Ana səhifə

Azad sözü bloklayanların “Kaspi” üçün “timsah göz yaşları...”

    Tarix: 06-02-2020 07:37   
 




Məşhur bir söz var: bizim əzablarımız bitdi, sizinki hələ indi başlayır... “Kaspi” qəzetinin başına gələnləri görəndə bu yarıkədərli ifadə qeyri-ixtiyarı yada düşdü. Bu, heç də qəzetdə qələmi külüng vuran, gözünü qəpik-quruş qonorara dikən sıravi, fədakar jurnalistlərə şamil deyil.
Onlar da yüzlərlə işsizlik görmüş jurnalistlərdən biri olacaqlar, sonra özlərinə iş yeri tapacaqlar, çöldə qalmazlar.
Necə ki, hakimiyyətin təbliğat platformalarından biri olan APA bloklananda yaradıcı və texniki heyət özünə birtəhər də olsa, iş tapa bilmişdi, ANS bağlananda, əməkdaşları yerbəyer olmuşdular. Sadəcə...
***
Sadəcə, yenə çox deyilmiş bir misal yada düşür: kommunisti tuturlar, deyir, kommunist deyiləm, mənə nə, millətçi həbs olunur, yenə susur, özünü sağçılardan saymır.
İslamçı qandallanır, özünü dindar görmür və qarışmır. Nəhayət, repressiya növbəsi özünə çatanda baxır ki, onu müdafiə edəcək kimsə qalmayıb.
Yəni, dərd insanları birləşdirməli olduğu halda, “qonşuma dəydi, mənə nə” olmamalıdır. İndi prezidentin sabiq köməkçisi Əli Həsənovun himayə etdiyi “Kaspi” qəzetinin vəzifədə ikən ona biət edən KİVDF tərəfindən maliyyədən məhrum edilməsinə görə verilən açıqlamalar “timsahın göz yaşlarına” bənzəyir.
Ə.Həsənov və qəzetin təsisçisi olan xanımı Sona Vəliyevanın prezidentə müraciətlərində işçilərin işsiz, maaşsız qaldıqlarını söyləmələri ikrah hissi doğurur.
Axı neçə-neçə qəzetlərin, saytların fəaliyyətinə xitam verilməsində iştirakınız, rolunuz olub, yüzlərlə jurnalistin aylarla pulsuz qalmasına səbəb olmusunuz.
Mətbuat Şurası və Əli Həsənov bloklanan saytlara, qəzetlərə görə prezidentə müraciət edirdimi? İşsiz qalan jurnalistlərin qayğısını çəkiblərmi?
Anaxeber.az bloklananda niyə susurdular? Həqiqətləri yazdığı üçün? Ona görə yerində vida bəyanatıdır: Bizim əzablarımız bitdi, sizinki indi başlayır...
***
Hələ bu ayrı söhbətdir ki, yığdıqları sərvətlərdən, şirkətlərdən bir hissəsini xərcləyərək “Kaspi”nin kollektivi saxlamaq, əmək haqlarını vermək olar, milyonluq villalardan birini satıb işçilər arasında bölüşdürmək mümkündür.
Vaxtilə qəzetlər KİVDF-dən maliyyə almağı haqq etdiyi halda məhrum olunmasına göz yumanlar indi ilahi ədalətdən ağızdolusu necə danışa bilirlər, heyrətamizdir.
Hələ prezidentə müraciətdəki bəlağətə, ibarəyə, populizmə baxın: “Biz “Kaspi” qəzetinin yaradıcı heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu “Könüllülər ilində” qəzetdə maaşsız və qonorarsız çalışacağıq.
Necə ki zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdir”.
Nə üçün qəzetin əməkdaşları könüllü can yandırmalıdırlar, hansı ideyalar, əqidə və prinsiplər uğrunda???
Xub, deyək ki, onlar doğma saydıqları iş yeri üçün pulsuz çalışdılar, bəs sahibi olduğunuz şirkətlərdən qazanılan gəlirləri “Kaspi”nin fədailərinə vermək olmazmı?
***
Vaxtilə azad mətbuatın sıxma-boğmaya salınmasına, jurnalistlərin əzişdirilməsinə görə tükünü tərpətməyənlər indi haqsızlıqla üzləşdiklərini bəyan edirlər. Fələyin çarxı dönüb, dövran kimləri giriftar edərmiş!
Hətta Vüqar Səfərli belə dünənə qədər biət və təzim etdiyi Əli Həsənovun qəzetinin maliyyəsini kəsirmiş, Əflatun Amaşov da bu məsələyə susarmış.
Azərbaycanda azad mətbuatın buxovlanmasının, KİV-lərə maliyyə ayrılmasında ədalətsizliyə yol verilməsinin hansı məmurların “əl işi” olduğu bütün media ictimaiyyəti yaxşı bilir. İndi “sirkə tünd olub, öz qabını çatladıb”.
Əli Həsənov “Kaspi” qəzetlərinə maliyyə yardımı ayırlmamasının məntiqini anlamadığını da əlavə edib. Lakin unudub ki, hansı məntiq və meyarlarla, ən əsası hansı şərtlərlə qəzetlərə, saytlara maliyyə ayırırdılar.
Və onu da demək lazım idi ki, qəzetlər, saytlar hansı şərtlər əsasında maliyyədən məhrum olurdular.
Ə.Həsənova yaxın oxunaqsız, nüfuzu olmayan qəzetlərin, saytların maliyyələşdirilməsi sırf maraqlara xidmət edirdi. Artıq pulsilən həmin saytlardan bəziləri qapadılıb.
Əslində, növbə V.Səfərliyə yaxınlığı ilə seçilən KİV-lərə də çatmalıdır. Media şəffaflaşmalı, aydınlanmalı, kriteriyalar müəyyənləşməli, ağa ağ, qaraya qara demək vaxtı gəlməlidir. Artıq onun ilk qaranquşu “Kaspi” ilə gəlməkdədir - qaraya qara deyildi...
AnaXeber.info
Turan
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net