Ana səhifə

Xalqı talamaq “dili”ni bilən iqtidardakılar: bu vətənin suyu-çörəyi onlara haramdır...

    Tarix: 21-05-2020 09:11   
 

Heç bir alman dilindən utanmır. Heç bir fransız ana dilinə görə xəcalət çəkmir. Heç bir rus, gürcü, yapon, türk, bolqar və s. doğma dilində danışmamağa “cool” olmaq kimi yanaşmır. Bu, xəstə, şikəst təfəkkürün məhsulu və bir millətin faciəsidir.
Siz Parisə gedin, bir fransız sizə ingiliscə cavab verməyəcək, siz Berlinə səfər edin, heç bir alman öz dilindən savayı dildə danışmaq istəməyəcək. Yalnız zərurət varsa, qarşısındakı çətin vəziyyətdədirsə, onunla beynəlxalq (ingilis) dildə danışa bilər.
Amma biz? - bizim milli bəlalarımızdan, yara-xoralarımızdan biri də elə öz dilimizə, Azərbaycan dilinə olan dırnaqarası münasibətimizdir. Bunu orta statistik rusdillinin də timsalında görə bilərsiniz, məmurların da...
Təkcə onlardırmı, bir nazirlərin, yüksək vəzifəli məmurların övladlarına baxın, onlar nəinki Azərbaycan dilində danışa bilmirlər, bu dildə danışmağa görə utanırlar, “çuşka”lıq kimi yanaşırlar.
Anaxeber.info bu mənada Bakının icra başçısı Eldar Əzizovun çıxışına diqqət çəkməyi lüzum bilir.
Eldar Əzizov tək olsa dərd yarı, hakimiyyətin içində Azərbaycanda dilində danışmağa əziyyət çəkən məmurlar, nazirlər var.
Onlar sanki bu ölkədə doğulmayıb, Azərbaycanın suyu, çörəyi ilə böyüməyiblər. Adamın hərdən belələrinə “vətənin sənə verdiyi su-çörək haramın olsun” deməyi gəlir.
Bu nazirlərin, məmurların Azərbaycanın sərvətlərini talayıb özlərinə və balalarına qurduğu cah-cəlal qurmasından sonra ana dilində danışmaqdan utanması olduqca utancverici haldır.
Ən nankor alman da, ən rüşvətxor italyan da bunu eləmir. Amma iqtidarın içində olanlar dilimizə necə kor baxırlarsa, xalqla da o “dil”də danışırlar.
Sözün hər iki mənasında bu millətin dilini bilməyən vəzifəlilər, E.Əzizov kimi hıqqana-hıqqana, Sumqayıta “Samaqayıt” deyə-deyə danışanlar anlamaq istəmədilər ki, xalqın sevgisini qazanmaq üçün onun dilini bilməlisən, onun dilində düşünməlisən, onunla dilini şirin eləməli, dil tapmalısan.
Heyf ki, bizim böyük milli faciələrimizdən biri də dilimizə yad münasibət oldu. Azərbaycanda 30-40 il yaşayasan, amma səlist danışa bilməyəsən, rusca düşünə, rus aksenti ilə çıxış edəsən...
Ən inkişaf etmiş Qərb ölkələrində buna ikrahla yanaşırlar. Heç bir fin, norveçli, ispan bunu eləməz. Bizim hakimiyyətin məmurları isə ən azı prezidentin səlis nitqindən dərs götürmürlər.
Onlar əvvəldən xalqla hansı “dil”də danışıblarsa, elə o cür də idarə ediblər - xalqı talamaq, milləti soymaq, cibinə girmək “dili”ndə...
Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər? Dilinə hörmət qoymayan məmur, vətəndaşa necə hörmət qoya bilər...
Körpələrinə xaricdən dayələr tuturlar ki, dilimizdən bir kəlmə də bilməsinlər. Onlar övladlarına öz dilimizdən başqa, bütün dilləri öyrədirlər. Çünki Azərbaycan dili də, xalqın dili də onlara yaddır.
Ona görə övladlarını da öz bildikləri “dil”də tərbiyə edirlər - ana dilinə xor baxmaq, korrupsiyaya bulaşmaq, yağmalaq “dil”ini...
Və bu bəla məişətdə, xidmət sektorlarında da özünü göstərir. Banklarda, firmalarda, bahalı otellərdə, restoranlarda sizə rus dilində cavab verməyə çalışırlar, rus dilində danışana elitar kimi baxıb hörmət qoyurlar, Azərbaycan dilinə isə barmaqarası münasibət göstərirlər.
Qloballaşan dünyada, xüsusilə texniki elmlər sahəsində, eləcə də humanitar elmlərdə də beynəlxalq dillər tələb olunur. İstər-istəməz biz öz həqiqətlərimizi dünyaya müxtəlif dillərdə çatdırırıq.
Amma bununla yanaşı, bizim mədəniyyətimizin, milli-mənəvi mövcudluğumuzun birinci şərti ana dilidir. Ana dilini nə qədər yaxşı bilər, nə qədər ondan istifadə edəriksə, o qədər də özümüzü dünyada təsdiq edə bilərik.
Artur Rəsizadə, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Cahangir Əsgərov və bir çoxları dövlət dilini hansı səviyyədə bilirlər? - məlumdur. Eldar Əzizovlar çoxdurlar, xalqın dilini bilməyərək bu xalqı idarə edirlər.
Əli bəy Hüseynzadənin sözləri ilə yekunlaşdırsaq:
Ucundadır dilimin,
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.

Bilirmisən cühəla
Nə etdilər vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.


Anaxeber.info
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net