Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PA rəhbəri postu “portfelsiz kreslo”ya çevrilir? -Son 3 ilin...

17-09-2019, 08:31   
 

2016-cı ildə Azərbaycanda keçirilən referendumdan sonra konstitusiyaya edilən dəyişikliklər ölkədə yeni siyasi sistemə keçidin rəsmiləşməsi idi. Bu dəyişikliklər özündə struktur islahatlarını ehtiva edirdi.
Anaxeber.info yazır ki, cəmiyyətin total susqunluğu və laqeydliyi ilə müşayiət olunan referendum siyasi hakimiyyət tərəfindən səssiz-səmirsiz keçirildi.
Ölkədə elə bir dövr idi ki, iqtisadi böhran, manatın devalvasiyası, əhalinin sosial şəraitinin ağırlaşması xalqı gərginləşdirmiş, əsəblərini tarıma çəkmişdi.
Əhali iqtisadi böhranın vurduğu zərbənin altında vəziyyətdən çıxış yolları axtararkən, heç bir siyasi proseslərə qoşulmaq müvazinəti, imuniteti qalmamışdı.
Bu biganəlik, taqətdən düşmə ərəfəsində iqtidar üçün əlverişli münbit şərait yaranmışdı, cəmiyyətin özünə başı qarışmışkən yeni siyasi sistemə keçid fürsətidir.
Əslində, köhnə nemonklaturanın siyasəti, illərlə davam edən bürokratiya aparatı çoxdan sistematik dəyişiklikləri zəruri edirdi.
Ona görə də 2016 referendumunun ardınca gələn struktur reformaları Prezident Administrasiyasının (PA) ən yüksək eşalonunu əhatə elədi.
Azərbaycanda I vitse-prezident institutunun təsis edilməsi PA strukturunun mahiyyətini formallığa çevirdi.
Xatırlayırsınızsa, dövlət aparatında yüksək ranqlı fiqurlar olan Vahid Əliyev, Fatma Abdullazadə, Vahid Axundov vəzifələri ilə vidalaşdılar.
Lakin bu kadr dəyişikliyi həm də struktur yenilənməsinə səbəb oldu. Belə ki, PA rəhbəri Ramiz Mehdiyev müavinlərsiz qaldı, daha doğrusu, müavinlik strukturu ləğv edildi. R.Mehdiyev müavinlərsiz formal aparat rəhbərinə çevrildi.
Tezliklə onun müavinləri prezident İlham Əliyevə köməkçi təyin olundular. Bu, prosesin ciddi başlanğıcı idi. Dövlət başçısının iqtisadi, ictimai-siyasi və s. sektorlar üzrə köməkçilər ətrafında sıx birləşməklə PA rəhbəri “portfelsiz məmur” obrazına sahibləndi.
Hadisələri xronoloji ardıcıllıqla təhlil eləsək davamında görürük ki, I vitse-prezident institutunun yaradılması ilə PA rəhbərinin səlahiyyətləri getdikcə azalmağa başladı, dövlət idarəçiliyində iştirakı, təmsilçiliyi, səlahiyyət genişliyi məhdudlaşmağa, buxovlanmağa yönəldi.
Təbii ki, prezidentin yeni siyasi modelə keçid proqramı məhz struktur islahatlarının aparılması ilə reallaşa, ənənəvi idarəçilik sistemindən imtina etməklə həyata keçə bilərdi.
Bunun üçün yüksək ranqlı strukturların səlahiyyətlərini azaltmaq lazım idi. Yəni, bunu “beyin əməliyyatı” adlandırmaq olar. Ölkə rəhbərliyi kustar, çəkiclə vurmaq siyasətini seçmədi və incə gedişlər, referendum siyasi modelin dəyişməsinə gətirib çıxardı.
Bunun ardınca növbədənkənar prezident seçkiləri, Nazirlər Kabinetinin demək olar ki, tamamilə tərkibinin dəyişməsi, ictimaiyyətin gözün “mazol” edən bürokratlaşmış, oliqarxlaşmış fiqurların, nazirlərin işdən azad edilməsi hakimiyyət daxilində 2016-dan 2018-ə qədər ssenariləşdirilmiş bir siyasi proje idi ki, cəmiyyət tərəfindən müsbət qəbul olundu.
Eyni zamanda 2019-un yanvarında sosial dəyişikliklər islahatlar paketinin növbəti bəndi idi.
Prezident və I vitse-prezident hakimiyyəti yeni komanda, gənc kadrlardan təşəkkül tapmış heyətlə idarə etməyə başladı.
Çünki “köhnə qvardiya”nın idarəçiliyi arzuolunmaz prosesə aparırdı. Bu siyasi proyektin möhürü 2020-dəki parlament seçkilərində vurulacaq.
Bu hadisələr ilk növbədə PA rəhbəri postunun ləğvinə qədər sürətlənəcək prosesin təməlini qoydu.
Son dövrlərdə R.Mehdiyevin az-az tədbirlərdə görünməsi, siyasi çevrələrdə istisna hallarda iştirak etməsi diqqət çəkən mənzərədir.
11 sentyabrda keçirilən iqtidar-müxalifət görüşü, xarici təhdidlərə qarşı mübarizə və s. fəaliyyətlərdə PA rəhbərinin kənardan təsiri belə hiss olunmur. Artıq hakim düşərgədə post-Mehdiyev dövrü rəsmən başlanıb.
Bu da anlaşılandır. Akademikin səlahiyyətlərinin azaldılması, təsir imkanlarının məhdudlaşması, eləcə də yaş faktoru öz  sözünü deməkdədir.
R.Mehdiyevin səlahiyyətlərinin tamamilə azalması iyun ayında xüsusi olaraq nəzərə çarpdı. Sabiq daxili işlər naziri Ramil Usubovun Prezident yanında Dövlət Təhlükəsizlik Şurasının katibi təyin edilməsi ilə həmin vəzifəni tutan R.Mehdiyev bu postdan getdi.
Bu günlərdə Azərbaycana səfər edən Rusiya Dövlət Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ramil Usubovla görüşməsi də bütün sualların cavabı idi.
Lakin heç də PA rəhbərinin siyasi məktəbinin ölkə siyasətində təsirlərinin qalmaması kimi qiymətləndirmək olmaz. 
Akademikin təcrübəsi, dövlətçiliyə sadiqliyi, idarəçilikdə uzaqgörənliyi, dünyagörüşü onun siyasi məktəbinin davamçılarının ayrı-ayrı strukturlarda fəaliyyətlərində öz əksini tapır.  

Anaxeber.info
Vüqar Abıyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar