissəsində deşilmə və kəsilmə də daxil olmaqla, bütövlükdə bədənində 16 xəsarət və zədə aşkar edilib. Bunu edən isə Həndbol Federasiyasının baş hakimi Ələkbər Ağakişiyev və onun iki dostu olub. Çox maraqlıdır ki, Pərvizin ailə üzvlərinin verdiyi məlumata görə istintaq qəsdən adam öldürmə maddəsi ilə (CM 120- ci maddə- red.) ilə deyil, CM- nin 126.3- cü maddəsi ilə- yəni qəsdən sağlamlığa ağır zərbə vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə cinayət işi açıb (!?). Cinayətin səbəbkarı Ələkbər Ağayevə yüngül cəza vermək üçün digər 2 nəfər məsuliyyətə cəlb olunmayıb. Pərviz ölümündə qabaq nişanlısına yazdığı mesajlarda onu Ələkbərlə bir yerdə 3 nəfərin ağır formada döyüb işgəncə verdiyini bildirib…

Mərhumun bacısı Pərvanə Sabirqızı bildirir ki, Pərvizin xüsusi amansızlıq və qəddarlıqla öldürülməsinə rəğmənı hakim Əlövsət Abbasovun sədrliyi ilə işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm onları sarsıtdı; “Qatili Ələkbər Ağakişiyevə hakim Əlövsət Abbasov CM-nin 124.-cü maddəsi ilə, yəni ehtiyatsızlıqdan adam öldürmə ilə məntəqə tipli cəza rejimiylə cəmi 2 il azadlıqdan məhrumetmə cəzası verdi…Törədilən cinayəti rüşvət və yüksək rütbəli şəxslərin tapşırığı ilə ört- basdır etməyə çalışdılar. Belə ki, İdman naziri Azad Rəhimovun prokurorluğa müraciəti var ki, Ələkbər Ağakişiyevin idman sahəsində naliyyətləri nəzərə alınsın. Belə çıxır ki, hər hansı bir idmançı qolunun gücünü idman meydançasında, yarışlarda deyil, küçələrdə istədiyi vaxt göstərib, özündən qat- qat zəif insanları öldürüb sonra nazirlərə, məmurlara tapşıraraq heç nə olmamış kimi evində otura bilər? Keçən ayın əvvəllində prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında verdiyi fərman bizim ümidimizi daha da artırmışdı. Lakin fərmandan 2 həftə sonra qardaşımın ölümü ilə bağlı hakim Əlövsət Abbasovun sədrliyi ilə işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm bizi sarsıtdı”…

Mərhumun bacısı daha sonra qeyd edir ki, “bir qaranlıq məqam da odur ki, höküm aprel ayının 17- də oxunub amma vəkilimiz hələ də məhkəmə protokolunu ala bilmir. Hər gün protokol istəndikdə “protokol hələ hazir deyil” cavabını alır. Sual yaranır: Protokol hazır deyilsə hökm hansı sənədlərlə və əsaslarla çıxarılıb??? Bəlkə də ifadələri dəyişməyə çalışırlar. Mən artıq buna da təəcüblənmərəm”…

Görürsünüzmü, arxasında vəzifəli və güclü şəxslər dayandığına görə toyuna cəmisi 3 ay qalmış bir gəncin amansız işgəncələrlə ölümünü necə ört- basdır, qatillərini isə müdafiə edirlər? Amma biz susmasaq, belə cinayətlərə etiraz edib ədalətli mühakimə və məhkəmə araşdırılması aparmasına nail olsaq inanıram ki ədalət də öz layiqli yerini tapar…

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net