Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bərdənin odioz icra başçısının fantastik sərvətinin fotoları yayıldı - Foto/Dosye

24-12-2019, 09:51   
 


Azərbaycanın odioz məmurlarından olan Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Vidadi İsayev dövlət idarəçiliyinin yeni strategiyasının tam əleyhinə, prezidentin yeni “yol xəritəsi”nin ziddinə fəaliyyətdədir.
Dəyişmək istəməyən və zamanla ayaqlaşmayan V.İsayevin arxaik üsullarla rayonu idarə etməsi, küçə müxalifətinin sosial bazasına protest elektorat zəmini yaratması, köhnə nomenklaturanın vərdişlərini davam etdirməsi, rüşvət piramidasının, bürokratiyanın status-kvosunu saxlaması öz karyerasının əcəlini tapmaqdan başqa heç bir məna ifadə eləmir.    
Gözü çıxmış qardaşdan ibrət götürməyən, Nizaməddin Quliyevçilik “ideologiyası”ndan imtina etməyən, hələ də toxunulmaz bir güc olduğuna özünü inandıran və onu himayə edən qüvvənin sarsılmazlığına arxalanan Bərdənin “firon” rəhbəri V.İsayev bixəbərdir ki, özünə hansı “quyunu qazır”.
 
 

Bu quyuya düşən yaxın komanda yoldaşı, onu kimi Elmar Vəliyevçi hesabına Yevlaxda icra başçısı olmuş Qoca Səmədovun həbsinin hənirtisi belə Vidadi İsayevi niyəsə görə həyəcanlandırmır.
Anaxeber.info təhlil edir ki, bütün siyasi və sosial istiqamətlərdə “qırmızı xətt”ləri keçmiş Bərdənin “Vəliyevi” - İsayev gedişata adekvat olaraq tormozlamaq niyyətində görünmür.
Hətta Şəmkirin icra başçısı Alimpaşa Məmmədov belə N.Quliyevin həbsinin səhəri küçələrə çıxaraq camaatın əlini öpməyə başladı, Yasamalın icra başçısı Elşad Həsənov 100 yaşlı ana taparaq onu qucaqladı, ayrı-ayrı rayonlarda icra başçıları qəbullar keçirdi, vətəndaşları dinlədilər, Bərdənin “hökmdarı” isə kabinetindən çıxmadı - yenə hikkə, özünəvurğunluq, saymazlıq, əhalinin ayağına getməyi aşağılıq saymaq, xalqın qulluğunda dayanmağı borc bilməmək...
 

 

Hərgah, prezident şəhid anasının əlini öpür, xalqla görüşür, məktubları əlbəəl alır, yeni təyin etdiyi icra başçıları ilə görüşdə xalqla işləməyi tapşırır, qanunsuzluğa yol verəni cəza gözlədiyini xəbərdar edir.
Necə ki, ən sərt tədbirlər ötən həftə görüldü, iki başçı və bir müavin qandallandı. Lakin V.İsayev bərdəliləri özünə düşmən görüb nə görüşdü, nə köçkünlərin, şəhid ailələrinin, nə sahibkarların, sadə bərdəlilərin dərdini dinlədi. Daha doğrusu, onun işi müxalifətin mitinqinə getməyə bərdəliləri təhrik etmək, dövlətdən narazı salıb aksiyalara sövq eləməkdir.
Onun köçkünləri qapıdan qovması, şəhid xanımını həbslə təhdid etməsi, neçə-neçə aztəminatlı ailələri rədd eləməsi da yaddaşlardadır.
V.İsayev düşünmür ki, sistem dəyişir, idarəçiliyə yeni keyfiyyətlər gətirilir, islahatların kursuna uyğun fəaliyyət göstərmək lazımdır. İndi nə İsmayıllı, nə Gəncə hadisələrinin dövrüdür, nə də kobudluqla uzağa getmək olar.
 

 

***
Anaxeber.info yazır ki, prezidentin keçirdiyi pambıq müşavirəsində iştirak etmiş V.İsayevin yenə də fəaliyyətini tənzimləmədi, sakinləri, kəndliləri başına toplamadı. Yəni, heç kimi vecinə almır.
Əslində, zaman-zaman onunla işləmiş, avtoqəza törədərək adam ölümünə səbəb olub işdən çıxarılmış Zaur Bəylərov kimi məmurlar V.İsayevin qəddarlaşmasına daha çox təkan verirdi. Onların bəzilərinin gedişindən sonra gözlənilirdi ki, Bərdə icra hakiminin siyasətində yumşalma olacaq.
Amma olmadı, o, biznesinin böyüdülməsi ilə məşğul olmağa davam elədi.  Bu gün Bakıda, Bərdədə, Goranboyun Ağcakəndində torpaq sahələri, obyektləri və evləri var.
İcra başçısının Yevlaxda evinin, obyektlərinin və Sərhəd qoşunlarına məxsus hərbi hissəsinin yanındakı fermasının və 100 hektardan artıq əkin sahəsinin fotoları yayılıb.
Yevlax şəhəri, H.Əliyev prospektindəki “Everest” adlı bu binadakı bütün mağazalar, H.Əliyev prospektində yerləşən yaşayış binasının altındakı “Azqranata”mağazası, Sosial Müdafiə Fondunun yanındakı uzunluğu 30 metrə yaxın istifadəyə verilməmiş obyekt, Bakıxanov və H.Z.Tağıyev küçələrində dörd evin yerində tikilən üçmərtəbəli, ”quşsəkməz”villa onun varidatıdır. Villanın 4 tərəfində 10-a yaxın kamera müşahidə aparır.
Yevlax rayonunun ərazisində Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı ferması, Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı 100 hektardan artıq taxıl sahəsi, Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı 100 hektardan artıq taxıl sahəsinin içərisində vurulmuş artezian var. Bunlar hansı maliyyə hesabına əldə olunub? – bu sualın cavabı mediada tirajlanmış faktlarda öz əksini tapır.
KİV-də yayılmış iddialara görə, iki ildən çoxdur Bərdə idarə müdirləri icra başçısına aylıq xərac verirlər.
 

 

28 saylı Yol İstismar İdarəsi müdiri İlham Əzimov ayda 3 min, Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min, Təhsil Şöbəsi  müdiri Rzaquli Şərifov ayda 5 min, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min “haqq” çatdırırlar.
Siyahı uzundur - Bərdə Suvarma Sistemləri İdarəsi müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsi müdiri Rəşid Rzayev, Subartezan Quyuları İstismar İdarəsi müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsi müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat çatdırırlar.
Su idarələrinin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq V.İsayevə çatdırır. Eynilə Ağstafanın həbs edilmiş başçısı N.Quliyev yolu...
Sosial şəbəkələrdə fəal olan bərdəlilər də yazırlar ki, hüquq-mühafizə orqanları araşdırma aparmalı, V.İsayevin işi yoxlanmalıdır. Bərdə camaatı V.İsayevin istefası üçün prezidentə müraciət etmək niyyətindədir.
***
Vidadi İsayev kabinetində oturub, özünü şah elan edib, sonra oradan çıxıb bahalı maşını ilə Mixaylovkada, Hacıkənddə olan villalarına baş çəkir. Onun şəhidin, köçkünün dərdindən necə xəbəri olacaq ki?! Hardan bilsin ki, onlar necə yaşayırlar...
Onun Bərdədə balıq gölləri, vətəgələri, çay evləri, saysız-hesabsız obyektləri fəaliyyət göstərir. Bu da azmış kimi, Yevlax Arxiv İdarəsinin rəhbəri olan xanımına Bərdədə idarəyə aid xidməti avtomobili bağışlayıb. Belə qanunsuzluğa kim ixtiyar verib?
V.İsayev abadlıq-quruculuq işləri adı altında milyonlarla dövlət vəsaitini mənimsəyib. “Qəhramanlar parkı”nın solunda “köhnə bazarın” yerində yeni inşa edilən məktəbin qabaq hissəsini 1 sotunu 20 min manatdan iş adamlarına satıb.
Hətta bir neçə il öncə Vidadi İsayev Ulu Öndər Heydər Əliyevdən Bərdəyə yadigar qalan “Saray”ı yerlı-yeksan etdirib bütün tikinti materiallarını Kürün qırağında Elmar Vəliyevin fermalarına göndərib. O sarayın xarabalığı Bərdədə hələ də qalmaqdadır.
Azərbaycanda 20 Yanvar hadisələrini qeyd etməyən insan çətin tapılardı. Amma Bərdənin icra başçısı Vidadi İsayev bu il 20 Yanvar günü ilə bağlı rəsmi tədbir keçirməmişdi.
 
Ancaq bu azmış kimi, V.İsayev Bərdədə 20 Yanvar parkını 300 min manata satıb. İcra başçısı tamahına hakim kəsilə bilməyib və Şəhidlər Xiyabanını yox edib. V.İsayev həmin yeri qaynı Çingizin adına rəsmiləşdirib və 300 minə satışa çıxarıb.
O, daha nələr eləməyib - şəhid Dilqəmin qardaşının evini başına uçurub, şəhidin adının Kəltəparan kəndində əbədləşdirmək üçün atasından 3 min manat rüşvət istəyib, şəhid anası Soltan xanım dəfələrlə qəbuluna gəlsə də, onu qovub.
Bu haqsızlığa dözməyən Soltan ana dünyasını dəyişib. Şəhid xanımı Yasəmən İsmayılovanı nəinki qəbul eləməyib, qapısına polis göndərib. Ən dəhşətli fakt isə məcburi köçkün, SSRİ Ali Sovetinin 7-ci və 8-ci çağırışlarında deputat olmuş, 3 oğlunu Qarabağ uğrunda itirmiş, “Sosialist əməyi” qəhrəmanı, prezident təqaüdçüsü Şərqiyyə Vəliyevadan rüşvət istəməsi olub. Şəhid anası, prezident təqaüdçüsü, mərhum prezident Heydər Əliyevlə vaxtilə görüşmüş, keçmiş daxili işlər naziri Ramil Usubovdan həmişə diqqət, qayğı görmüş Ş.Vəliyeva Bərdə RİH-dən sərəncam ala bilməyib ki, ev tiksin. V.İsayev ondan 3000 manat rüşvət istəyibmiş ki, sərəncam versin.
Kəsəsi, Bərdənin icra başçısı hərtərəfli qanunsuzluqlara yol verib, insanlara zülm edib, dağıdıb-satıb, viran qoyub. Söz dövlət babanındır...

Lakin V. İsayevin mülklərinin siyahısı bununla məhdudlaşmır, onun sərvətlərinin sərhədi yoxdur. Bu barədə apardığımız araşdırmaları yaxın vaxtlarda təqdim edəcəyik.
 
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar