Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məleykə Abbaszadə - Ceyhun Bayramov qırğını kimin başında çatladı...

4-06-2019, 09:23   
 

Məleykə Abbaszadə Ceyhun Bayramova badalaq vurdu?
Bu il Azərbaycan analoqsuz statistikalarla “gül vurur”. MDB-dən orta aylıq əmək haqqı ən aşağı olan ölkə Azərbaycan, uşaqların yaşayış səviyyəsinə əsasən Cənubi Qafqazda ən geridəqalmış dövlət Azərbaycan, işsizliyin və bahalaşmanın, inflyasiyanın, monopoliyanın nə pik həddə olduğu Azərbaycan və...bu bərq vuran göstəricilərin üstünə bir də çoxdan gözlənilən təhsil nəticələrinin gəlməsi yetərli oldu ki, ölkə gəlib çıxmalı olduğu nöqtəyə yetişib.
Anaxeber.info-nun məlumatına görə, söhbət bu dəfə yüksək bal toplayan abituriyentlərin olmamasından gedir. Müstəqillik tarixində bir ilkdir.
Elçibəy iqtidarının mütərəqqi qərarlarından olan test üsulunun saxlanmasına edilən “barmaq” axır ki, öz ağır fəsadlarını verməkdədir. Bu il 700 bal toplayan abituriyentlər olmadı. Gözlənilən idi!
Ölkə təhsilini, dərslikləri bazara çevirəndə, qəbul qaydalarını ilbəil çətinləşdirəndə Ceyhun Bayramov - Məleykə Abbaszadə tandemi bu nəticəni verməliydi.
İndi ki Fatma Abdullazadə - Misir Mərdanov cütlüyü Azərbaycan təhsilini məhv eləmir, bəs nə üçün ildən-ilə ölkədə bilik səviyyəsi aşağı düşür?
Təhsilə aidiyyəti olmayanların nazirlikdə səlahiyyət sahibi olması, dərsliklərin pornoya çevrilməsi, tədrisin sıfır səviyyəsi, müəllimlərin şagirdləri döyməkdən və pul yığdırmaqdan başqa işi olmaması, Dövlət İmtahan Mərkəzinin qəbul mexanizmlərini kəllə-mayallaq edib hər il bir hoqqa çıxarması bizi növbəti faciənin kandarına yuvarlayıb.
Əslində, absurdluq abituriyentlərin ali məktəblərə artıq imtahan verdiyi halda orta məktəblərdə 14 iyuna qədər dərslərin davam etməsindən başlayır. Təsəvvür edin ki, onlar tələbə adını qazanıblar, məktəblər isə hələ də açıqdır. Bu, Ceyhun Bayramov və onun sələfi Mikayıl Cabbarovun təhsilə gətirdiyi “Qərb standartlarıdır”.
Tədrisi 14 iyuna qədər acı bağırsaq kimi uzadan Təhsil Nazirliyinin çoxbilmişləri statistikanı qarşılarına qoyub öz rüsvayçı fəaliyyətlərinə ağlamalıdırlar - son 27 ildə ilk dəfə maksimum bal toplayan olmadı.
Gözümüzü 700 bala dikməyimizlə deyil, bu, o deməkdir ki, 650-690 bal toplayanlar da azalıb. 500 bal toplayanlar 450 ilə kifayətlənib, 400 bal toplayası gənclər isə 300-dən də aşağı ballarda dayanıblar.
Bəzi müşahidəçilərin fikrincə, DİM-i bu islahata vadar edən başlıca səbəb ildən-ilə 700 və 650-690 bal toplayan abituriyentlərin sayında artım olmasıydı.
Belə çıxırdı ki, abituriyentlər maksimum bal toplamağın çəmini tapmış, sirrini çözmüşdülər və DİM “islahat” keçirərək, bu uğur düsturunu onların əlindən almaq istədi.
Anaxeber.info-nun verdiyi məlumatda bildirilir ki, DİM sədri, keçmiş TQDK rəhbəri M.Abbaszadə əbədi sahiblənib.
TQDK-nın adının dəyişdirilərək DİM adlandırılması, bu struktur dəyişikliyi belə keyfiyyət dəyişikliyinə səbəb olmayıb.
Məleykə xanım öz sahəsinin peşəkarı olsa da, bir şəxsin uzun müddət eyni vəzifədə qalması həmin sahədə inkişafı tormozlayır.
O baxımdan bu il abituriyentlərin göstərdiyi acınacaqlı nəticələr DİM sədri postuna yeni bir kadr gətirilməsini zəruri edir.
Hərçənd ki, təhsil naziri vəzifəsində edilən iki dəfə dəyişikliklər də ümidləri doğrultmadı, islahatlar kosmetik oldu, dərinə işləyən problemlər, təhsildəki böhranlı vəziyyətdən çıxış olmadı.
Bu mənada ümid yoxdur ki, M.Abbaszadəni əvəzləyəcək kadr da islahatçı olacaq, müsbət dəyişikliklərə nail olacaq.
Bununla belə, DİM sədrinin 2019 fiaskosu onun gedişini labüd edir və hakimiyyət tezliklə addımlar atacaq. Eynilə təhsil naziri C.Bayramovun da vəzifədə qalması uzun çəkməyəcək.
Çünki bu gün təhsilin vəziyyəti daha bərbaddır: rüşvət var, bullinq var, intiharlar, işgəncələr olur, yenə məktəblər pul yığır, sinif otaqlarından birbaşa universitetə getmək olmur, valideyn boğazından kəsib repetitora qoymalıdır, nəticəsi də göz qabağında - M.Abbaszadənin 700 bal “islahatı” hamını məyus edir.
Fəlakətimiz ondadır ki, aprelin 14-də keçirilən buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 28634 nəfər iştirak edib və şagirdlərdən heç kim maksimum bal toplaya bilməyib.
Aprelin 21-də keçirilən buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 22499 nəfər imtahanda iştirak edib.
Bu imtahanda 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə – 300 bal toplayıb.
Aprelin 28-də isə keçirilən imtahanda 19486 nəfər iştirak edib, heç kim maksimum bal toplaya bilməyib.
Beləliklə, 4 buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) iştirak edən 98279 nəfərdən yalnız 4 nəfər onlara təqdim olunan bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
Yəni təhsil sistemi 2019-cu ildə maksimum nəticə göstərə bilmədi. Baxmayaraq ki, 2018-ci ildə 29 nəfər 700 bal toplamışdı. Lakin istisna deyil ki, neçə-neçə təhsil məmurlarını bitirmiş, Misir Mərdanovla amansız savaşlarda olmuş, nəhayətdə onun istefasına nail olmuş M.Abbaszadənin 2019-cu il hesabatı yeni təhsil nazirinə bir badalaqdır və onun gedişinə bir təkandır.
Yada salaq ki, M.Abbaszadə üçün bir dəfə kritik mərhələ olub və adlayıb. O da keçmiş mətbuat katibi Elnur Nağızadənin dələduz əməlləri, cinayət işinin istintaqının müəmmalı şəkildə dayanması, onun ölkədən qaçması faktıdır.
Bu da müəyyən şübhələr yaradır ki, DİM sədri özü bu “əməliyyatı” təşkil edib, Elnuru ölkədən qaçırmaqla özü barəsində kompromatların meydana gəlməsini beşikdəcə boğub. Elnur Nağızadə bir neçə ildir ki, ali məktəblərə qeyri-qanuni tələbə qəbulu ilə məşğul olan əsas fiqur kimi çıxış edirmiş.
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar