Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakının gözü G20 sammitində: ABŞ İranı vursa...bizi hansı fəlakət gözləyir?

1-07-2019, 09:56   
 
G20 həftəsonu ən böyük kollektiv toplantısını keçirdi. Dünya liderləri bir sıra ticarət savaşlarının yaraları ilə bir masa arxasına gəldilər.
Prezident Donald Trampın İrana münasibətində kəskin dəyişmələr sammitin yekun ahəngindən asılı olacaq.
Anaxeber.info yazır ki, Vaşinqtonun Tehranla körfəzdəki gərginliyi təkcə bu regiona deyil, qoca qitəyə və İranla həmsərhəd ölkələrə də təsir etməkdədir.
Çünki Avropa ciddi dilemma qarşısında qalıb, Rusiya və Çin anti-Amerikan blokdadır, Venesuela hadisələrində Tehran Maduronun yanındadır və geopolitik mübarizənin sərhədləri genişlənməkdədir.
Birləşmiş Ştatlar və İsrail iddia edir ki, Tehran şahın nüvə proqramını gerçəkləşdirməyi davam etdirir. Lakin Benyamin Netanyahunun bu yaxınlarda dərc etdiyi sənədlər şahidlik edir ki, bu, dəlilsiz iddiadır.
ABŞ-ın kəşfiyyat agentlikləri Ali lider Əli Xamnəinin bəyanatı haqda həyəcan ifadə edərək eyham vurub ki, o, Ərbil və Bağdadda ABŞ diplomatlarına qarşı teraktlar hazırlayır.
Buna görə Vaşinqton Fars körfəzinə aviadaşıyıcı başda olmaqla zərbə qrupu göndərib və İraqdakı səfirliyindən qeyri-əsas diplomatik personalı təxliyyə edib.
Tehranı neft obyektlərinə qarşı sabotajda ittiham edən Səudiyyə Ərəbistanı isə Vaşinqtonu İrana hücum etməyə çağırıb. Bəhreyn öz vətəndaşlarından İran və İraqı dərhal tərk etməyi tələb edib.
Bütün bu xronologiya körfəzdə yaranan gərginliyin lakonik leytmotividir. Bizi isə maraqlandıran ABŞ-İran arasında gözlənilən müharibənin Azərbaycana təsirləri, Bakının tutacağı mövqedir.
***
Anaxeber.info yazır ki, rəsmi Bakı və XİN səviyyəsində son həftələrdə körfəzdəki vəziyyətlə bağlı heç bir açıqlama olmayıb.
Nə nazir Elmar Məmmədyarov, nə Prezident Administrasiyasında xarici siyasət məsələləri üzrə şöbədən münasibət görmək olar. Azərbaycan əvvəldən bu işə qarışmır.
Lakin hökumət rəsmiləri də yaxşı bilirlər ki, bu, hara qədər davam edə bilər. Əvvəl-axır Bakıdan ya İran, ya Amerikanın yanında olmaq seçimi tələb ediləcək.
Azərbaycanın İranla ticarət dövriyyəsi elə böyük deyil, bir-iki layihə istisna, elə bir meqa iqtisadi proyektlərdə partynor deyilik. Amma bu, əsas vermir ki, Tehrana qarşı koalisiyada olmalıyıq.
İran qonşudur, tarixi əlaqələr var və üstəlik, bu ölkənin bombalanması heç də orada 30 milyon azərbaycanlının azadlığa çıxması üçün münbit şərait yaratmayacaq, əksinə, ölkəmizə böyük qaçqın axını ola bilər.
Azərbaycan isə qaçqın qəbul etməyə məcbur qalacaq və Türkiyənin suriyalı köçkünlərin bir hissəsinə vətəndaşlıq verdiyi kimi, böhran uzun müddət davam edərsə biz də minlərlə güneyliyə pasport paylamalı olacağıq.
Rəsmi Bakı isə bunu istəmir və körfəzdə gərginliyin səngiməsində maraqlıdır. Digər tərəfdən, Azərbaycana ciddi iqtisadi təsirləri olacaq, sabitliklə bağlı problemlər meydana gələcək.
Ən əsası ABŞ Azərbaycandan İranı vurmaq üçün aerodrom kimi istifadəni tələb edə bilər. Bu risqlər var və regionu gözləyən ciddi proseslər qarşıdadır.
Sadəcə, indiki halda Tehran hökuməti Ağ Evlə bütün təmaslardan qaçır və Trampla heç bir şəkildə dil tapmaq istəmir.
Onlar 2020-yə böyük ümid bəsləyirlər. Gələn il keçiriləcək seçkilərdə ABŞ-ın yeni prezidenti seçilə və İran yeni liderlə müəyyən dərəcədə anlaşa bilər.
***
Anaxeber.info yazır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu, o deməkdir ki, hərbi müdaxilələrdə iştirak eləmir.
Lakin regionda savaş başladığı halda Azərbaycanda Türkiyənin və Rusiyanın hərbi bazalarının yerləşməsi gündəmə gələ bilər.
Yəni, dörd tərəfi anti-Amerikan olan, sanksiyalara məruz qalmış güclü qonşu dövlətlərin əhatəsində yaşayırıq.
Diqqət edin, ABŞ üç güclü qonşumuzu sanksiyalarla sıxır - Türkiyə, İran və Rusiya. Bu üçlər ittifaqı regionda müharibə başladığı halda qüvvələrini birləşdirə bilər.
Azərbaycan isə arada qalan kiçik dövlətdir, rəsmi Bakı “nə şiş yansın, nə kabab” xarici siyasəti yürütməyə hər zaman çalışır və İran vurulursa, ölkəmiz çox mürəkkəb geosiyasi hadisələrin fazasına düşəcək.
Azərbaycan indi dua eləməlidir ki, körfəzdə müharibə olmasın və Avropa ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmasın.
Əslində, İran 40 ildir bu sanksiyalara məruz qalır və ayaqda dura bilir. Amma əvvəlki illərlə müqayisədə İranın vəziyyəti indi daha ağırdır.
Çünki İran ABŞ-la yanaşı, İsrailin də təzyiqlərinə məruz qalır. Buna adekvat olaraq, bölgənin digər dövləti Səudiyyə Ərəbistanı da İrana qarşı çıxış edir.
İran isə haqlı olaraq sual edir ki, körfəzdə Amerikanın nə işi var axı, bu regionun problemlərini yoluna qoymaq körfəz dövlətlərinin (Səudiyyə, Bəhreyn və s.) öz işidir.
***
Anaxeber.info yazır ki, prezident İlham Əliyev bu günlərdə çıxışında regionda və dünyada yeni münaqişə ocaqlarının yarandığına diqqət çəkmişdi.
İ.Əliyev mesaj verirdi ki, körfəzdə vəziyyət müşküldür, sabit regionda yaşamırıq, qonşularımız Belçika yaxud Finlandiya deyil.
Amma İranı vurmaq istəyən qüvvələr Azərbaycanı, İranın digər qonşuları ilə münasibətlərini hələ ki nəzərə almırlar.
2000-ci illərin ortalarını xatırlayın, İran nüvə çalışmalarını davam etdirərkən İsrail və Amerika bu dövləti raket zərbələri ilə hədələyirdi.
İrandakı bəzi dairələr də bizi hədələyirdilər ki, bəs “Siz Amerikanın və İsrailin tərəfdaşısınız, ona görə də düşmənlərimiz sizin torpaqlardan istifadə edəcəklər”.
Nə qədər and-aman etsək də ki, Azərbaycanın hansısa dövlətlə münasibəti üçüncü dövlətə qarşı yönəlməyib, inanmadılar.
Vəziyyəti qəlizləşdirən İsrailin bəzi nəşrlərinin İrana mümkün zərbədə Azərbaycanın hava məkanından istifadə etməsini yazmaları idi. Sanki qəsdən Azərbaycan-İran münasibətlərini daha bir az gərginləşdirirdilər.
Nəhayət, İranla böyük dövlətlər razılığa gəldilər və Tehrandakı mərkəzlər bizdən əl çəkdilər. İndi yenə vəziyyət əvvəlki duruma gələ bilər...
 
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar