Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hökumətin sosial fəlakəti Pərvanə obrazında - islahatların imitasiyası...

16-10-2019, 08:45   
 

Şəhərin mərkəzində keçirilən son piketdə görsənən Pərvanə fenomeni ölkədə sosial mənzərənin baş illuzoru idi. Bu personaj Azərbaycanda başladılmış islahatların imitasiya donuna bürünməsini ifadə edirdi.
Gözə soxulan iki dəfə maaş artımlarının qarşılığındakı davam edən gizli bahalaşma, rüşvət və korrupsiyanın status-kvo saxlanması, gömrükdəki inhisarçılığın mövcud olması sosialyönümlü islahatların üstündən qara xətt çəkdi.
Nədən ki, bu islahatlar davamlı xarakter almadı, köklü problemlər, dərinə işləyən çirkablar təmizlənmədi, əhali dəyişikliklərdən bəhrələnə bilmədi, ən əsası əmək haqlarının qaldırılması bahalaşma ilə müşayiət olunmamalıydı.
Beləliklə, hökumətin yanvar-fevral reformalarının radikal şəkildə aparılmaması ucbatından lokal etirazlar, şikayətlər son vaxtlar yenidən baş qaldırmağa başlayıb.
Anaxeber.info-nun təhlilinə görə, yuxarıdan “məxməri inqilab” prosesinə start verdildiyi görüntüsü var.
Struktural və kadr dəyişikliklərindən belə nəticəyə gəlmək olur ki, hakimiyyət yeniləşmənin qaçılmaz olduğunu qəbul edir.
Lakin hökumət keçmiş siyasətin mənfəətindən də imtina edə bilmir: yenə rüşvət, yenə biznesmen icra başçıları, yenə orta sahibkarlığa sərbəstlik verilməməsi problemlərin həllinin qabağında hasar olaraq qalır.
Bu baxımdan piket günü şəhərdə səsini qaldıran Pərvanənin şikayəti, zəngilanlı köçkünün tələbi hakimiyyətin islahatlarının əsaslı nəticə vermədiyini göstərir. Pərvanə tək deyil, minlərlə onun kimi uşağına ət yedirə bilməyən ailələr var. Bu, bir siqnal idi ki, əhali hansı gündə yaşayır.
Hələlik ki, “köhnə qvardiyanın” naftalin qoxusu verən kadrların tədricən gənc “texnokratları” ilə əvəz olunması prosesi baş verir.
Lakin köhnə korrupsionerlərin yeni insanlarla tam əvəzi üçün ilk olaraq “köhnə qvardiyanın” bütün mövqelərini birdəfəlik təhvil verməsi labüddür.
Gənc kadrlara isə daha effektli idarəetmə sisteminin yaradılması üçün şərait yaradılmalıdır. Amma cəmiyyət eyni məyusluqla üzləşir: gənc nazir Sahil Babayevin də dövründə rüşvət var, İnam Kərimovun vaxtında da bazarlarda bolluq və ucuzluq yoxdur, Rövşən Rzayev köçkünlərin problemləri köklü şəkildə həll etmək qabiliyyətinə malik deyil, Səfər Mehdiyev gömrükdə radikal islahatlar aparmayıb, təhsil naziri Ceyhun Bayramovun vaxtında da süpürgə pulundan tutmuş Müəllimlər Günü ənamına qədər yığılır, vergi naziri Mikayıl Cabbarov təhsildə olduğu kimi bu sahədə də heç nə təqdim etmədi, acınacaqlı halda olan səhiyyə isə Oqtay Şirəliyev kimi bir fiqurun əlində can verir... 
Niyə? Məhz islahatların imitasiya xarakteri daşıması və yeni kadrlara təzə  sistemlə işləmək imkanı yaradılmaması ucbatından...
Hakimiyyətdən narazılığın azalmamasının kökündə də idarəçilikdəki neqativlərin aradan qaldırılmaması dayanır.
Heç bir yenilik etməyən Novruz Məmmədovun il yarım sonra Baş nazir postundan yola salınması da idarəetmədə “islahatların” effektsizliyinin göstəricisi idi.
Hazırda isə 25 ildən çox davam eləyən bu hakimiyyətin qoyduğu ağır mirası görməmək mümkün deyil: ölkədə sosial həyat həddindən artıq gərgin qalmaqda davam edir.
2015-ci ildən bu yana əhalinin gəlirləri permanent olaraq azalır, beynəlxalq qeyri-hökumət təşkilatı “Transparency International”ın 2018-ci il üçün tərtib etdiyi “Corruption Perceptions Index”də Azərbaycan dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur.
Yaxın qonşularımızsa bizdən təəssüf ki, xeyli uzaqdadır - Gürcüstan 41-ci, Ermənistan isə 105-ci yerdədir.
Hazırda ölkədə gəncliklə bağlı vəziyyət Qarabağ müharibəsindən sonrakı dövrdə milyon yarım azərbaycanlı gəncin əmək mühaciri qismində Rusiyaya yollandığı 1990-cı illərdən tamamilə fərqlidir.
Yeni nəsil azərbaycanlı gənclər rus dilindən uzaq olduqları üçün onların Rusiya bazarlarına yolları qapalıdır, Türkiyənin iş bazarları isə suriyalı qaçqınlarla dolub-daşır.
İşsizlik, əhalinin məşğulluğu proqramlarının yoxluğu, manatın devalivasiyası və aşağı gəlirlər səbəbindən ölkədən çıxa bilməyən gənclik, iqtidar üçün son dərəcə təhlükəli etiraz gücüdür.
Bu situasiyanın üstünə ölkə əhalisinin təbii artımını gələndə vəziyyət daha da qorxulu görünür. Siyasi və ya iqtisadi islahatları elementar olaraq real müstəqil məhkəmə sistemi olmadan aparmaq mümkün deyil.
Azərbaycan iqtidarı isə buna, yəni müstəqil məhkəmələrin mövcudluğuna heç cür imkan verə bilməz.
Bundan başqa hakimiyyət iqtisadi sahədə inhisarçılıqdan çətin ki, imtina etsin. Bu səbəblərdən vəziyyət ağırlaşmağa davam edəcək.
Azərbaycan iqtidarı zaman-zaman ölkədə islahatlar prosesinin imitasiyasını yaratmağa məcburdur. Buna onu baş verən xarici və daxili kataklizmlər sövq edir, lakin bu, əsla real islahatların mövcudluğuna dəlalət etmir.
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar