Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Sonuncu mogikan” a niyə “qırmızı kart” göstərildi? - “Polkovnikə heç kim yazmır...”

28-11-2019, 09:45   
 

Yazıçı Qabriel Qarsiya Markesin məşhur povesti var - “Polkovnikə heç kim yazmır”. Bu kitab yorğun, yaşlı, unudulmuş bir tirana ithafdır.
Bir vaxtlar “qılıncının dalı da, qabağı da kəsən” polkovnik indi heç kəsin yadına düşmür, ona bir məktub yazan da yoxdur.
Bu tragik səhnənin bir az məzəli, yumoristik prototipi isə Vaqif Səmədoğlunun “Evləri köndələn yar” teletamaşasındakı “Şakir Şəkəroviç” obrazıdır. Vaxtilə hörmətli, vəzifəli kişi olan Şəkəroviçin nə qapısını döyən var, nə yada salan...
Anaxeber.info hər iki personanın analogiyasını apararaq yazır ki, ölkənin bir zamanlar qüdrətli, “fövqəlnazir”i kimi təqdim olunan general-polkovnik Kəmaləddin Heydərov eyni ab-havada görünür.
Fövqəladə Hallar naziri hücrəsinə elə çəkilib ki, depressiya yaşayır təəssüratı oyadır. Hətta Bibiheybətdəki uçqun baş verən əraziyə baş nazir və digər səlahiyyətli şəxslər gəlsələr də, FHN şefi hadisə yerində görünmədi. Halbuki, harada bir təbii fəlakət olarsa, ilk növbədə özü yüyürərək gedərdi.
Üstəlik, bu məsələ elə bir dövrə təsadüf etdi ki, K.Heydərovun 85 milyonluq iki layihəsinin batdığı xəbərləri yayılmışdı. Deyəsən, doğurdan da onun əhvalı, ovqatı təlx olub, bir tərəfdən köhnə komandasının üzvləri iqtidardan bir-bir gedirlər, bir yandan iqtisadi projeləri fiaskoya uğrayır, ən əsası isə karyera yüksəlişi gözləntisi gerçəkləşmir.
Söhbət FHN rəhbərinin bir müddət əvvəl Prezident Administrasiyasına rəhbər təyin olunacağı haqda hakimiyyət kluarlarından sızmış informasiyalardan gedir.
Amma nəinki bu təyinat təsdiqlənmədi, ardınca FHN-nin ləğv olunması və struktur islahatının aparılması təklifləri səslənməyə başladı.
Bütün bu qanqaraldıcı hadisələr K.Heydərovun ətrafında baş verdiyi halda təhlilçilər güman edirlər ki, onun da vəzifəsi ilə vidalaşmasına çox qalmayıb.
İddalardan biri də gömrüyün tamamilə onun kurasiyasından çıxarılmasıdır. Bu, həm mövqelər, həm iqtisadi baxımdan ağır zərbə və itkidir.
Belə iddialar səslənir ki, hazırkı gömrük sədri Səfər Mehdiyevlə Kəmaləddin Heydərov ümumiyyətlə bir-biri ilə danışmırlar, münasibətlər yoxdur.
Ona görə “fövqəlnazir”in həm siyasi istibleşmenti, həm media qanadı, həm biznes imperiyası közərmə dövrünü yaşayır.  Nazirin kövrək davranışları və iqtisadi enişi məhz gözlənilən sona çatdırılmasının əlamətləridir.
Anaxeber.info yazır ki, məsələn, ötən həftə Heydərova məxsus “Gilan”  holdinqin cərimələnməsi xəbəri yayıldı. Eləcə də ona bağlı olduğu deyilən “Benkons Group”-un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilmədiyi və maliyyə sıxıntıları ilə üzləşdiyi məlim oldu.
Nazirə məxsus “Benkons Group” Tatarıstandakı iki böyük layihəsini dayandırıb. Söhbət Kazanka çayı sahilində 20 milyon dollar investisiya dəyərində 13 ofislik biznes mərkəzi və 252 yerlik 4 ulduzlu oteldən ibarət kompleksin tikintisindən gedir.
Nazirin şirkəti eyni zamanda Tatarıstanın Laişevski rayonunda 4 milyard rubl (65 milyon dollar) investisiya dəyəri olan şirə zavodunun və logistika mərkəzinin tikintisindən də müəmmalı şəkildə imtina edib.
İldə 50 min ton istehsal gücünə malik zavodda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulurdu.
Heydərovun şirkəti kompleks üçün nəzərdə tutulmuş 2 hektarlıq ərazini yarımçıq tikili qarışıq Rusiyanın UD Group-una bu yaxınlarda satıb.
Zavod üçün alınmış 75 hektar və logistika nəzərdə tutulmuş 12 hektar ərazi də hazırda satışa çıxarılıb. Amma onun kommersiya şəbəkələru bununla məhdudlaşmır.
Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır.
Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir.
Bloombergin məlumatına görə, xanım Jordan 25 ildən çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.
Məlum olub ki, indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib və adları mediada var.
Kəsəsi, ölkədə gedən kadr dəyişiklikləri, yeni hakim elitanın formalaşdırılması, köhnə qvardiyanın yola salınması mərhələsində K.Heydərova da - “sonuncu mogikana” da “qırmızı kart” göstərilir...
Təhlilçilərin fikrincə, K.Heydərovun “qılıncının qabağı və dalı kəsən” dövran deyil. Vaxtilə kompromat savaşlarına entuziazmla qoşulan, qruplaşma oyunlarının mahiri olan, rəqiblərini çeynəyən, nazir həmkarlarının bir neçəsini “zərərsizləşdirən” K.Heydərovun artıq “fövqəlnazir” qüdrəti çoxdan gedib.
Doğrudur, onun indiyə qədər prezident yanında bir ciddi siyasi xətası, bağışlanmaz səhvi yoxdur, İ.Əliyev FHN rəhbərinə etimad edir, sədaqətlidir.
Amma aprel seçkisindən sonra başladılmış islahatlar, bu ilin yanvarından start götürən yeni “siyasi xəritə” köhnə qvardiyadan qalan “sonuncu mogikan” K.Heydərovun da vəziyyətini təhlil etmək zərurəti yaradır. Markesin əsərində deyildiyi kimi, polkovnikə heç kəs yazmır...
AnaXeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar