Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gözlər Brüsseldə: Kreml hakimiyyətin Aİ ilə sazişini əngəlləyir? - Gizlinlər

13-05-2019, 08:53   
 

Azərbaycan ictimaiyyətinin nəzərləri mayın 13-də keçiriləcək Brüssel sammitinə dikilib. Anaxeber.info-ya  sızan məlumatda iddia edilir ki, rəsmi Bakı gizlətməyə çalışdığı Avropa Birliyi ilə sazişi Brüsseldə imzalayacaq.
Azərbaycan Rusiyanı qıcıqlandırmamaq üçün sazişin bağlanacağını gizlətməyə çalışır. Parlamentin spikeri Oqtay Əsədov mayın 13-də Avropa Birliyi ilə saziş imzalanacağını açıqlamışdı.
Spikerin Moskvadan gələr-gəlməz bu bəyanatı şimşək kimi çaxmışdı, ictimaiyyəti çalxalamışdı. Lakin yarım saat sonra O.Əsədovun bu açıqlaması bütün saytlardan silindi, məsələ ört-basdır edildi.
Bakının məqsədi Moskvanın diqqətini çəkməmək və Aİ ilə sazişə hazırlıq getmədiyini nümayiş edirmək idi. Burada söhbət Kremli aldatmaqdan və ya manipulyasiya etməkdən getmir.
Sadəcə, sazişin ertələnməsinə gətirib çıxaracaq hər hansı xoşagəlməz hadisə baş verə bilərdi. Bəzi analitiklər Aİ ilə yeni müqavilənin şimal qonşumuzun maraqlarına zidd olmadığı qənaətindədir.
Amma Ermənistanda keçmiş prezident Serj Sərkisyanın da Aİ ilə yaxınlaşması cəhdləri yaddaşlardadır. Həmçinin, Ukrayna və Gürcüstanın bu quruma doğru inteqrasiyası bu dövlətlərə ucuz başa gəlmədi.
Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqaza nəzarətinin azalması, üç ölkənin getdikcə onun orbitindən çıxması, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası Kremlin maraqlarına uyğun deyil.
Rusiya Qafqazı itirmək istəmir. Son aylarda Azərbaycanla Gürcüstan arasındakı ərazilərin dilemitasiyası gərginliyi də məhz “şimal ayı”sına sərf edir. Hakimiyyət içində isə Moskvanın maraqlarını təbliğ və təmin edən qüvvələrin varlığı sirr deyil.
Onlar bu yollar həm də özlərinin iqtidarda iradəsinin qalmasını təmin edirlər. Bu nöqteyi - nəzərdən Aİ ilə Brüsseldə imzalanacaq saziş heç də həmin qüvvələri qane etmir.
Kimlərdir iqtidarın içindəki ruspərəst kolon? - təbii ki, Aİ ilə sazişin onların istefasını şərtləndirən məmur korpusu.
Bu korpusda nazirlər, komitə sədrləri, idarəçilik aparatında mühüm post tutan şəxslər, Nazirlər Kabinetində mühüm vəzifəsi olanlar var. Yanvardan ölkədə gedən islahatların kulminasiya nöqtəsi sayılacaq Aİ ilə saziş bu qüvvələrin sonunu gətirə bilər.
O baxımdan sammitə az qalmış Moskvadakı səfirliyimizin binasının yanması dezinformasiyası və Polad Bülbüloğlunun təkzib etməsi göstərir ki, Qərblə yaxınlaşmanı pozmaq cəhdləri var.
Hətta mayın 13-dən sonra Azərbaycana qarşı təxribatlar, təhdidlər olması istisna deyil.  Necə ki, ötən ilin iyulunda Mingəçevir və Gəncə hadisələri Rusiyanın nələrə qadir olduğunu isbatladı. Hərbi prokuror Xanlar Vəliyev qardaşı Elmar Vəliyen vurulmasına görə açıq şəkildə Moskvaya işarə etmişdi.
İqtidaryönlü deputat Fəzail Ağamalı da musavat.com-a açıqlamasında təhlillərimizi təsdiqləyir: “Cənubi Qafqaz ölkələrinin, xüsusilə Azərbaycanın Avropa İttifaqı, Avropa Atlantik məkanı ilə yaxınlaşması, münasibətlərini daha yüksək səviyyədə qurması prosesinə Rusiya çox qısqanclıqla yanaşır. Ən müxtəlif üsullarla buna mane olmağa səy göstərir.
Bunu Gürcüstanın timsalında görmüşük. Ermənistan da bu addımları atanda hansı təzyiqlərlə üzləşdiyini yaxşı xatırlayırıq.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq sazişin imzalanması Rusiya tərəfindən xoş qarşılanmır”.
Rusiyadakı sabiq səfirimiz Hikmət Hacızadə isə bildirib ki, Aİ ilə olan sazişdə Rusiyaya qarşı bütün hissələr yığışdırılıb. Həmin hal Ermənistanla saziş bağlananda da olmuşdu.
Avropa İttifaqı ilə Azərbaycan 2009-cu ildən etibarən “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqramda Avropa İttifaqının altı qonşu ölkəsi birləşir: Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan. Bundan daha əvvəl, 1999-cu ildə isə Azərbaycan Avropa ttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq haqda saziş imzalayıb.
Tərəfdaşlıq sazişi Azərbaycan vətəndaşlarına Avropa ölkələrinə vizasız gediş-gəlişi üçün imkan yarada bilər.
Aİ ilə tərəfdaşlıq sazişi vətəndaşlarımıza Avropa ölkələrinin hər hansı birinə viza almadan səyahət edə bilmək imkanı da qazandıra bilər.
Nəticə etibarı ilə Azərbaycan və Avropa ölkələri arasında tərəfdaşlıq sazişi getdikcə təkmilləşərək NATO və digər böyük təşkilatlara üzvlüyə yol aça bilər. Bu da Azərbaycanın mövqelərini xeyli möhkəmləndirə, onun daha sürətlə inkişafına təminat verə bilər.
Bununla da, ərazi bütövlüyünün təmin edilməsində özümüzə yeni daha güclü tərəfdaşlar və müttəfiqlər tapmış olarıq.
Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli saziş imzalandıqdan sonra vətəndaşlar Avropaya rahat gedib gələcək, universitetlərlə əlaqələr genişləndiriləcək, Avropa standartlarının Azərbaycanda tətbiqi sürətləndiriləcək.
Buraya həmçinin iqtisadi, biznes əlaqələrinin daha da genişləndirilməsi və s. məsələlər daxildir. Avropa ilə imzalanacaq saziş həyatımızın bütün sahələrinə təsir göstərəcək.
Bu sazişin imzalanması vacibdir. Saziş yalnız Azərbaycan üçün deyil, Avropa üçün də əhəmiyyətlidir. Strateji əməkdaşlıq heç vaxt birtərəfli olmur.
İnfrastruktur layihələri, siyasi, təhlükəsizlik əlaqələri Avropa üçün də əhəmiyyət daşıyır. Sazişin imzalanması ilə münasibətlər növbəti mərhələyə keçəcək.
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar