Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

YAP üçün seçki sürprizi: islahatçı komandanın “B” variantı...

8-01-2020, 09:22   
.

Portuqal yazıçı Saramaqonun dilogiyası - “Korluq” və “Görmək” romanları Azərbaycanda bu gün siyasi sistemin seçim etməsi üçün əvəzsiz müqayisədir.
Hakimiyyətin dilemma qarşısında qaldığını iddia etmək olmaz, lakin YAP-ın deputatlığa namizədlərinin siyahısına baxanda bədbin düşünməyə əsas yaranır. İqtidar “Görmək” yox, sanki “Korluq” dövrünü seçmiş kimi görünür.
Çünki ictimaiyyətin entuziazmla və intizarla gözlədiyi YAP boğçasından sürpriz adlar, işıqlı, korluqdan uzaq isimlər çıxacağı ehtimal edilirdi.
Amma yenə hadı rəcəblilər, bəxtiyar sadıqovlar, eldar ibrahimovlar, isa həbibbəylilər, iqbal məmmədovlar, hakim partiyanın namizəd siyahısına yer alanda hamı bilmərrə şəkildə sual verdi - bunun harası parlamentdə islahatlar aparılması, Milli Məclisin buraxılması oldu?
Ona görə də siyahının müzakirəsi uzun çəkmədi, cəmiyyətin növbədənkənar seçkiyə olan ümidi ölü doğuldu, səsvermə olmamış xalq üçün seçkilər bitdi.
AnaXeber.info yazır ki,əgər doğurdan da hakimiyyət onları təzədən qanunverici orqanın kürsüsündə oturdacaqsa, özünə olan yeni baxışı gözdən salmış, islahatlara münasibəti yerə vurmuş olacaq.
Yəni, “Korluq” dövrünə qayıtmaq niyyəti görsənirsə, iqtidarın yeni keyfiyyətlər gətirmək istədiyi siyasətin imitasiyadan başqa bir şey olmadığı aydınlaşacaq.  
Məsələn, Cavid Qurbanovun seçkiyə getməyib, əvəzinə Kəlbəcərin icra başçısı olan adamı Aqil Məmmədovu seçdirməsi, YAP-ın İmişlidə dişsiz bir namizəd irəli sürüb biznesmen-oliqarx Əsabil Qasımova uduzdurmaq istəməsi ilə “islahatçılardan ibarət Milli Məclis formalaşdırılır” deməyə adamın dili gəlmir.
Lakin bu mənzərəni biz təsəvvür ediriksə, iqtidarın yeni ideoloqları da hesablamamış olmazlar.
İlk gündən bəlliydi ki, islahatçı komanda elə məhz həmin deputatları parlamentdə görmək istəmir. Odur ki, YAP üçün bir seçki sürprizi hazırlanır.
Anaxeber.info-nun əldə etdiyi məlumata görə, köhnə qvardiyanın hələ də təsirlərinin və köklərinin qaldığı partiyada ənənəvi namizədlərin irəli sürülməsi gözlənilməz olduğu qədər də anlaşılandır.
Hakimiyyəti ötürməyə məcbur olmuş bu qüvvələr necə ki özləri vəzifələrdən getməmək üçün müqavimət göstərirdilər, seçkidə də son akkordlarını vurmağa çalışırlar.
Onlar YAP platformasında “qocalar evi”ni, əldən düşmüşləri yeni komandaya qarşı arsenala çıxarıblar.
Cəmiyyət də hakim partiyadan namizədliyi irəli sürülmüş, nüfuzunu itirmiş hadı rəcəblilərin, hüseynbala mirələmovların təzədən deputat olacaqlarını güman edir. Ancaq fırtına qabağı bir sükut hökm sürür.
AnaXeber.info yazır ki, 9 fevral axşamı YAP-ın köhnələrinin “fatihəsi” veriləcək.

 Seçki sandıqlarından sürpriz adlar çıxacaq, YAP-ın qocamanları kənarda qalacaqlar.
 Prezidentin yeni komandası “B” planı ilə seçkilərə gedir və Mehdiyevin YAP-dakı “batalyonu”na “Stalinqrad zərbəsi” endirməyə hazırlıq görülür.
İnanmaq çətindir ki, hakimiyyət bu qədər kadr dəyişikliklərinə (Ramiz Mehdiyev, Əli Həsənov və s.) getdikdən sonra Milli Məclisdə köhnə simaları - Naqif Həmzəyev, Əhliman Əmiraslanov, Malik Həsənov, Tahir Rzayev, Ziyafət Əsgərov, Aqiyə Naxçıvanlı və başqalarını saxlasın.
Başından niyyət aydın idi ki, iqtidarın yeni elitası bu parlamentlə ayaqlaşmaq istəmir. Əks halda növbədənkənar seçkiyə gedilməzdi.
Sadəcə, YAP əliyevçilərdən ibarətdir və onlarla gənc komanda arasında rabitə qırıqlığı mövcuddur. Odur ki, partiya sonuncu barıtını da işlətməyə çalışıb. Bu “yorğun at”lar isə məğlubiyyəti çoxdan dərk ediblər.
Baxın, 9 yanvara qədər bütün imzalar təhvil verilməlidir və YAP-ın namizədlərinin ciddi bir fəallığı müşahidə olunmur.
Onların bəziləri seçkidə partiya maraqları naminə formal olaraq iştirak edəcəklər, bəziləri təbliğat kampaniyası dövründə namizədliyini geri götürə bilər.
Axı prezident də bu məsələyə toxunmuşdu və yeni deputatların ictimai nəzarətin təmin olunmasında aktiv iştirakının zəruriliyini vurğulamışdı.
YAP-ın mövcud siyahısında əksəriyyəti isə yeni idarəçilik modelinin kursuna, ruhuna tamamilə uyğun gəlmir... 
AnaXeber.info
Vüqar Abıyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar