Ana səhifə

Hakimiyyət siyasi pandemiya girdabında: pis ssenaridən necə yayınaq...?

    Tarix: 09-06-2020 09:51   
 


Pandemiya siyasi hakimiyyətlər üçün yeni müharibə və böhrandır. Bu şəraitdən ən az itki ilə çıxmaq üçün soyuq ağıl, dəmir iradə və məntiqli qərarlar olmalıdır. Əks halda epidemiya siyasi təsirlərini göstərməyə başlayır.
Əgər bu vəziyyətdə əhalini narazı salan və səhv qərarlar verilirsə, infeksiyaya yoluxma, xəstəliklə mübarizə bir yana, dövlətin sosial-iqtisadi şəraitlə bağlı effektiv addımlar atmasına zərurət yaranır.
Anaxeber.info-nun Analitik Şöbəsi yazır ki, hakimiyyətin maydan başlayan yanlış addımları getdikcə özünə qarşı çevrilir və əhalinin vəziyyətini ağırlaşdırır.
Ölkədə qorxu və xof təbliğatının bumeranq effekti, təcili tibbi yardımların çağırışlara qeyri-operativ reaksiyası, ölənlərin artması, xəstəxanalarda yer qalmadığı xəbərləri əhalini pessimizmə kökləyir.
Paralel olaraq, karantinin yumşaldılmasında verilən tələskənlik, Bakıya giriş-çıxış qadağası rəsmi qüvvədə qaldığı halda, insanların bölgələrə və geriyə axını, kafe-restoranların, ticarət mərkəzlərinin açılması, ictimai nəqliyyatda sıxlığın aradan qaldırılmaması, sosial təcridin zəif təşkili, üstəlik, adi vaxtda 10 qəpiyə olan tibbi maskanın 30 qəpiyə qaldırılması pandemiya ilə aprelin sonuna qədər aparılan müsbət mübarizənin üstündən xətt çəkməkdədir.
Göründüyü kimi, karantinin yumşalması yoluxmanı sürətlə artırır, sərhədlərdə qalanlardan tutmuş işsizlərə, 190 manat ala bilməyənlərə və maskanın bahalığından giley-güzar edənlərə qədər hamının narazılığı, etirazı hakimiyyətin əleyhinə çevrilib.
Bu azmış kimi, Yasamal hadisəsindən sonra reputasiyanı bərpa etməyin qeyri-mümkünlüyü, cəmiyyətdəki gərginliyin birə beş artırılması göz qabağındadır. İnsanları narazı salan sosial şəraitin pisləşməsi ilə yanaşı tibbi maska taxmamağa görə tətbiq edilən cərimələrdir.
Xalq haqlı olaraq 10 qəpiklik maskanın niyə bahalaşdığını sual edir. Bundan əlavə, maska bir dəfə istifadə edilməli və atılmalıdır, əks təqdirdə infeksiyaya yoluxma riski artır.
Deməli, hər vətəndaş gündə azı 2-3 maska almalıdır. Bu da işə gedən ort statistik azərbaycanlının, sosial təminatı aşağı olan vətəndaşın ictimai nəqliyyat və digər xərclərindən əlavə 1 manata yaxın pul edir.
Halbuki, digər dövlətlərin nümunəsində tibbi maska və spirt aztəminatlı təbəqəyə ya pulsuz paylanır, ya da ucuz qiymətə təklif edilir.
Azərbaycanda isə hakimiyyətin pandemiya ilə mübarizə tədbirləri siyasi və iqtisadi vəziyyətin öz əleyhinə çevrilməsinə xidmət etməkdədir.
Bu da səhv qərarların nəticələridir. Ona görə ki, hökumət atdığı addımlara yenidən baxmalı və ötən təcrübədəki xətalardan nəticə çıxarmalıdır.
Birincisi, ümumi nəqliyyatda ifrat sıxlıqdır: buna çarə qılınmır. Sərbəst həyatın sonuncu günü marketlərdə həftəiçi olmayan basabas, növbə, ajiotaj yaşanır. “Evdə qal” xalqın ritmini pozub; qıcıq və qəzəb yaradır. İtlərə gəzmək hüquq tanındığı halda, insanların ehtiyacı nəzərə alınmır.
İkincisi, insanlar rüşvət və səhlənkarlıq virusuna çoxdan yoluxmuş Azərbaycan səhiyyəsinə inanmır. Bu sarsılmış inam bərpa olunmalıdır.
Hər addımbaşı pul istənilən, diaqnozun qoyulmasından müalicəyə qədər təbibə uyğun olmayan laqeyd münasibət sərgilənən səhiyyədə insanlar koronavirusa, rəqəmlərə, verilən rəylərə şübhə ilə yanaşır.
Niyə bu boyda ölkədə “süni ağciyər” aparatı cəmi 6 ədəddir? Niyə 100 ədəd deyil? Nə olsun ki, bahadır, yığılan pullar hansı günə saxlanılır?
Niyə maskalar paylanmır? Niyə spirtin qiyməti dəfələrlə artdı? Niyə əlcəklər qeyri-adekvat qiymətədir?
Paylanması bir kənara, koronaviris epidemiyasından öncə idxal edilən maskalar 5 qəpiyə satılırdı.
Maya dəyəri, nəql edilmə, gömrük, satış xərclərindən sonra 5 qəpiyə. İndi isə ölkədə istehsal edilən və keyfiyyəti daha aşağı olan maskalar 30 qəpiyə satılır. Altı dəfə daha baha. Niyə?
Niyə fəaliyyəti dayandırılan sahələrin işçiləri, bütün dünyada olduğu kimi, işsiz kimi qeydiyyata götürülüb, müavinət almırlar?
Niyə 190 manatlıq kömək bu qədər problemlə üzləşdi və artıq dayandı? Nə düzəldi ki?!
Ona görə Leninin “Nə etməli” sualının vaxtı deyil - gücü gündəlik həyatda maksimal qorunmağa yönəltmək lazımdır.
Eyni zamanda, həftəsonu insanların sıx toplaşma vəziyyətlərini minimallaşdırmaq lazımdır.
Amma piyada hərəkət, məhəllə dükanları, kiçik apteklər, təmir ləvazimatı sərbəst olmalıdır. Alternativ yoxdur, varsa – yoluxmanın azalmasına təsir etmir.
Qoruyucu vasitələr əlçatar olmalıdır, tez-tez pulsuz paylama aksiyaları keçirilməlidir. İctimai nəqliyyatın sayı azı 2-3 dəfə artırılmalıdır. İşbazların deyil, camaatın marağı əsas götürülməlidir.
Sosial həssas təbəqələrə müavinətlər verilməlidir, biznesin ayaqda qalması üçün əhəmiyyətli vəsaitlər ayrılmalıdır. Kommunal xərclər sıfırlanmalı, vergi və ödənişlər azı yarımillik təxirə salınmalıdır.
Vaxt azdır, təcili və təxirəsalınmaz addımlara gedilməlidir. Gecikmək olmaz və bundan betər mənzərə ilə qarşılaşa bilərik və az qala hər evdən bir xəstə çıxa bilər.
Əgər “Taun” romanındakı acı reallıqla qarşılaşmaq istəmiriksə, yuxarıdakı təhlil və təsbitlərimizə nəzər salınmalıdır. 
Gerçəklik bu təhlillərdən ibarətdir, nəinki ictimai rəyi çaşdırmağa yönəlik blef dolu açıqlamalardan. Əks halda, prezidentin son çıxışındakı anons həqiqətə çevriləcək: “Biz pis ssenariyə hazır olmalıyıq...”
Aynur Rəfiyeva, Anaxeber.info





шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net