Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rotşildin Bakı səfəri, Trampın iki məktubu...Putin hakimiyyətə qəzəblidir? - Pərdəarxası

30-05-2019, 09:06   
 
Respublikaçıların namizədi Donald Tramp seçkilərdə qalib gələndə tərəfdarlarından daha çox, Azərbaycan hakimiyyətindəkilər sevinirdilər.
Ona görə yox ki, Azərbaycan hökumətinin rəsmiləri də respublikaçıydılar. Sadəcə, demokratların namizədi Barak Obama “kabusu” bitirdi.
Hətta rəsmi “Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində şad-xürrəm məqalələr çap olunmuşdu, açıq-aşkar Obama administrasiyasının Bakıya münasibətinin pis olması vurğulanmışdı.
ANAXEBER.INFO xəbər verir ki, Obama dövründə Azərbaycan iqtidarı tez-tez insan haqları, media azadlığı ilə bağlı tənqid olunurdu, Dövlət Departamenti bəyanatlar yayırdı.
Merkantil siyasətçi olan Tramp isə konsulluqda doğranan jurnalist Camal Qaşıqçıya görə Səudiyyə Ərəbistanı rejimi ilə 450 milyardlıq layihədən imtina etməyəcəyini dilə gətirəndə artıq anlamalıydıq ki, ABŞ-ın respublikaçı prezidenti üçün insan hüquqları və azadlıqları arxiv məsələlərdir.
“Ağ ev” sahibi də ilk gündən bəyan eləmişdi ki, başqa ölkələrin daxili işlərinə müdaxilə edilməyəcək. Bu rahatlığı verdiyi üçün Azərbaycan hakimiyyəti dərindən bir nəfəs almışdı.
Həqiqətən də Tramp administrasiyası rəsmi Bakını ötən dövr ərzində qətiyyən sancmayıb, ABŞ səfirliyi həbslərə görə narahatlıq keçirməyib.
Son 2 gün ərzində isə ABŞ prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə məktubları bir daha göstərir ki, Amerika ilə münasibətlərdə hər hansı qaranlıq məqam qalmayıb.
Tramp əvvəlcə 28 May Respublika Günü münasibəti ilə həmkarını təbrik edir, Dağlıq Qarabağ məsələsinə toxunur, ardınca ikinci məktubunda mayın 29-da Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularını çatdırır.
Trampın rəsmi protokoldan irəli gələn məktubunda deyilir ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb, Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.
Bəli, Qərb hakimiyyətin enerji siyasətindən məmnundur, xüsusən Cənub Qaz Dəhlizi layihəsi rəsmi Bakı ilə Avropa və Amerika arasında əlaqələri daha da yaxşılaşdıracaq.
Hakimiyyətin dünyanın supergüc dövləti ilə Obamadan fərqli olaraq, Tramp dövründə əlaqələrinin yüksəlişdə olmasını isbatlayan digər fakt Bakıda Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşildin görüşməsidir.
Bu, çox ciddi bir mesajdır. Dünya düzənini müəyyən edən məşhur milyarder Bakıdadır. İnanılmazdır. Bakı regionda geopolitik sabitliyə cavabdeh olan dövlətə çevrilir.
Heç şübhəsiz ki, Avroliqanın paytaxtda təşkil olunması, Rotşildlərin gəlişi, Trampın iki isti məktubu, enerji layihələri iqtidarla Qərbin münasibətlərinin ən pik həddə inkişafını göstərir. Lakin medalın digər üzü də var - soyuq Rusiya...
Əbədi şimal qonşumuz yenidən dişlərini qıcamış vəziyyətdə görünür. Bakı onunla heç bir enerji layihəsi həyata keçirmir, Qarabağla bağlı danışıqlarda Moskvanın vasitəçiliyinə əvvəlki tək həvəsli yanaşmır.
Putinin 28 May təbriki məktubunda da bu soyuqluq müşahidə edilirdi. Məktuba keçməzdən öncə bir nüansı qeyd etmək lazımdır.
YAP deputatı Aydın Mirzəzadə bu günlərdə verdiyi açıqlamasında Rusiya ilə Azərbaycanın arasını pozmağa çalışan müəyyən qüvvələrin olduğunu etiraf edir.
Onun sözlərinə görə, həmin dairələr həm Bakıda, həm Moskvadadırlar. Üstəgəl, Poznerin ermənilərin yanında olduğunu deməsi də Kremllə vəziyyətin kafi olmadığı qənaəti yaradır. Ümumiyyətlə, Azərbaycanın islahatçı qruplaşması Rusiyadan tam uzaqlaşmaq strategiyasının tərəfdarıdır, lakin reallıq bunu diqtə eləmir.
Məktuba gəlincə, Putin Trampdan fərqli olaraq, son dərəcə həvəssiz, təbrik xatirinə bir formal məktub göndərmişdi.
Birincisi, Donald Trampın təbrik məktubu Vladimir Putinin təbrik məktubundan daha geniş və konkretdir. Putinin məktubunda Dağlıq Qarabağ münaqişəsindən bir kəlmə də yoxdur, halbuki, Trampın məktubunda bu mövzuya xüsusi diqqət ayrılıb.
Putinin məktubunda Azərbaycanla tərəfdaşlığın qarşısında “strateji” sözü var, Tramp isə “güclü tərəfdaşlıq” ifadəsindən istifadə edib.
Ən vacibi Tramp İlham Əliyevə göndərdiyi bütün məktublarda olduğu kimi Cənub Qaz Dəhlizi təşəbbüsündən və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində oynadığı önəmli roldan söz açıb. Putinin məktubunda enerji əməkdaşlığı ilə bağlı bir cümlə belə yoxdur. Çünki belə bir əməkdaşlıq yoxdur.
Aydındır ki, məktubları prezidentlər özləri yazmırlar, buna onların vaxtı yoxdur, dövlət başçıları müşavirlərinin hazırladıqları mətnləri oxuyub kiçik düzəlişlərlə imza atırlar. Buna baxmayaraq, məktublardakı tezislər çox nəsnədən xəbər verir.
Bundan əlavə, son günlər Rusiya mətbuatında Dağlıq Qarabağ münaqişəsi haqda məqalələrin sayı artsa da, yazılarda həmişə olduğu kimi erməni tərəfinin mövqeyi geniş əks olunur. Bu soyuqluq özünü irəlidə daha çox, əsasən parlament seçkiləri ərəfəsində göstərəcək.
Nə vaxt ki rəsmi Bakı Moskvadan uzaqlaşan layihələri intensivləşdirir, onda Kreml aktivləşir, cəbhə xəttində vəziyyəti gərginləşdirir, tərəfləri Soçidə masa arxasında oturmağa məcbur edir.
Hakimiyyətin mayın 23-də Brüsseldə Avropa Birliyi ilə assosiativ sazişini bağlamaması, ilin sonuna qədər uzatması da məhz Rusiya faktoru ilə bağlıydı.
ANAXEBER.INFO
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar