Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mehdiyevsayağı keçirilən növbəti seçki: qəzan mübarək, Azərbaycan...!

11-02-2020, 09:37   
 

İndi çoxlarının beynində bir sual dolaşır ki, Milli Məclis niyə buraxılmışdı - bu rüsvayçılığa görə? İqtidar kimlərdən və nə üçün canını qurtarmaq istəyirdi? 9 fevral 2020-ci ildəki kimi hərislik və biabırçı ifşalar hələ görülməmişdi. Hakimiyyət özünə bəlkə də ən böyük pisliyi etmiş oldu.
***
Anaxeber.info xatırladır ki, dekabrda növbədənkənar parlament seçkiləri təyin olunanda islahatçıların qanunverici orqanı da “təmizləməyə” başladığı təsəvvürü yaranmışdı.
Bu, sabiq PA rəhbəri Ramiz Mehdiyevsiz keçirilən ilk seçki kimi qiymətləndirilirdi. İqtidarın vaxtilə ağır topları olan fiqurlar vəzifələrdən atılmış, hakim partiya və siyasi rəhbərlik tərəfindən növbədənkənar seçkilərin fəlsəfəsi məhz ölkədə aparılan islahatlarla əlaqələndirilmişdi.
Köhnə nomenklaturanın gedişi, yeni sistem axtarışları ümidlər oyadırdı ki, ən azı əvvəlki illərdə olan seçkilərdən keçirilməyəcək və Milli Məclisin yarısı dəyişəcək.
Hakimiyyətin növbədənkənar seçki zərurətini izah edərkən pafoslu şəkildə bəyan etdiyi parlamentin “islahatını” və “gəncləşdirilməsini” ayrıca qeyd etmək lazımdır.  
Məlum oldu ki, heç nə dəyişməyib və qanunverici orqanın siyasi tərkibi demək olar olduğu kimi qalıb. Bu fonda hakimiyyətin demokratiyanın qələbəsi, iradənin azad şəkildə bildirilməsi və qanunun aliliyi haqda bəyanatları pis lətifə kimi səslənəcək və demokratik dünya ictimaiyyətinin Azərbaycana qarşı mənfi münasibətini gücləndirəcək.  
ATƏT və AŞ PA-nın Müşahidəçi Missiyaları da elan etdilər ki, seçkilər demokratik olmayıb. Və nəinki şəffaf seçki keçirilməyib, bundan qabaqkı seçkilərdən daha utanvericisi təşkil olunmuşdu; məntəqə sədrlərinin biabırçı qanunsuzluqları ifşa edilib, karusellər qeydə alınıb, cibində bülleten gəzdirən, qeydiyyatı başqa ünvan olan seçicilərin səsverməyə buraxılmasına icazə verən sədrlər sosial şəbəkələrdə video sübutlarla rəzil edilib.
Yeri gəlmişkən, yeni fəallar komandası formalaşır, onlar seçkilərdə daha fəal və mütəşəkkil şəkildə fəaliyyət göstərərək, hakimiyyətin ictimai rəyin saxtalaşdırılması üzrə ənənəvi, fərsiz siyasəti üçün real təhlükə təşkil edəcək.
Çünki vətəndaş jurnalistikası fevralın 9-da bütün saxtakarlıqları ortaya qoydu. Sosial şəbəkələr seçki məntəqələrindən qalmaqallı kadrlarla dolub-daşdı, canlı efirdə çoxsaylı saxtakarlıqlar, müşahidəçilərə qarşı zorakılıq halları qeydə alındı.
Bu fonda MSK sədri Məzahir Pənahovun mızıldaması  9 fevral ideyasına və parlamentin “yeni” tərkibinə mənfi münasibəti yalnız gücləndirirdi.
Nə olursa olsun, yeni təzahürün - vətəndaşların yeni səviyyədə fəallığının formalaşması göz önündədir, bunu “sosial şəbəkələr inqilabı” adlandırmaq olar. Bu təzahür getdikcə güclənəcək.
