Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Spikerlə deputatların Qədim Roma yolu: rüşvətə, cinayətə bulaşmış üzqarası parlament...

5-09-2019, 09:24   
 
Qədim Roma imperiyası dövründə də beləydi: piramida şəklində rüşvətin çiçəklənməsi, tüğyan edən korrupsiya, yuxarılarda talan, cinayətə bulaşmış məmurlar, əxlaqdan kənar hərəkətlər...
Sonra Klavdinin yerinə taxta çıxan imperator Neronun vaxtında isə bir çox məmur və əyan korrupsiya, rüşvətə görə cəzalandırılmışdı.
Hətta Romada 5 gün davam edən yanğını söndürmək üçün imperator öz şəxsi sərvətindən xərcləmişdi. Bəlkə də Azərbaycan parlamentinə imperator Neron kimi bir spiker lazımdır.
Əgər Yuli Sezar, Oktavian, Neron kimi Roma imperatorları bugünkü Azərbaycanı və onun Milli Məclisi görsəydilər, öz dövrünün senatorlarını vicdanlı, xalqının qulluqçusu olan məmurlar adlandırardılar.
Lakin 500 il ömrü olmuş Roma imperiyasındakı senat məclislərindən fərqli olaraq, Azərbaycanın hazırkı Milli Məclisi daha utancvericidir.
Çünki millət vəkili statusu daşıyanların sərvətləri, ölkə daxilində və xaricində əldə etdikləri əmlakları, övladlarının adına rəsmiləşən biznesləri, mülkləri, Rusiyada, Ukraynada, Avropada üzə çıxan biznes şərikləri onların millətdən nə qədər uzaq olduqlarını sübut edir.
Deputat Siyavuş Novruzov deyir ki, onlar parlament üzvü olmamışdan qabaq bizneslə məşğul olublar.
Amma jurnalist Cavanşir Həsənli, digər araşdırmaçılar dəfələrlə deputatlıq dövründə biznesə sahiblənmiş MM üzvlərinin varidatını, sənədlərini ortaya çıxarıblar.
Və onların heç biri nəinki mandatından məhrum edilməyib, spiker Oqtay Əsədov buna görə deputatlara “gözün üstə qaşın var” deməyib, qanunla bizneslə məşğul olmağın qadağan edildiyini xatırlatmayıb. Sanki xatırlatsa nə dəyişəcək...
Lakin dəyişəcək mühüm bir mənzərə var - Milli Məclisin tərkibi. Müstəqillik tarixinin ən biabırçı parlamenti olan bu çağırış çətin ki, yaddaşlardan silinsin; “quş”layan deputatlar, xalqı “otxod” adlandıran, müəllimi bənnalığa, soğan əkməyə çağıran, az yeməyi məsləhət görən, Qarabağ qazisini aşağılayan millət vəkilləri, adı ölüm işində hallanan, Çexiyada, Avstriyada, qonşu ölkələrdə biznes kəhkəşanları tapılan mandat sahibləri, ən nəhayət spikerinin ailəsinin adına Moskvada gecə klubu olan bir anti-milli Milli Məclis var.
Anaxeber.info xatırladır ki, ən sonuncu üzqarası hadisə deputat, vaxtilə müxalif hüquq müdafiəçisi kimi gur-gur guruldayan Çingiz Qənizadənin adının qətl işində keçməsidir.
İşə baxın, İmişli seçiciləri hardan bilsin ki, onların deputatının biznes şəriki qatildir.
Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyətinin üzvü Ç.Qənizadə bu ilin fevralında Rusiyanın Arxangelsk şəhərində öldürülən azərbaycanlı iş adamı Hüseynov Ruslana görə işə düşüb.
Ç.Qənizadənin çoxlu telefon danışığını, votsap mesajlaşmaları da istintaqın əlinə keçib. Məlum olub ki, qətlin sifarişçisi ehtimal edilən iş adamları Qənizadənin biznes ortaqlarıdır.
Hətta iddialara görə, deputat istintaq orqanları ilə əməkdaşlığa cəlb olunub.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ölkəmizdə 80 minə yaxın rus agenturasına bağlı şəxslərin olduğunu açıqlaması bu mənada müəyyən şübhələr yaradır.
Amma məsələ Ç.Qənizadə deyil, problemi onun üzərində fokuslamaqdan uzağıq.
Sadəcə, Milli Məclis üzvlərinin nə işlərlə məşğul olduqlarını, nələrə bulaşdıqlarını ictimaiyyət yaxşı bilməlidir.
Amma gözükölgəli, striptiz-bara sahib olması ilə gündəmə gəlmiş spiker hansı üzlə deputatlara səslənsin ki, biznes fəaliyyəti qanunla qadağandır. Adama deyərlər ki, özündən başla.
Deputat Vahid Əhmədov isə O.Əsədovdan daha cəsarətli çıxış edərəm demişdi ki, xaricdə biznesi üzə çıxan həmkarları ilə bağlı materiallar araşdırılmalıdır. Amma çox gecdir, hörmətli Vahid müəllim...
Artıq bu parlamentin vaxtı başa çatır, innən belə atılmalı addım növbəti seçkidə Milli Məclisə danışığını bilməyən, əhalini çıxışları ilə qıcıqlandıran, biznesinin toxunulmazlığını legitimləşdirmək üçün mandat sahibi olan şəxsləri ölkənin mötəbər tribunasına yaxın buraxmamaqdır.
Bura Millətin Məclisidir, orada xalqın qəbul etdiyi, nüfuzlu, hörmətli təmsilçiləri oturmalıdırlar. İnsanların bəzən gülüş hədəfinə çevrilən, bəzən əsəblərini tarıma çəkən, var-dövlətləri ilə kasıb seçiciləri hiddətləndirən, yersiz açıqlamaları ilə cəmiyyəti ayağa qaldıran Hadı Rəcəbli, Xanlar Fətiyev, İqbal Məmmədov, Ağalar Vəliyev, Mahir Aslanov, Hacı Salayev, Hüseynbala Mirələmov, Araz Əlizadə, Naqif Həmzəyev və daha kimlər, kimlər bu parlamentə yaraşmırlar.
Elə mötəbər qaynaqlardan sızan informasiyalar da belə deməyə əsas verir ki, siyasi hakimiyyət və hakim partiya 2020 parlament seçkilərində biznesdən kənar, gənc və potensiallı namizədlərə üstünlük verəcək.
 Anaxeber.info
 Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar