Ana səhifə

Xalqa cərimə, məmurlara kökə: oliqarxlar vəziyyəti necə gərginləşdirir...

    Tarix: 29-06-2020 09:59   
 


“İspan qripi” 50 milyon adamın həyatına son qoymuşdu. Bu epidemiya dünyada mövcud sosial-iqtisadi formasiyasını məhvərindən tərpətmişdi.
Əgər pandemiyadırsa, barışmaq lazımdır - heç bir ölkə fitnə-fəsadları tezliklə aradan qalxa bilməz.
Hətta infeksiyanın yoluxma sayı tək-tük olsa belə, vurduğu iqtisadi zərbələrin təsirləri uzun müddət qaçılmazdır.
O baxımdan hər hakimiyyət postpandemiya dövrünə hazırlaşmalıdır, real proqramlar tərtib etməlidir.
Anaxeber.info-nun təhlilçilərinin müahidələrinə görə, Azərbaycan hökuməti bu proqnozların doğrulacağını bildiyi halda bəsit və banal siyasət yürütməyə davam edir.
Hakimiyyət pandemiya dövründə gərginliyin azalması üçün hər hansı konkret layihələr ortaya qoymur, baş verənlərin bütün günahı xalqın boynuna biçilir, rəsmilər və deputatlar yoluxmaların artmasında əhalini təqsirkar görür - maska taxmırlar, sosial məsafə gözləmirlər...
Halbuki, Madrid metrosundan kadrlar yayılmışdı, hər bir sərnişinə pulsuz maska paylanırdı.
Azərbaycan hökuməti isə nəinki postpandemiya dönəmində hansı sosial-iqtisadi çətinliklərin gözlədiyini indidən düşünür, əksinə, epidemiyanın pik dövründə insanların əsəblərini tarıma çəkir.
Bu elementlər nədən ibarətdir? - xalqa maska paylamayan və cərimələri iki dəfə artıran hakimiyyətin məmurlarının peyk üzərindən oğurladıqları milyonlar hesabına qurduqları sərvətləri, hektarlarla ərazilərdə tikdikləri dəbdəbəli sarayları üzə çıxır.
Bu, pandemiya vaxtı işsiz-gücsüz qalan, getdikcə sosial şəraiti ağırlaşan zümrələrdə aqressiya doğurur.
İkincisi, hökumət avqustun 1-dək xüsusi karantin rejimi tətbiq edib;  əvəzində əhalinin kommunal xərclərinə (su, qaz, işıq)  güzəşt yoxdur, əmək haqları artırılmır, kredit borcları ilə bağlı banklar qarşısında vətəndaşların xeyrinə bir tələb qoyulmayıb, günəmuzd işləyənlər aylardır sürünürlər, marketlərdə nisyə dəftərləri dolub, 190 manatın yenə neçə min insana şamil olunacağı hələ bilinmir, lakin nazirin oğluna Nyu-Yorkda aldığı 4 milyonluq mənzil bərq vurur, hansısa generalın qohumunun dənizkənarında malikanələri göz deşir və bütün bunlar cəmiyyətdə pandemiya vaxtı psixoloji gərginliyi artırır.
Eyni zamanda karantin rejiminin siyasi mərhələyə daxil olması da hakimiyyətin səhvlərindən qaynaqlanır: Dağıstan olayında cəmiyyətin qəzəblənməsi, 2 hektarlıq ərazidə iqamətgahı olan generalın Azərbaycan dilində danışa bilməməsi və s. tənqidlər...
Nazirlər Kabineti yanında Operativ Qərargahın yanlış qərarları da hökumətin topladığı dividentləri itirməsi ilə nəticələnir.
Məhz əhalinin məsuliyyətsizliyi yox, karantinin yumşaldılması və 190 manatın daha bir ay verilməməsi səbəbindən yoluxmalar artmağa başladı.
Beləliklə, hökumət prosesi öz lehinə istiqamətləndirə bilmir və pandemiya ilə mübarizədə atılan addımlar xalqla hakimiyyət arasındakı münasibətləri zəncirvari şəkildə qırır.
Bunun yeganə səbəbi xalqa kökə - lazımı səviyyədə sosial yardımlar verilməməsi və əvəzində nazirlərin, məmurların üzə çıxan var-dövlətləridir.
Anaxeber.info-nun qənaətinə görə, iqtidar arqumentləri opponentlərinin əlindən almaq üçün geniş spektrli sosial siyasət həyata keçirməlidir.
Birincisi, hansısa iri fiqurun özbaşınalıqları ifşa edilməklə gündəm dəyişməlidir. İkincisi, əhalinin böyük əksəriyyəti sosial yardımlardan yararlana bilməlidir.
Üçüncüsü, cəmiyyət gərgindir və karantinin uzadılması, qadağalar insanların əsəblərini tarıma çəkib, dünya sərhədləri açır, karantini yumşaldır, Azərbaycanın da qaykaları boşaltması zəruridir.
Eyni zamanda ölkənin nüfuzlu adamları, protest elektoratın qəbul etdiyi siyasətçiləri bir araya gətirilməli, pandemiya ilə bağlı müzakirələr aparılmalı, iqtidar-müxalifət diskussiyası təşkil olunmalı, xalqa vəziyyət açıq şəkildə izah edilməli, çağırışlar olmalıdır. Bu, baş vermədikcə cəmiyyətdə inamsızlıq hökm sürəcək.
Ən nəhayət, məmurların əlindəki kapital dövləti sabotaj və şantaj etməkdədir. Hakimiyyət oliqarxiya ilə növbəti haqq-hesab çəkməlidir.
Çünki varlanmış, hüdudsuz sərvətə sahiblənmiş məmurların səltənəti üzə çıxdıqca cəmiyyətin qəzəbi onlara yox, bu şəraitin yaradılmasına görə iqtidara yönəlir...

Anaxeber.info
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net