***
Anaxeber.info yazır ki, 2019-cu ilin yanvarından hakimiyyətin siyasətindəki dəyişikliklər, iri fiqurların yola salınması cəmiyyətdə inamın bərpasına yönəlik idi. Ramiz Mehdiyev komandasının iqtidarın elitasından getməsi ilə böyük bir açılım gözlənilirdi.
Lakin bu seçkilərin nəticələri və parlamentin VI tərkibi göstərdi ki, köhnə qvardiyanın təsirləri kifayət qədər güclüdür, seçkini yenə Mehdiyev keçirdi.
Belə olmasaydı, buraxılan Milli Məclisə təzədən nə üçün Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Ziyafət Əsgərov, Fəzail Ağamalı, Hacı Madər, İqbal Məmmədov, Jalə Əliyeva, Çingiz Qənizadə, Ziyad Səmədzadə deputat elan edilməliydi?
Bu necə islahatdır ki, yenə Aydın Mirzəzadə, Azay Quliyev, Ülvi Quliyev, Adil Əliyev, Məlahət İbrahimqızı, Fəttah Heydərov, Eldar Quliyev, Malik Həsənov, Əhliman Əmiraslanov deputat “seçildilər”?
Növbədənkənar parlament seçkilərinə gedilməsinin siyasi məntiqi anlaqsızdır. Əgər Cavanşir Paşazadə, Novruzəli Aslanov, Sabir Hacıyev, Ağalar Vəliyev, Zahid Oruc, Elşən Musayev, Azər Kərimli təyin olunacaqdılarsa, erkən seçki kimə lazım idi?
***
Bu sualın daxili siyasətlə bağlı cavabı olmasa da, xarici faktorlarla hansısa əlaqəsi istisna deyil. Görünür ki, MSK onsuz da bu ilin noyabrında keçiriləcək parlament seçkilərində adıçəkilən şəxsləri qalib elan edəcəkdi.
Sadəcə, 9 ay qabağa çəkərək erkən seçkiyə getməklə noyabr seçkilərində planlaşdırıla biləcək hansısa xarici təzyiqi “zərərsizləşdirmiş” oldu.
Necə ki, 2018-ci ildə apreldə keçirilmiş növbədənkənar prezident seçkiləri Zahid Oruc tərəfindən oktyabrda gözlənilən təxribatlarla izah edilmişdi.
Lakin bu dəfə hakimiyyət xarici təhlükə amilini önə çıxarmadı, erkən seçkini islahatların davamı kimi şərh etdi. Bununla daxili auditoriyada xal qazanmış oldu.
Çünki YAP-ın bu dəfə 75 yeni namizədi var idi və iqtidar bu statistika ilə cəmiyyətə eşitdirirdi ki, biz islahatlara gedirik. Ancaq Milli Məclisin “yeni” tərkibinin vitrini belə demir və Mehdiyevsayağı keçirilən seçkilər daha çox zorakılıq, aksiya, polis tərəfindən müşahidəçilərin sakitləşdirilməsi, total saxtakarlıq, topa bülletenlər atılması, karusel, səslərin sayımında fırıldağa yol verilməsi ilə yadda qaldı.
Xalq güman edirdi ki, parlamentin yarıdan çoxu dəyişəcək. Amma yenə Bəxtiyar Sadıqov, Aqiyə Naxçıvanlı, İmamverdi İsmayılov, Səməd Seyidov, Nizami Cəfərov kimi deputatlar 5 il daha MM-də oturacaqlar.
Yalnız referenduma gedilməsi, islahatçı komandanın hakimiyyəti tamamilə götürməsindən sonra arzuolunan Milli Məclis formalaşdırıla bilər. Bu baxımdan bəzi təhlilçilərin fikrincə, bu parlamentin ömrü 1-2 il çəkə bilər.
Əks halda belə  nəticə ilə xalqın azad səsverməyə, hakimiyyətə, demokratik seçkilərə olan-qalan zərrə qədər inamı da dəfn olundu.
Sanki kino lentini geriyə verdilər, təzədən dayandığımız yerdən saymağa başlayırıq. Nə deməli, qəzan mübarək, Azərbaycan...!

Anaxeber.info
Turan





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar