Hakimiyyət-Ağ Ev münasibətləri yeni testlə üz-üzə; Bugünkü müzakirələrə ABŞ dövlət katibi köməkçisinin müavini, iqtidarın sərt tənqidçisi Melianın da qatılacağı gözlənilir; dinləmələr ərəfəsində Bakıdan aydın mesaj gəldi: “Heç kim bizimlə ultimatumla danışa bilməz...”
Bakı-Vaşinqton münasibətlərindəki gərginlik qalır. Rəsmi səviyyədə bu, özünü aşkar büruzə verməsə də, gerçəklik belədir ki, son səslənən ittihamlar və qarşılıqlı bəyanatlar, bu bəyanatlardakı sətiraltı məqamlar, bütövlükdə mövcud şərtlər əks-qənaət üçün əsaslar saxlamır.
ABŞ dövlət katibi Con Kerrinin prezident İlham Əliyevə ötən il dekabrın 21-də etdiyi telefon zəngi də göstərdi ki, Birləşmiş Ştatlar indiki vəziyyətdən, ələlxüsus, Bakının rusiyayönlü ritorikasından narahatdır.
Doğrudur, bu cür ritorika ölkə başçısının deyil, daha çox bəzi məmurların dilindən səslənir, ancaq iş ondadır ki, münasibətlərin durumuna dəlalət edən başqa bir nüans da var: bu da odur ki, Amerikada ilk dəfə olaraq, qeyri-rəsmi səviyyədə də olsa, hakimiyyətə qarşı sanksiyalar tətbiqinə çağırışlar səslənməyə başlayıb.
Məhz bu fonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu ölkəmizdəki durumu müzakirəyə çıxarmaq üçün yanvarın 12-nə - yəni bu günə “Azərbaycanda müstəqil səslərin boğulması” adı altında xüsusi tədbir planlaşdırıb. Təşkilatın saytında tədbirlə bağlı yerləşdirilən məlumatda bildirilir: “Bu gün Azərbaycanda müxalif düşüncəli insanlara qarşı görünməmiş miqyasda repressiyalar həyata keçirilir, jurnalistlərin, hüquq müdafiəçilərinin, fəalların həbsi qorxu atmosferi yaradır. Yaranmış vəziyyət bizi belə bir tədbir düzənləyib durumu müzakirə eləməyə və ondan çıxış yolu tapmağa vadar edir...”
Doğrudur, ABŞ-da QHT-lər səviyyəsində belə tədbirlər vaxtaşırı keçirilir. Ancaq məsələni maraqlı edən 2 mühüm cəhət var. Biri odur ki, budəfəki məruzəçilər sırasında dövlət katibinin müavininin köməkçisi, Azərbaycan iqtidarına qarşı sərt mövqeyi ilə seçilən və dəfələrlə Bakıya buraxılmayan Tomas Melia da var. Bu amil, üstəgəl, dinləmələrin Kerrinin Bakı zəngindən az sonraya təsadüf eləməsi həm müzakirələrə, həm də ikitərəfli münasibətlərə xüsusi çalarlar vermək gücündədir.
Əgər Melia həqiqətən də tədbirə qatılıb, Azərbaycan iqtidarının ünvanına ittihamlar səsləndirsə, demək, eyni zamanda, Ağ Evin mövqeyini, lap dəqiqi, onun Bakıdan narazılığını ortaya qoymuş olacaq. Bu, həmçinin, o anlama gələcək ki, Bakı-Vaşinqton münasibətlərində gərginlik qalır.
Görünür, Azərbaycan iqtidarı da vəziyyətin ciddiliyinin fərqindədir. Hər halda, 12 yanvar müzakirələri ərəfəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Amerikadakı “Bloomberg” agentliyinə verdiyi geniş müsahibədəki nisbətən yumşaq ton buna kövrək dəlil sayıla bilər.
Hakimiyyət rəsmisinin müsahibəsinin ümumi məğzi bundan ibarətdir ki, ABŞ-Azərbaycan münasibətləri heç də media orqanlarında təqdim olunduğu kimi gərgin, dramatik deyil. İqtidar yetkilisi deyib ki, bu münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Sitat: “Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir”.
Bəzi ekspertlər Bakının ənənəvi sərt ritorikadan qismən geri çəkilməsini tərəflər arasında son vaxtlar müşahidə olunan soyuq münasibətlərin normallaşmağa üz tutmasının təzahürü kimi dəyərləndirir. “Bu, ən azından Azərbaycan hakimiyyətinin münasibətlərin istiləşməsini istədiyinin nümayişidir. Hər halda görünən odur ki, hər iki tərəfdən münasibətlərin düzəldilməsi istiqamətində siyasi iradə nümayiş etdirilir” - deyib təhlilçilərdən biri.
Lakin belə bir iradənin nə dərəcədə güclü olduğu, sözsüz ki, Vaşinqtonda bu gün keçirilməsi nəzərdə tutulan dinləmələr və bu dinləmələrdəki atmosferdən bilinəcək. Tədbir, yəqin ki, baş tutacaq, ancaq müzakirələrə Dövlət Departamenti rəsmisi qatılıb Azərbaycan hakimiyyəti haqda sərt fikirlər söyləyəcəkmi?
Əsas sual budur. Bu sualın cavabına, yəqin ki, həm də Azərbaycan prezidenti İlham Əliyevin ilin yekunlarına dair müşavirədə (dinləmələrə cəmi 2-3 gün qalmış) söylədiyi aşağıdakı fikir də təsirsiz ötüşməyəcək. Sitat: “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarı, haqqı yoxdur, ola bilməz... Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir”.//musavat.com/