Ana səhifə

Hakimiyyət göz yaşlarına inanmır... 4 dairə niyə demontaj oldu?

    Tarix: 14-02-2020 09:26   
 


Əlbəttə, hakimiyyət dünyanın gözü qarşısında baş verən bu rüsvayçılıqlarla bağlı tədbir görməliydi. ATƏT-in hesabatı, AŞ PA-nın rəyi, sosial şəbəkələrdə seçki saxtakarlıqlarına dair utanverici video sübutlar... - iqtidar islahat kursu götürübsə, öz adına biabırçılıqları təmizləməliydi.
Necə ola bilirdi ki, Milli Məclisi islahatlara mane olduğu üçün buraxırsan, sonra təzədən Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə kimi xalq tərəfindən lənətlənən deputatlar yeni parlamentə seçilir? - Nonsens və absurd idi.
Anaxeber.info yazır ki, fevralın 13-də Mərkəzi Seçki Komissiyasının 33, 35, 74 və 80 saylı seçki dairələrində nəticələrin ləğvi qərarı gözlənilən idi.
Prezident İlham Əliyevin MSK-nın qərarından bir gün qabaq verdiyi açıqlamalarından da görünürdü ki, hakimiyyət heç kəsin nazını çəkmək, hoqqabazlıqların, aşkar saxtakarlıqların siyasi məsuliyyətini üzərinə getmək fikrində deyil.
Yəni, ifrat dərəcədə, açıq və total seçki pozuntuları qeydə alınıbsa, həmin dairənin “qalibi”nin göz yaşlarına inanmaq niyyətimiz yoxdur. Əvvəla, hakimiyyət və yeni siyasi elita özünün yaratmaqda olduğu islahatçı imicini zədələmək istəmir, beynəlxalq təşkilatların tənqidlərini eşitmək arzusunda deyil, ikincisi, əvəzolunmaz siyasətçi yoxdur, Çingiz Qənizadəni və yaxud Hadı Rəcəblini daha layiqli iqtidaryönlü deputatlar əvəzləyə bilər.
Bu nöqteyi-nəzərdən hakimiyyət heç bir onu dəstəkləyən namizədin gözünün yaşına baxmadı, hansı dairədə əndazəni aşan seçki saxtakarlıqları qeydə alınıbsa ləğv elədi.
Üstəlik, cəmiyyətdən gələn sifariş, qınaqlar, etirazlar, “Hadı Rəcəblini yenə seçirdinizsə, parlamenti niyə buraxdınız” tənələri hakimiyyət üçün ağrılı sözlər və iqtidarın xalq qarşısında bərpa etməyə çalışdığı inamının təkrar dəfni idi.
Odur ki, MSK-nın 13 fevral qərarı yerində və real idi. Əslində, analoji qərarlar bir çox dairələrlə bağlı verilməliydi. Çünki seçkilər əksər dairələrdə ciddi pozuntularla keçmişdi. Bunu müşahidəçilərin video çəkilişləri təsdiqləyir.
Amma burada məqsəd bütün dairələri ləğv etmək deyil, cəmiyyətdəki etirazları 4 dairənin ləğvi ilə yatırmaq, hakimiyyətin keçirdiyi seçkilərin azad və şəffaf olduğu görüntüsü yaratmaq, kənar tənqidləri azaltmaq, ən əsası daha çox diqqət və qalmaqal olan dairələrdə təkrar seçkiyə getməkdir.
Anaxeber.info yazır ki, ləğv edilən dairələrdə keçiriləcək təkrar seçkilərdə sensasion nəticələr gözlənilmir. Sadəcə, ilk seçkidə qalib elan edilmişlərin təkrar seçkilərdə mandat qazanmayacağı dəqiqdir. Hakimiyyət həmin dairələrdə neytral, ambisiyasız, qalmaqalsız, iqtidarın təbiətinə uyğun namizədlərin deputat olmalarını istəyir.
Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə birdəfəlik səhnədən silindilər, 35 saylı Xətai üçüncü seçki dairəsində isə vəziyyət fərqlidir, hadisələrin gedişi, ruhu başqadır.
Ona görə də iqtidar həmin dairədən İqbal Ağazadə və Rauf Arifoğlunun deyil, başqa bir namizədin parlamentə düşməsini arzulaya bilər. Hər şeydən əvvəl isə hakimiyyət Qərbə nümayiş etdirməyə çalışdı ki, hökumətin seçkiyə müdaxiləsi yoxdur.
Digər mühüm detal isə hakimiyyət daxilindəki islahatçılarla köhnə qvardiyanın seki toqquşmasıdır. Bu amili gözardı etmək mümkün deyil. İslahatçı qanad nəticələrdən çox narazıydı.
Köhnə qvardiyaya yaxın olmuş namizədlərin təkrar deputat seçilməsi ciddi müqavimətlə nəticələnmişdi. Elə bu mübarizənin nəticəsiydi ki, MSK 13 fevralda qərarar verdi. Hazırda 42 ən yeni deputat var.
Həmçinin, daha 2 dairədə nəticələrin ləğvi istisna edilmir. Bu halda iqtidar parlamentə 6 ən yeni deputatın mandat qazanması niyyətindədir. Yəni, Milli Məclisin 48-50 üzvü, təxminən yarıbayarısı yeni deputatlardan təşəkkül tapmalıdır ki, balans pozulmasın, qrupların maraqları da təmin edilsin.
Odur ki, Azərbaycanda seçkilər 9 fevralda bitmədi, qarşıda bizi həyəcanlı, maraqlı proseslərlə yadda qalacaq növbəti seçki mərhələsi gözləyir...

Anaxeber.info
Turan




шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net